Həkim-dietoloq: “Əti düyü, makaron, xəmir məmulatları ilə yemək olmaz”

0
9
Son zamanlar artıq çəkidən əziyyət çəkən insanların sayı artır. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, xəstəliklərin demək olar 80-90%-nin səbəbi artıq çəkidir. 

“Report” həkim-dietoloq Fuad Məcidovla müsahibəni təqdim edir.

– Fuad müəllim, sağlam qidalanmaq və xəstəliklərdən uzaq olmaq üçün hansı prinsiplərə əməl etmək lazımdır?

– Çəkin nə qədər artıqdırsa, xəstəliklərə bir o qədər məruz qalırsan. Çəki artıqlığı həmçinin xoşbəxtlik hormonuna da mənfi təsir göstərir. Bu cür insanlar sevinc hissindən uzaq olurlar. İnsanlarda sanki dieta sözünə qarşı qıcıq yaranıb. Dieta yunan sözü olub, sağlam qidalanmaq deməkdir.

Birincisi, gündəlik 7-8 saat yatmaq lazımdır. Bununla yanaşı, gec saatlarda da yatmaq olmaz. Gecə saat bir və ya ikidə yatdıqda insan bədənində qrelin deyilən iştaha hormonu sintez olunur və nəticədə bizləri gecə oyanıb nəsə yeməyə məcbur edir. Bu isə maddələr mübadiləmizi pozur.

İkincisi, gündəlik ən azı 2 litr su içmək lazımdır. Maddələr mübadiləsini sürətləndirən faktorların ən vacibinin su olduğu sübut edilib. Su dedikdə çay, kofe, şirələr nəzərdə tutulmur. Adi su içmək lazımdır.

– Artıq çəkidən əziyyət çəkən insanlar suyun onların çəkisini daha da artırmasından gileylənirlər. Sizcə, bu nə dərəcədə realdır?

– Bu sözləri dəfələrlə eşidirik. Su insanı sadəcə ağırlaşdırar, çəkisini artırmaz, bunlar ayrı-ayrı şeylərdir. Suyun verdiyi ağırlıq müəyyən müddət sonra keçir, ancaq çəki artıqlığı yox. Çəki artıqlığı yağ toxumasının yaranması, maye isə sadəcə içilən suyun ağırlığıdır. Gün ərzində hər bir kiloqram çəkiyə 35 qr su içmək lazımdır. Bu da, təqribən, 2 litr edir. Üçüncü prinsip isə gündəlik bir saat, dayanmadan iti addımlarla yeriməkdir.

– Bəs açıq havada, yaxud idman zalında yeriməyin fərqi varmı?

– Əlbəttə, fərqi var. Günün birinci yarısında, səhər yeməyindən sonra, xüsusən də, dəniz kənarında yerimək daha məsləhətlidir. Açıq havada, oksigenli mühitdə yeridiyimiz zaman bədənimiz bol miqdarda oksigen qəbul edir və bu da bizim metabolizmamızı sürətləndirir. Əsas xüsusiyyət düzgün qidalanmaqdır. Təzə meyvə-tərəvəzlərlə qidalanmaq lazımdır. Çünki tərkibində liflər var, bu isə bağırsaqlarımızda olan bütün toksik maddələri özünə çəkməyə kömək edir və belə olduqda həmin toksiklər qanımıza sovrulmaz. Loru dildə desək, bədənimizin zibil yeşiyinə çevrilməsi prosesi baş verməz. Bu, o demək deyil ki, vegeterian olmalıyıq. Bədənimizə ət, ağartı məhsulları da lazımdır. Sübüt olunub ki, ət məhsulları yemək mütləqdir. Qaz, ördək ətləri kalorisi çox olduğundan bunlardan uzaq durmaq məsləhətdir. Ancaq çəkiniz normaldırsa, dərisini soymaq şərti ilə yemək olar.

– Ümumiyyətlə, ət məhsullarının hansı şəkildə bişirilməsi düzgündür?

– Ət məhsullarını yağda qızartmamaq şərti ilə sobada, təndirdə, kabab şəklində bişirib yeyə bilərsiniz.

– Bu məhsulları, xüsusilə də meyvə-tərəvəzi günün hansı saatlarında yemək məsləhətdir?

– Meyvəni mütləq günün birinci saatlarında yemək lazımdır. Çünki sadə korbohidratdır və qlükoza, fruktoza, laktozadan ibarətdir. Bunlar da insanların qanında şəkəri avtomatik olaraq yüksəldir və ən əsası meyvələri mövsümünə uyğun qəbul etmək lazımdır. Əgər gecə saatlarında aclıq hiss etmisinizsə, ağartı məhsullarından istifadə məsləhətdir. Ət məhsullarını axşam saatlarında yeməyi məsləhət görürəm. Ona görə də axşam saat 18:00-19:00 aralığında proteinli qidalar qəbul etdikdə aclıq hissi daha uzun müddət özünü büruzə vermir. Çərəzləri isə ara vaxtlarda qəbul etmək məsləhətdir.

– Bəs əti hansı məhsullarla yemək lazımdır?

– Əti düyü, makaron, xəmir məmulatları ilə yemək olmaz. Çünki bunlar şəkərdir, sadə karbohidratlardır. Ət məhsullarını kələm, badımcan, pomidor, soğan və s. tərəvəzlərlə yeyin. Tərəvəzlərdəki liflər ət məhsullarındakı artıq qidaları özünə çəkir. Bu xüsusiyyət xəmir yeməklərinin olmadığından bütün toksikli maddələr bədənimizə sovrulub qaraciyər, böyrəklərimizi yağlandırır və gələcəkdə metabolik sindromun yaranmasına gətirib çıxarır.

– Fuad müəllim, şirniyyat da insanların yox deyə bilmədiyi təamlar arasındadır. Sizcə, onun ziyanlarından necə qorunmaq olar?

– Şirniyyat yeməzdən əvvəl gərək insan güzgüdə özünə baxsın. Əgər siz formadasınızsa, sizə şirniyyat yemək olar. Ancaq günün birinci yarısında yemək olar, ikinci yarısında yemək olmaz. Ən əsası isə desertləri yeməkdən iki saat sonra müəyyən qədər yeyib nəfsi öldürmək olar. Şirniyyatı da yeyəndə unlu deyil, südlü, kofeinli olanlardan istifadə etmək məsləhətdir.

– Un və şəkərin xüsusilə zərərli olduğunu vurğuladınız. Bakıda diet saxlayanlar və diabet xəstələrini nəzərə alan çox az sayda qida şirkətləri var. Bunlardan biridə “Sweet Diet” şirniyyat evidir. “Sweet Diet”də hazırlanan şirniyyatlarda un əvəzinə yulafdan, şəkər əvəzinə isə dadlandırıcılardan istifadə olunur. Bu cür şirniyyatların qəbulu zərərlidirmi?

– Xeyr, əgər belə bişirilən şirniyyatlar varsa, xüsusilə də şəkər əvəzinə, təbii dadlandırıcılarla bişirilirsə, onda yemək olar. Ancaq tərkibinin bu cür məhsullarla hazırlandığına əmin olmaq lazımdır. Yenə də yemək əvəzi deyil, desert kimi qəbul edilməlidir. Mən dəfələrlə təcrübəmdə səhər yeməyi əvəzinə tort, keks yediklərinin şahidi olmuşam.

– Bəs normal səhər yeməyi necə olmalıdır?

– Səhər yeməyində yumurta, kəsmik, pendir, şor, zeytun, yağ, sıyıq normal səhər yeməkləridir. Səhər yeməyinin tərkibində mütləq yağ, protein və karbohidrat olmalıdır.

– Şirinçay səhər yeməyimizin, demək olar, ayrılmaz hissəsidir. Hətta valideynlər gecə yatmazdan əvvəl uşaqlarına şirinçay içizdirirlər və bunun vasitəsilə qanı artırmağın mümkün olduğunu düşünürlər…

– Tamamilə yanlış məlumatdır. Əgər qanı artırmaq istəyirlərsə, uşaqlarına daha çox qırmızı ət, qaraciyər, dalaq, ürək və balıq kimi məhsullar versinlər. Ancaq bunları yağda bişirmək olmaz. Əgər qış mövsümündə uşaqlarınızın sağlam olmasını istəyirlərsə, soğan, sarımsaqdan istifadə etsinlər.

– Son zamanlar zeytun yağından istifadə edənlərin sayı getdikcə artır. Siz yemək bişirmək üçün hansı yağları məsləhət görərdiniz?

– Zeytun və qarğıdalı kimi maye yağlardan istifadə etmək faydalıdır. Ancaq təmiz kərə yağı da istifadə etməyi məsləhət görürəm. Bizim nənələrimiz nehrə yağını çörəklə yeyərdilər və illər əvvəl çəki artıqlığı problemi bu qədər yayılmamışdı. Çünki qidalarda, yağlarda qatqı maddələri yox idi. Məsləhət görərdim ki, insanlar evlərindən zəncəfil, mixək, darçın, hil, qara istiot, nanə, kəklikotu, cəfəri, kərəviz, soğan və sarmısağı əksik etməsinlər. Bunları həm yeməyə qatsınlar, həm də dəmləyib uşaqlara içirsinlər. Onları hazır bişmiş qidalardan, şirin, qazlı içkilərdən uzaq tutsunlar.

– Qış mövsümündə çuğundur, kök və alma şirəsi evlərdə tez-tez hazırlanır. Ancaq eşitdiyimizə görə, yerkökü şirəsinə yağ qatılmadıqda müsbət təsirini görmək olmur.

– Yerkökü qəbul etdiyimiz zaman mütləq zeytun yağı qatmaq lazımdır. Deməli, 2 ədəd yerkökü, 1 ədəd çuğundur və 1 almanın şirəsini çəkib içərisinə bir çay qaşığı zeytunyağı əlavə etməklə içmək lazımdır. Yağ yalnız yerkökü üçün lazımdır. Bu şirəni acqarına və gündə bir dəfə qəbul etmək lazımdır.

– Bəs idmandan neçə saat əvvəl və sonra qida qəbul etmək düzgündür?

– Hansı idman növünün olması fərqi yoxdur, ən azı, yeməkdən yarım saat sonra yemək olar. Çünki diafraqma böyüyür və orqanın normal fəaliyyətinin bərpası üçün azı yarım saat lazımdır. İntensiv idman zamanı isə bədəndə susuzlaşma gedir. Bunun üçün idman zamanı və sonra su qəbul etmək lazımdır. 30-40 dəqiqə sonra qida qəbul etmək olar. Son olaraq insanlara məsləhət görərdim ki, sağlam həyat və qidalanma tərzinə keçsinlər, həyatlarında yeni bir səhifə açsınlar.