Təbabətdə yeni kələk: xərçəngin İranda neftlə müalicəsi və azərbaycanlı xəstələr…

0
4

Təbabətdə yeni kələk: xərçəngin İranda neftlə müalicəsi və azərbaycanlı xəstələr…

“Xəstəsiniz? O zaman bir zənglə sizin xarici ölkələrdə müalicə olunmağınıza yardım edə bilərik!” – “İmdad” şirkətinin reklamında belə deyilir.

Maraqlıdır ki, son zamanlar internetdə, xüsusilə də sosial şəbəkələrdə xaricdə müalicə təklif edənlərin sayı durmadan artır. Hətta turizm şirkətləri belə xaricdə müalicə turları təşkil edir.

Xidmətlərin siyahısına isə həkim seçimi, analizlərin yoxlanılması, qarşılanma, otel təşkili, sənədlərin tərcüməsi, xəstəxanada müalicə və s. daxildir. Əslində müəyyən məbləğ qarşılığında hansısa xidmətlərin göstərilməsi təbiidir.

Amma… Biz də elə bu “amma”dan başlayacağıq.

Xaricdə müalicə təşkil edənlər xəstələrə “professional” məsləhətlər də verirlər. Məsələn, mədə xəstəsi olduğunu yazan Reyhan Nəbiyevanın sualını cavablandıran “İranda müalicə” adlı istifadəçi bu xəstəliyin xərçəngə çevrilmə ehtimalını qeyd edir. Üstəlik Ərdəbildə tanınmış professorlardan birinin mədə xərçəngini ağ neftlə müalicə etdiyini yazır.

Yazırşmalarda Azərbaycanda tibbi xdmətlər yerdən-yerə vurulur, “yerli həkimlərin yanlış diaqnozları” xüsusi vurğulanır.

Digər bir saytın çat bölməsində isə İranda mədə-bağırsaq, qaraciyər xəstəliklərinin müalicəsində yeniliklərə imza atıldığı qeyd olunur. Hətta təkcə bir ayda 22 mədə xəstəsinin İrana göndərildiyi, orada dəqiq diaqnoz qoyulduğu yazılır.

İstifadəçilərdən biri ona Azərbaycanda bağırsaqda şiş diaqnozu qoyulduğunu, Gürcüstanda düzgün müalicə olunduğunu deyir.

Sayt isə ona Azərbaycanda vaxt itirməkdənsə xarici ölkələrdə müalicəni təklif edir. Təbii ki, bu arada Azərbaycanda yaxşı mədə-bağırsaq həkimi olmadığını yazmağı da unutmurlar.

Xəstələri İran, Türkiyə və ya Almaniyaya göndərənlər yalnız professorlarla əməkdaşlıq etdiklərini yazsalar da saytların heç birində əməkdaşlıq etdikləri həkim haqqında məlumatlara rast gəlinmir.

Diqqətçəkən məsələlərdən biri də hansısa xəstəliklərlə bağlı sual ünvanlayanlara xəstəliyin getdikcə ağırlaşacağı, vaxtında müalicəyə getməyəcəyi təqdirdə təhlükə ilə sonunclanacağı haqda deyilənlərdir.

Halbuki həkim olmayan hansısa şirkət əməkdaşının xəstəyə məsləhət verməsinin özü təhlükəli sonluqla nəticələnə bilər. Ən azından xəstənin sarsıntı keçirəcəyi nəzərə alınmalıdır.

Başqa bir məqam isə xaricə müalicəyə gedənlərin statistikasıdır. İran, Türkiyə və ya hansısa ölkənin təqdim etdiyi rəqəmlər azmış kimi saytlar da “rəqəmlər” göstərir. Belə ki, hər gün 20-30 xəstənin xaricə göndərildiyi qeyd edilir. Bu rəqəmləri isə aya, ilə vuranda İranın, Türkiyənin statistikasına şükür etməyə məcbur olursan.

Əslində biz xaricdə müalicəyə qarşı çıxmırıq, amma yerli müalicənin effektsiz olduğunu iddia edənlərin fikrinə qatılmaq fikrimiz də yoxdur. Sadəcə xəstələri reklamla cəlb edənlərin əsas məqsədinin yalnız pul qazanmaq olduğunu xatırlatmağa lüzum gördük.

Elə buna görə də xəstələrin daha çox şikayətçi olduğu mədə-bağırsaq xəstəliklərinin müalicəsindən başlamaq istəyirik.

“Getdim İrana ki…”

“2013-cü ildə mədə qanaxması keçirmişdim. Həkimlər qanaxmaya ağrıkəsici dərmanların səbəb olduğunu dedilər. Bir müddət müalicə olundum. Sonra özəl klinikaların biri tərəfindən dəvət olunmuş iranlı həkimin təkidi ilə İrana getdim. Təbrizdə həmin həkimlə görüşdüm. Müayinələrdən keçdim. Mənə mədəmdə mikrob olduğunu, bu mikrobun xərçəngə çevriləcəyini dedi. Müalicə olundum, amma bir müddətdən sonra ağrılarım yenidən başladı” – bunu virtualaz.org saytına Bakı şəhər sakini Günel Əliyeva deyir.

Günel Əliyeva söyləyir ki, növbəti dəfə taksi sürücüsünün təklifi ilə Təbrizə deyil, Ərdəbilə gedib: “Təbrizdə həkim 15 günün içində tamamilə sağalacağımı, mədə qanaxması riskinin olmadığını demişdi. Bu dəfə Ərdəbilə getdim. Həkim mikrob deyil, mədəmdə və bağırsaqlarımda yara olduğunu bildirdi. Yenidən müalicəyə başladım. Urmiyada isə mədəmdə palif olduğunu dedilər. Mədəmdə yara yox imiş. İndi Bakıda müalicə alıram”.

37 yaşlı Asif Kərimova isə Bakıda mədə xərçəngi diqanozu qoyulub. Onun sözlərinə görə, İrana, sonra isə Türkiyəyə gedib: “İranda müalicə aldım. Amma müalicə effekt vermədi. Əksinə, səhhətim getdikcə pisləşdi. Sonradan Türkiyəyə getdim. Bir ay ərzində təkrar müayinələrdən keçdim, bir neçə həkimin qəbulunda oldum. Maddi imkanım olmadığından Türkiyədə müalicəni davam etdirə bilmədim. İran və Türkiyədə edilən müayinələrə 4 min dollar xərcləmişəm. Pul itkisi bir yana, vaxt itirdim. İndi Bakıda müalicə qəbul edirəm”.

Bakı şəhər sakini Nəsib Səfərova isə bağırsaq sürüşkənliyi diaqnozu qoyulub: “Dostlarımla birlikdə Təbrizdəki özəl klinikaların birinə getdik. Həkim müayinə elədi, dedi ki, stress, əsəb gərginliyi var və bağırsaq sürüşkənliyinə bu təsir edir. Əsəblərimi sakitləşdirmək üçün dərmanlar təyin etdi. Bütün günü yuxulayırdım, amma yaxşılaşmırdım. Sonradan bağırsağımda şiş aşkarlandı. 3 ay ərzində dayanmadan sakitləşdirici içmişəm. Bağırsağım azmış kimi mədəmdə də problemlər yarandı”.

“Xəstə 5 ay xəstəxanaları gəzir, bircə dəfə də təklif edilmir ki…”

“Mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlərin sayı durmadan artır. Əvvəllər yalnız yaşlılarda müşahidə edilən xəstəliklərə indi cavanlarda rast gəlirik”.

Bunu isə Mərkəzi Neftçilər Xəstəxanasının qastroenteroloqu Gülnar Vəliyeva deyir.

Həkimin sözlərinə görə, mədə-bağırsaq xəstəliklərinin müalicəsi üçün hərtərəfli müayinələr vacibdir. Amma xəstələrin bəziləri hərtərəfli müayinə edilmir: “Biz xaricdə müalicəni tənqid etmirik. Xəstə həkim seçimində sərbəstdir. Lakin bəzən xəstənin hərtərəfli müayinə edilmədiyinin şahidi oluruq. Xəstələr adətən mədəsinin, yaxud bağırsağının ağrıdığını müəyyənləşdirə bilmirlər. Lakin xəstə qarnında, qarın boşluğunda ağrılardan şikayətçidirsə, biz ona həm kolonoskopiya, həm də endoskopiya müayinəsini təklif edirik. Hər iki müayinədən sonra dəqiq diaqnoz qoymaq mümkündür. Bizə müraciət edən xəstələr bəzən ishal şikayəti ilə 4-5 ay müalicə olunduğunu söyləyirlər. Amma 5 ayda bir dəfə də olsun onlara endeskopla müayinə təklif olunmayıb. Əksər hallarda kamera ilə müayinə etdikdə hansısa yeni törəmənin olduğunu müəyyənləşdiririk. Halbuki xəstə 4-5 ay vaxt itirib”.

Həkim G.Vəliyeva dedi ki, hazırda çalışdığı xəstəxanada qida borusu, mədə-bağırsaq xəstəliklərinin tam müayinəsi üçün şərait var: “Orqanizm daxili qutuya bənzəyir. Üstəlik əllə müayinə effektliyini saxlamayıb. Müasir müayinə üsulları ilə diaqnoz qoymaq daha asandır. Məsələn, ötən həftə müraciət edən xəstələrin birində yeni törəmə olduğunu müəyyənləşdirdik. Törəmə mədənin artıq üçdə ikisini tutmuşdu. Eləcə də bağırsaq xərçənginə yoluxan xəstələrlə rastlaşırıq. Aparatların köməyi ilə yeni törəmələrdən biopsiya götürə bilirik. Bundan başqa, palif və ya xoşxassəli yeni törəmələri ağır cərrahiyyə əməliyyatına ehtiyac olmadan götürürük”.

G.Vəliyeva qeyd etdi ki, evdən kənarda müalicənin daha yaxşı olduğuna inananlar çox zaman ağırlaşmış halda geri dönürlər: “Əgər 5-6 il əvvəl daha çox yaşlı xəstələrdə şişlərə rast gəlirdiksə, hazırda 30-35 yaşlılarda belə xəstəliklərlə qarşılaşırıq. Bu xəstəliklərin müalicəsində erkən diaqnoz vacibdir. Təxminən bir ay əvvəl cavan oğlan bağırsaq xərçəngi diaqnozu ilə gəldi. Şikayəti bağırsaq sürüşkənliyi ilə bağlı idi. Xəstəyə düzgün diaqnoz qoyulmamışdı.

Vaxt itkisi nəticəsində şiş digər orqanlarına da yayılmışdı. Başqa bir xəstəni müayinə edərkən ona bağırsaq xərçəngi diaqnozu qoyduq. Xəstəyə cərrahiyyə əməliyyatı təklif olundu. O isə Türkiyəyə getdi. 3 aydan sonra təkrar müayinə zamanı artıq şiş bütün orqanlarına yayılmışdı. Türkiyədə həkimlərdən biri şüa terapiyasını, digəri kimyəvi terapiyanı, başqa birisi isə müalicəni məsləhət görüb. Xəstə üçün 3 saat belə önəmli olduğu halda 3 ay vaxt itirib. Nəticədə xəstəyə yardım göstərmək mümkün olmadı. Bizim istəyimiz odur ki, xəstələr hərtərəfli müayinə olunsunlar. Bundan sonra xarici ölkələrdə və ya Bakıda həkim seçə bilərlər”.

Həkim söyləyir ki, xarici ölkələrdə, xüsusilə İranda müalicə olunan, lakin ağırlaşmış halda geri dönən xəstələrlə tez-tez rastlaşır: “Mədə-bağırsaq xəstəlikləri mürəkkəb xəstəliklərdir. Çox zaman xəstə təkrar həkim müayinəsinə gedə bilmir, beləliklə, müalicə yarımçıq qalır. Bəzən isə xəstə həkimin nə dediyini dəqiq başa düşmür. Analizlər, müayinələrin nəticələri fərqli dildə olduğundan biz onları təkrar müayinəyə cəlb etmək məcburiyyətində qalırıq. Məsələn, xoralı kolit və ya kron xəstələri xaricdə müalicə olunub geri dönürlər. Bu xəstələr ömür boyu dərman qəbul etməlidirlər. Fərqli dərmanlar var ki, müəyyən müddətdən sonra dozaları azaldılır və ya başqası ilə əvəz edilir.

Bu xəstələr 4 aydan bir müayinə olunmalıdır. Xəstə vəziyyəti ağırlaşmış müraciət edərkən bəlli olur ki, həkimin diaqnozu, müalicəsi düzgündür. Amma xəstə həkimi başa düşməyib, bir kursdan sonra müalicəsini davam etdirməyib. Xırda bir əlaqəsizlik, informasiya azlığı xəstəyə problem yaradır”.

G.Vəliyeva deyir ki, hazırda qida borusu xəstəlikləri ilə bağlı çox böyük naliyyətlər qazanılıb. Hətta Azərbaycan bu sahədə İran xəstəxanalarını qabaqlayıb: “Təəssüf ki, bizdə də bəzi həkimlər hələ də qida borusu əməliyyatları ilə bağlı son naliyyətlərdən xəbərsizdir. Keçmişdə qida borusunun əməliyyatları uğurla nəticələnməyib. İndi isə qida borusu əməliyyatları uğurla həyata keçirilir. Məsələn, bizim xəstəxanada xüsusi aparatlar var. Onunla qida borusunu səliqəli, hamar tikmək mümkündür. Əgər mədə cərrahiyyə əməliyyatı ilə götürülürsə, qida borusu səliqə ilə bağırsağa calanır”.

Mütəxəssis deyir ki, Azərbaycanda mədə-bağırsaq xəstəliyinin artmasına səbəb düzgün qidalanmamaqdır: “Hər beş xəstənin dördü köpdən şikayət edir. Bəzən xəstəyə səhərdən axşama qədər nə yediklərini yazmağı xahiş edirik. Əksəriyyət tez hazırlanan, qablaşdırılmış yeməklərə üstünlük verir. Məktəbli uşaqlarda eroziyalara, xoralarla rastlaşırıq. Bu uşaqlar hazır yeməklərin qurbanıdır. “Coca-Cola” və bu kimi içkilər də mədənin düşmənidir. Hətta biz bu içkilərə alidə olanlara “kolaqoriklər” deyirik. Belə işkilərdən istifadə gələcəkdə problemlər yaradır”.

Həkim Azər Əliyev isə xüsusilə şiş xəstəliklərindən əziyyət çəkənlərin həkim seçimində diqqətli olmalarını tövsiyə edir: “Məsələn, mədə xərçəngi onkoloji xəstəliklərin ən çox rast gəlinən formasıdır. Mədə xərçəngi hətta ölümə səbəb olan bədxassəli şişlər arasında ikinci yerdə durur. Erkən mərhələdə xəstələr zəiflikdən, tez yorulmadan, iştahanın azalmasından, ağızdakı xoşagəlməz daddan, mədə nahiyəsində ağırlıqdan şikayət edirlər. Xəstəlik erkən aşkarlandıqda müalicə effekt verir. Bəzən xəstələr yerli həkimlərə deyil, əcnəbi mütəxəssislərə üstünlük verirlər. Bütün dünyada yabançı qrup xəstələrə tibbi xidmət yerlilərdən 2, bəzən 3 dəfə bahadır. Bəzi hallarda maddi sıxıntı yarandığından müalicə yarımçıq dayandırılır. Bəzən həkim nəzarətinə vaxtında gedə bilmirlər. Bakıya geri dönəndə isə təkrar müayinələr tələb olunur, nəticədə vaxt itkisi xəstəliyin ağırlaşmasına səbəb olur”.

Həkim ağ neft vasitəsilə xərçəngin müalicəsini iddia edənlərə ciddi yanaşmır: “Bu cür reklamlarla məlumatsız insanları aldatmaq olmaz. Suda boğulan saman çöpündən yapışır. Xərçəng xəstəsi də oxuya, bu vasitədən istifadə edə bilər. Nəticəsi isə pis ola bilər. Bəzən ağ neftlə bağırsaqlardakı qurdların salındığını yazırlar. Başqa birisi şəkərin müalicəsində nə gəldi yazır. İrandan gələn bir xəstəmizə duzlaşmada ağ neft təklif olunmuşdu. Xəstə gündə bir neçə damcı olmaqla ağ neft içməyə başlayıb. Bunlar tibbdə sübut olunmayıb. Xüsusilə mədə-bağırsaq xəstələri həssas olmalıdır. Yanlış diaqnoz, müalicə ağır nəticələnə bilər”.

…Göründüyü kimi, evdən kənardakı möcüzə vədləri heç də həmişə xoşbəxtliklə nəticələnmir. Xüsusilə tərəzinin bir gözündə pul ağırlıq edirsə. Seçim sizə qalır…

Virtiualaz.org

LEAVE A REPLY