Razi Nurullayevin uğursuzluğu və yaxud “üç badam bir qoz”un puç olması…

0
4

Razi Nurullayevin uğursuzluğu və yaxud “üç badam bir qoz”un puç olması…

Yalanlarla yola davam etmək mümkündürmü?

AXCP sədrinin sabiq müavini Razi Nurullayev yenə fikrini dəyişdi. Yeni Demokratiya Hərəkatı adlı qurum yaradacağını açıqlamış sabiq müavin, çox keçmədi ki, AXCP adına iddialı olduğunu bəyan etdi. Az zaman müddətində belə dəyişikliyə baş vurması siyasi dairələrdə müxtəlif münasibətlərin səslənməsinə səbəb oldu. Səsləndirilən münasibətlər sırasında R.Nurullayevin sərbəst olmadığı, iqtidardakı hansısa qüvvə tərəfindən idarə olunduğu əsas yeri tutub.

“Bron” edilmiş mandat kimindir?

Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi tədbir yeni AXCP yaratmaq istəyən sabiq müavinin təşkilatçılıq işindən xəbərsiz olduğunu da təsdiqləyib. Belə ki, R.Nurullayev AXCP-dən qovulmuş cəmi 3 sabiqi ətrafına toplaya bilib. O da məlum olub ki, AXCP adına iddialı olanların siyasi “fəaliyyəti” Əli Kərimli tərəfdarları tərəfindən fiaskoya uğradılıb. R.Nurullayevin hazırda ən yaxın “silahdaşı” sayılan AXCP Təşkilat şöbəsinin sabiq müdiri Rafiq Daşdəmirovun keçmiş tərəfdarlarını həvəsləndirmə tədbirləri ilə yeni AXCP-yə cəlb etmək istəyi cəbhəçilər tərəfindən məsxərəyə qoyulub. Onun AXCP üzvlərinə deputatlıq mandatı söz verərək, “bizə, üç deputatlıq yeri veriblər, biri “bron”dur. Yəni Razi bəyə aiddir. Digərlərini əldə etmək istəyən, yanımıza gəlsin” kimi təkliflər verməsi Ə.Kərimli tərəfdarlarının lətifələr qoşmasına şərait yaradıb.
AXCP üzvlərinin söylədiklərinə inansaq, R.Nurullayev onları ətrafına toplamaq üçün ciddi maliyyə vəsaiti sərf etməyə də hazırdı. Hər sıravi cəbhəçi üçün 500-1000 manat, AXCP məclis üzvlərinə isə 2000-5000 manat civarında mükafat nəzərdə tutulub.
Müzakirə obyektinə çevrilən digər məsələ isə keçirdiyi tədbirdə R.Nurullayevin özünü əsil Elçibəy məktəbinin nümayəndəsi kimi təqdim etməsi və AXCP-də haqqı olan əsas simalardan olduğunu bəyan etməsi olub. Cəmi bir neçə il AXCP sədrinin müavini vəzifəsini tutmuş, təşkilatın yaranmasında heç bir xidməti olmayan R.Nurullayevin belə bəyanatlar verməsi onu gülüş obyektinə çevirib. Əlbəttə, AXCP sıralarında illərlə ağır, əzablı-əziyyətli mübarizə yolu keçmiş insanlar AXCP-dən qovulmuş sabiq müavinin yersiz iddiasını həzm edə bilməzdilər.

“Bir-birimizin başını mümkün olmayan işlərlə qatmağa nə ehtiyac var?”

Yaxın keçmişdə, hələ AXCP sədrinin müavini olduğu zaman R.Nurullayev bəzi nüfuzlu şəxslərin yeni partiya yaratmaq istədikləri barədə xəbərə toxunarkən “xəbər yayılıb ki, yeni partiya yaradılır. Amma zənnmicə, yeni partiya yaratmaqla Azərbaycanın siyasi palitrasını dəyişmək mümkün deyil. 100-ə yaxın partiya var. Başqa mexanizmlər üzərində işləmək vacibdir… Daha mütərəqqi düşünməyə, daha çevik olmağa borcluyuq. Qərarvermə imkanlarımızın daha çevik olmasına ehtiyac var. Mümkün olan işlərin və ideyaların ardınca getmək müqabildir. Bir-birimizin başını mümkün olmayan işlərlə qatmağa nə ehtiyac var? Riskə getməyə ehtiyac var. Doğrunu üzə deməyə cəsarət zamanıdır.Görüntü yaratmaq cəhdindən uzaq olmaq zamanıdır. Real işlər olsun. Qoy, az olsun, amma real olsun. Dama-dama gölə çevriləcək”.
Bu açıqlamanı mətbuata cənab R.Nurullayev 2013-cü ilin yanvar ayında edib. Maraqlı münasibətdir, elə deyilmi? Təəssüf ki, yeni AXCP-nin “memarı” olmaq istəyən şəxs, cəmi ilyarım sonra söylədiklərini unudur, kimlərəsə verdiyi vədin müqabilində, varlanmaq həvəsiylə yalnız görüntü yaratmaqla məşğul olur. “Sumqayıt AXCP-çiləri” istefa verdi deyə, car çəkib yalan siyahı təqdim etməklə kimlərisə aldatmağa çalışır. Nə bilək, bəlkə də cənab R.Nurullayev “yeni partiya yaratmaqla Azərbaycanın siyasi palitrasını dəyişmək mümkün deyil. 100-ə yaxın partiya var. Başqa mexanizmlər üzərində işləmək lazımdır” açıqlamasını edəndə, uzaqgörənlik edə bilibmiş və bu gün doğurdan da, siyasi partiyaların çoxluğunu nəzərə alıb və yeni partiya yaratmaqla Azərbaycanın siyasi palitrasını dəyişə bilməyəcəyindən ehtiyatlanaraq, “hazırına nazir” olmaq istəyini ortaya qoyub. Ancaq nə etmək olar, uzun illər hüquqdan danışıb, hüquq müdafiəçisi olduğunu iddia etmiş birisi hüquqa tam zidd addım atmaqdan sığortalana bilməyib. Özünün söylədiyi mütərəqqi düşüncədən əsər-əlamət belə qalmayıb. Axı, kim bilmir ki, R.Nurullayevdən çox güclü və AXCP-də böyük dayanaqları olan siyasətçilər, zamanında həmin təşkilatı hüquqa zidd addımlarla ələ keçirməyə cəhd göstərsələr də, həmin addımlar uğursuz alınıb. Burada AXCP-dən qovularaq, bu gün həmin təşkilatı ələ keçirmək iddiasında bulunan sabiq müavinin yuxarıda qeyd etdiyimiz açıqlamasından bir daha sitat gətirmək yerinə düşür: “mümkün olan işlərin və ideyaların ardınca getmək müqabildir. Bir-birimizin başını mümkün olmayan işlərlə qatmağa nə ehtiyac var?” Bəli, etiraf etmək lazımdır ki, R.Nurullayev ara-sıra ağıllı mövqe sərgiləməyi bacarır. Ancaq təəssüf ki, hədsiz unutqandır. Söylədiklərini bir andaca unudub yeni “kəşf”lərə imza atır ki, bu da onu məşhur “Ulduz” bədii filmindəki başabəla alim Gülümsərova bənzədir. Filmi seyr edənlər yaxşı xatırlayar, Gülümsərov limonla portağalı calaq vurub, “limandra” və ya “limport” adlı yeni sitrus meyvəsi yaratmaq istəyirdi. Düzdür, zaman keçdikcə, başabəla alimin ideyası bir azca gerçəkləşdi. Bu gün satışa limon adı ilə nə limona, nədə ki portağala bənzəməyən cürbəcür sitrus meyvələri çıxarılıb ki, Gülümsərovun uzaqgörənliyinə həsəd aparmalı oluruq. Cənab R.Nurullayev də yeni AXCP yaratmaq istəyir.

Hər halda buna iddialıdır. Görünən odur ki, özünün söylədiyinin əksinə, mümkün olmayan işin ardınca gedir. Və bununla yenə unutqanlıq edib, “bir-birlərinin başını mümkün olmayan işlərlə qatmağa” cəhd göstərir. Amma onu da qeyd etməliyəm ki, məlum açıqlamasında R.Nurullayev riskə getməkdən də söhbət açmışdı. Buna ehtiyac olduğunu vurğulamışdı. İşlərin real olmasının zəruriliyini önə çəkmişdi. Doğrunu üzə söyləməyin zamanı olduğunu dahiyanə söyləmişdi. Və bunu o zaman etmişdi ki, AXCP-də Əli Kərimliyə “ləbbeyk” deyərək, müavinlik edirdi. Həmin o zaman ki, bir AXCP üzvü olsun belə, R.Nurullayevin nəinki Ə.Kərimliyə, hətta AXCP sədrinin xanım müavini Gözəl Bayramlıya tənqid ünvanlamaq cəsarətinin, açıq danışmaq qabiliyyətinin olduğuna şahidlik edə bilməyib. R.Nurullayev o zamankı dahiyanə açıqlamasıda “qoy az olsun, amma real olsun. Dama-dama gölə çevriləcək”, deyib. Bax, bu fikri bir azca təsdiqlənib. AXCP adlı illərin sınağından çıxmış təşkilatı ələ keçirmək iddiası ilə tədbir keçirən R.Nurullayev ətrafına cəmi üç sabiq AXCP-çi toplaya bilmişdi. Tədbirin sonuna qədər rəngi köhnəlmiş “badam” rəngindən seçilməyən sabiq təşkilat müdiri Rafiq Daşdəmirovun pessimist əhval-ruhiyyəsi xüsusi olaraq diqqət çəkirdi. Ə.Kərimli tərəfdarları bir an gecikmədən R.Nurullayev və üç tərəfdarının keçirdiyi tədbiri “üç badam və bir qoz”un yığıncağı adlandırıb.
Siyasətdən və mübarizədən daima kənar gəzmiş R.Nurullayevin elə ilk addımda uğursuzluğa məruz qaldığını indidən söyləmək mümkündür.
Müxtəlif KİV-lər xüsusi sifarişlə Razinin yeni obrazda siyasi gündəmə qayıtması barədə şoular yaratmağa çalışsalar da, artıq birmənalı söyləmək olar, sabiq müavin ona sərf olunan maliyyə vəsaitini sağa-sola xərcləməklə yanaşı, özünün heç də yaxşı olmayan siyasi imicini də xərcləyərək, sözün əsil mənasında tükəndi. Burada yenidən “Ulduz” kinokomediyasındakı başabəla alim Gülümsərovu xatırlatmalı oluram.İşdən çıxarılmış Gülümsərov “məni bu işə vadar edənlər, tarix qarşısında cavab verməli olacaqlar” deyərək, elmdən bixəbər olduğunu səmimi etiraf edir. Düşünürəm ki, çox keçməz R.Nurullayev də tarixi monoloq söyləyərək, onu bu oyuna cəlb edənlərin tarix qarşısında (iqtidar qarşısında-T.Türk) cavab verməli olacaqlarını açıqlayacaq.

R.Nurullayevə hansı “kisə”dən pul axır?

Bütün baş verənlər AXCP sədri Əli Kərimlini hədsiz sevindirib. Növbəti dəfə yazılmış uğursuz ssenari yenə onun xeyrinə işləyib. Yaxınlarının söylədiyinə görə, Ə.Kərimli özünü “Axırıncı aşırım” filmindəki Kərbəlayi İsmayıla bənzədərək “sel gələndə həmişə öndə çır-çırpı gətirərdi”, kəlamının doğru olduğunu qəşş edərək bir daha təsdiqləyib.
Bəli, yazılmış ssenarinin primitivliyi bir daha təsdiq edir ki, belə ssenarilərlə hansısa “kisə”dən külli miqdarda pul xərclənir. “Kisə”dən pul çıxaranlar “bir ona, iki mənə” prinsipiylə hərəkət etməklə işin uğurla alınıb-alınmayacağı barədə bir o qədər maraqlı olmurlar. Axı, kimdir pulun hesabatını aparan? Hesabat tələb edən olsaydı Beynəlxalq Bankın milyardları havaya sovrulardımı?
R.Nurullayev və üç tərəfdarının AXCP sədrinin müavini Fuad Qəhrəmanlının iqtidarın adamı olması barədə rəy formalaşdırmaq istəkləri isə bir deyim xatırladır “adımı sənə qoyaram, səni isə yana-yana”. Təbii ki, əvəzində Fuad bəydən sanballı, tutarlı cavablar alırlar. F.Qəhrəmanlının keçdiyi uzun və şərfli mübarizə yolu qarşılığında isə R.Nurullayevin nə qədər cılız göründüyünü siyasi dairələrdə bilməyən yoxdur.
Sonda bir daha xatırlatmaq istərdim, hər kəs siyasi fəaliyyətlə məşğul ola və ya təşkilat yarada bilər. Ancaq başqalarının hüququnu almamaq, yaratdıqlarına sahib çıxmamaq şərti ilə. Sahib ifadəsini işlətdiyimə görə AXCP rəyasət heyətinin üzvü Sahib Rüstəmlini xatırlamalı oldum. Razinin AXCP-dən apara biləcək bir şəxsi qalıb ki, o da S.Rüstəmlidir. Zatən, onlar çoxdan bir yerdədirlər. Sadəcə olaraq, ssenariyə uyğun hərəkət etmək lazım gəldiyindən Sahibin rolu ikinci “seriya”dadır. Beləliklə, film davam edir, “Üç badam bir qoz”. İzləyək, “Bəxt üzüyü”nün Söylüsü demişkən, “qabağı ağlamalıdır, dalı hırıldamalı”.
İyi seyirlər, Millət!

Turan Türk

LEAVE A REPLY