“Azərbaycan jurnalistikasının içində öz bildikləri sahələri monopoliyaya götürürlər”

0
5

“Azərbaycan jurnalistikasının içində öz bildikləri sahələri monopoliyaya götürürlər”

Əjdər Tağızadə:“Bir jurnalistin məhkəmədə işi var, gedib hakim qarşısında haqqını tələb etmək əvəzində, mütləq filankəslərin yanına getməlidi ki, oralardan hakimlərə, prokurorlara zəng olunsun”

Təxminən bir ay bundan əvvəl dostlardan biri telefonda bildirdi ki, Əjdər Tağızadə sənin telefonunu istəyir. “Ver” dedim. Açığı, Əjdər Tağızadəni, qiyabən də olsa, xeyli müddətdi tanıyırdım. Əsasən də DAK-la bağlı fəaliyyətlərindən xəbərdar idim və çox vədə də onu Sabir Rüstəmxanlının yanında görmüşdüm. Bir sözlə, onunla heç vaxt şəxsi tanışlığımız və bir dəfə də olsun üzbəüz söhbətimiz olmamışdı. DAK-ın İstanbulda keçirilən son qurultayından sonra, Əjdər bəylə Sabir Rüstəmxanlı arasında yaşanan gərginlikdən də xəbərim var idi deyə, onun görüşmək istəyinin bu səbəbə bağlı olduğunu düşünmüşdüm. Bu arada bir neçə dəfə telefon danışığımız oldu və nəhayət Əjdər bəylə görüşdük. Fürsət düşmüşkən, onunla həm çağdaş Azərbaycanın problemlərindən, həm də Azərbaycanın Güney dərdlərindən bəhs edən müsahibə də aldım. Söhbətimizin hansı məcrada və nələrin ətrafında getdiyini indi sizə təqdim etdiyim müsahibədən oxuyub biləcəksiniz. Yəni, anlayacağınız, bu dəfəki müsahibim, artıq illərdi ki, Avropa Birliyi vətəndaşı statusu daşıyan, hazırda Bakıda məskunlaşmış güneyli soydaşımız Əjdər Tağızadədir.

– Əjdər bəy nə var, nə yox?
– Hər şey qaydasındadı, çox sağ olun.
– Bir ayın ötəsində görüşmək amacı ilə bir telefon trafikimiz oldu, görünür qismət bu günə imiş.
– Doğrudur, görünür qismət bu günə imiş.
– Belə israrlı formada görüşmək istəyinizin səbəbi nədir? Sizi bu media qapılarına salan, aparan-gətirən nədir?
– Sözün düzü, mediadan və mətbuatdan oxuyanda belə görünür və elə belə də deyilir ki, Azərbaycanda mətbuata basqı təkcə iqtidar tərəfindəndi, media azadlığı yoxdu-filan. Amma mən öz təcrübəmdən gördüm ki, bu belə deyil. Bir para adamlar var ki, onların mediaya ciddi basqıları var. Özləri beytül-malla, yəni millətin, dövlətin malı ilə, bunu hansı yolla əldə etdikləri başqa bir məsələdi, dörd-beş dənə sayt açırlar. Bu yolla da çalışırlar ki, mediada və Azərbaycan jurnalistikasının içində öz bildikləri sahələri monopoliyaya götürürlər. Bu yolla da istədikləri kəsləri qaralayırlar, əzirlər, susdururlar və s. Bunlar hətta institutu yenicə bitirmiş gənc jurnalistləri də etkiləməyə çalışırlar. Açığı, adamlar bu işdə o qədər ustalaşıblar ki, hər cürə istəklərini media sahəsində həyata keçirə bilirlər. Mən bu işlərin peşinə düşəndən sonra gördüm ki, bunlar hətta şəxsi həyatlarında, ailələrində problem olan bəzi media mənsublarına dar ayaqda yardım edirlər. Sonradan isə, özlərinə gərəkən zamanda, aradan illər ötsə belə, həmin şəxslərə mesaj göndərirlər ki, yadınızdadımı, filan vaxtı mən sizin filan işinizdə yardım etmişdim. Indi isə, eşitmişəm ki, sayt da işlədirsiniz, ya da hansısa qəzetdə və filan mətləblərdən indi də siz yazın. Yəni, mənim indi dediklərim bu sahədə yaşananların ən yüngül və ən yumşaq formalarıdı. Bunun başqa daha kobud və dəhşətli formaları da var. Məsələn, mən son aylarda jurnalistlərlə təmasda olarkən gördüm ki, tutaq ki, bir jurnalistin məhkəmədə işi var və o gedib hakim qarşısında haqqını tələb etmək əvəzində, mütləq filankəslərin yanına getməlidi ki, oralardan hakimlərə, prokurorlara zəng olunsun. Beləliklə də, baxın görün iş hardan hara gedir və bir jurnalist öz yazarlıq missiyasını yerinə yetirməli olduğu halda, onun düşdüyü vəziyyətdən sui-istifadə olunur. Bir sözlə, jurnalistlər beləcə istismar olunurlar. Məsələ burasındadı ki, Azərbaycanda hələ də sovet qafalı, feodal əməlli adamlar var. Amma gəlin baxaq görək, biz indiki zaman çərçivəsində bu məmləkətdə hansı normalarla yaşayırıq və çağdaş zaman bizdən hansı normalarla yaşamağı tələb edir. Indi soruşursunuz ki, nədi məni bu qəzetlərin, media orqanların qapısına gətirən və mən niyə məhz sizin yanınıza gəlmişəm? Məsələn, mən gedib bir jurnalistə deyəndə ki, balam, əgər filankəsin mənim barəmdə dediklərini, hətta söyüşlərini qəzetinə, saytına qoyursansa, onda mənim də fikirlərimi elə o qəzetdə və saytda yerləşdir. Adam isə deyir ki, Əjdər, bilirsən də, mən səni çox istəyirəm, amma sən deyəni eləyə bilmirəm, sıxıntıdayam. Daha mətbuata basqı nə cür olmalıdı? Yəni, bu məmləkətdə mətbuata basqı təkcə iqtidar tərəfindən olmur, hətta açıq və gizli formada iqtidarla əlaqəsi olmayanların media üzərində basqı qurmalarının daha çox şahidi olmuşam. Hətta indi söylədiklərimdən daha pis formalar da mövcuddu və bəzən jurnalistləri hədələyənlər, filan-filan yerlərlə qorxudanlar da olur. Əslində, bu məmləkətdə bir çox münasibətlər, toy, yas və digər məclislər əsasında qurulur. Bir də görürsən ki, bəzilərini toya, yasa, eləcə də digər məclislərə çağırmırlar, adam yerinə qoymurlar, boykot eləyirlər. Bütün bunlar kommunist dönəmlərindən qalma, indi isə sekta formasında fəaliyyət göstərən partiyaların, təşkilarların və mafioz qrupların oyunlarıdır. Bir sözlə, müəyyən mərkəzlərdən “filankəsi sıxışdırın” əmri gəlirsə, vay o adamın halına. Bu kimi hallar indi Azərbaycanın az qala bütün sahələrində mövcuddu və bütün bunların ən dəhşətlilərindən biri də mediada və mətbuatda özünü göstərir.
– Əjdər bəy, bəs bütün bunların səbəbi nədir və burda ən böyük günahkar kimdir?
– Mən burda konkret kimisə, yaxud da bir kəsi günahlandıra bilmərəm. Bunun illəti də odur ki, gəlin baxaq görək Azərbaycanda və azərbaycanlıların milli şüurunda nə baş verir? Bir tərəfdən bizdə onillərdən gələn “Milliləşmə”, “Çağdaşlaşma” və “İslamlaşma” şüarı var. Amma bu gün, “çağdaşlıq” deyəndə biz nəyi başa düşürük və nə demək istəyirik? Yəni, çağdaşlıq təkcə son model avtomobillər minmək deyil, amma bu da lazımdır. Yaxud da avropasayağı geyməklə çağdaş olmaq olmur. Bu biri yanda “Avrovizion”a ev sahibliyi edirik, Avropa Oyunlarını keçiririk, lap yaxşı, amma baxaq görək, bunların ardınca Avropadan nə gətiririk. Bu gün hamı Batı dünyasından, Qərb həyat tərzindən danışır. O ölkələrdə ki, fərdlərin, şəxslərin, bütövlükdə cəmiyyətin haqları, hüquqları hərtərəfli təmin olunur və dövlət tərəfindən zəmanətli şəkildə qorunur, nədənsə biz Qərbdən belə şeyləri gətirib burda tətbiq etməkdə heç maraqlı deyilik. Indi biriləri durub deyər ki, yüz faiz təminat heç yerdə yoxdu, amma mən deyirəm ki, Avropada insan hüquqları və təməl haqlar, azı 80 faiz civarında qorunur. Bura istər işini, istər sağlamlığını, istər hüquq mühafizə sistemlərinin münasibətini və ədalətini götür, ən üstün səviyyədə zəmanətli təminatın olacaq ki, hər yerdə qanunla payına düşən nədisə, onu da heç bir təmənnasız və maneəsiz ala bilirsən. Əgər bir məmləkətdə, tutaq ki, gecə saatlarında “protiv” maşın sürən generalı, naziri və ya hər hansı yüksək çinli məmuru, sadə bir polis nəfəri saxlayıb, əlinə də alkoqol yoxlama cihazı verirsə ki, üflə görüm içibsən ya yox, orda ədalət var, haqq var, qanun-qayda var demək. Əlbəttə, orda da bəzən deyənlər olur ki, tanımadın, mən sənin nazirinəm. Təsəvvür edin ki, ordakı polis çox rahatlıqla “bu məni qəti bağlamaz, zəhmət olmasa “trubka”nı üfləyin”. Yəni, bizim evdəki vəziyyət təməlindən xarabdı. Bu yaxınlarda bir generalın oğlunu tanımayan polisin başına nə oyun açdıqlarını yəqin ki, xatırlayırsınız. Əgər biz gerçəklikləri qəbul etməyəcəyiksə və millət də özünə qayıtmayacaq, özünü tənqid etməyəcəksə, vəziyyət getdikcə bundan da pis olacaq. Bir vaxtlar biz sovet şüarları ilə yaşayırdıq. Sovetlər böyük, dünyada ikinci söz sahibi olan imperiyaydı və imperiya olduğuna görə də biz burdan doğan bəzi sıxıntıları yaşamaq zorundaydıq. Artıq sovetlər yoxdu və bizim də sovet şüarları ilə yaşamaqdan qurtulamamız lazımdır. Biz əslində, kiçik bir ölkə və parçalanmış bir millətik. Millətimizlə bərabər ölkəmiz də parçalanıb. Bir də baxırsan ki, o yandan biri çıxıb deyir ki, kişilik dediyin geydiyin kostyumla ölçülmür, mən isə deyirəm ki, kişilik o vaxt olar ki, sən torpaqlarını qurtarıb, sərhədlərini bərpa edəsən və yalnız ondan sonra bu məmləkətdə “mən kişiyəm” deyib yaşamaq mümkündür. Nədi ee bu, harda gəldi o kişidən, bu kişidən danışıb gözümüzə soxurlar. Hansı kişidən danışırlar? Əgər kimsə bunu qadınlara müəyyən hüquqların tanınması ilə ölçürsə, bu da yanlış bir şeydi. Hətta Avropanın özündə belə, qadının öz yeri, kişinin öz yeri var. Əgər kimsə evində ya özü qadınının köləsi olursa, ya da öz qadınına kəniz kimi baxırsa, belələrinin “mən öndə gedirəm”, nə bilim “mən belə kişiyəm” və s. demək haqqı yoxdu. Əgər biz bu gün Məhəmməd Əmin Rəsulzadəyə, yaxud da Şeyx Məhəmməd Xiyabaniyə istinadən deyiriksə ki, istiqlalı olmayan bir millətin şərəfi də olmaz. Onda demək ki, bu günün şərtləri daxilində milləti didərgin düşmüş, torpaqları başqaları tərəfindən mənimsənilmiş bir ölkənin insanlarının bu məsələlər barəsində ciddi düşünmələri lazımdır. Mən indi burda Azərbaycan türklərinin milli mənəvi dəyərlərini sual altına almaq istəmirəm. Amma danışdıqlarım bu günkü durumla bağlıdı. Yaxşı, əgər sən bu gün tutaq ki, adını müxalifət qoyubsan, lap gözəl. Amma, məsələn, oğlun bir çətinliyə düşəndə, həmin iqtidarın poilis rəisinə, prokuroruna zəng eləyəcəksən və gerçəkdən günahkar olan oğluna kömək diləyəcəksən. Yəni, burada söz də, pul da, verilmiş vəd də rüşvət sayılmalıdır. Bundan sonra da sabah yenidən durub, gur səslə danışırsan ki, rüşvət pis şeydi, rüşvət alıb-verən də pis adamdı. Bir kimsə də durub demir ki, axı sən elə bu gecə rüşvət verdin.
– Bütün bu qarmaqarışıqların içində az-çox mücadilə də var, ən ağır şərtlər altında belə, millətin davasını aparan adamlar da. Mənim anlayışımda sizin sadaladığınız və sadalamadığınız bütün problemlərin tam əksəriyyəti Azərbaycanda hakim olan siyasi iradədən qaynaqlanır və mövcud yönətimdən gəlir. Faktiki olaraq, demək olar ki, siyasi iradə yoxdur. O baxımdan, illərdi Avropa vətəndaşı statusu daşıyan və bir növ kənardan prosesləri görən bir adam kimi bu siyasi iradədən, daha doğrusu iradəsizlikdən qurtulmanın yollarını nədə görürsünüz?

Söhbətləşdi: Fəxrəddin Qardaşlı
Davamı var

LEAVE A REPLY