Kim seçəcək?

0
5

Kim seçəcək?

Əhalinin neçə faizi yaşadığı ünvanda qeydiyyatdadır?

Son bələdiyyə seçkiləri təsdiq etdi ki, ölkə əhalisi seçkilərdə aktiv iştirak etmir. Əlbəttə, bunu insanların seçkiləri boykot etməsi kimi təqdim etmək düzgün olmazdı. Səbəb böyük əksəriyyətin yaşadığı ünvanda qeydiyyata düşə bilməməsidir. Araşdırmamız bir daha söylədiyimizi təsdiq etdi. Xüsusilə, paytaxtımız Bakı şəhərində yaşayan əhalinin tam yarısı qeydiyyata alınmayıb. Yaxın bir neçə il ərzində Bakıda inşa edilmiş “göydələn”lərdə məskunlaşmış ailələrin böyük qismi qeydiyyat problemi yaşayır. Bəzilərinin qeydiyyatı Bakı şəhərinin digər rayonlarında olsa da belə, faktiki olaraq həmin ünvanda yaşamadıqlarından bu həm imzatoplama, həm də səs vermə günündə seçki prosesində iştirak etmək istəyənlərə əlavə problem yaradır. Nəzər alınsa ki, Bakı şəhərində on minlərlə qanunsuz tikilmiş və qeydiyyata alınmamış ev var, o zaman durumun nə qədər acınacaqlı olduğunu sübut etməyə ehtiyac duyulmaz.
Rayon və kəndlərimizdən qonşu ölkələrə müvəqqəti yaşamaq üçün səfər edənlərin də sayı az deyil. Təəssüf ki, MDB ölkələrində fəaliyyət göstərən səfirliklərimiz həmin vətəndaşların səsvermə prosesində aktiv iştirakçılarını təmin edə bilmir və ya etmək istəmirlər.
Etiraf etmək lazımdır ki, seçicilərin seçki günü və yaxud bütövlükdə seçki marafonu boyunca yaşadığı ərazidə qeydiyyatda olmaması seçki təbliğatı zamanı dəstək vermək istədiyi namizəddən aralı düşməsi onların seçkilərə olan marağını xeyli azaldır. Seçkilərə 2 ay qaldığını nəzərə alsaq, həmin problemin həllinə nail olmaq mümkün görünür. Yoxsa, seçicilərin aktivliyini təmin etmək müşkül işə çevriləcək. Seçkilərdən sonra isə məğlub olmuş namizədlər ərazidə qeydiyyat probleminin yaşandığını və həmin səbəbdən seçki prosesində passivliyin, saxtakarlığın olduğunu sübut etməyə çalışacaqlar.
Bəzi siyasətçilər indidən ölkədə seçki mühitinin olmamasını söyləməkdə haqlı görünürlər. Seçki mühitinin olmaması və ya aşağı olması qeyd etdiyimiz problemlə bağlıdır söyləsək yanılmarıq. Ölkədə qeydiyyat məsələsi sadələşdirilməli, hər kəs yaşadığı mənzilə sərbəst qeydiyyata alınmalıdır. Bu təkcə seçki üçün deyil, insanların yaşadığı ərazidə rahat yaşaması, hər hansı arayış, sənəd üçün zaman sərf edib, digər rayonlara səfər etməməsi naminə də vacib problem sayılmalıdır.

Turan Türk

LEAVE A REPLY