Azərbaycanı gözləyən fəlakət-“qara qızıllı” qara günlər
Nyu-york neft bazarında bir barel neftin qiyməti 40 dollardan aşağı düşüb. London bazarında Brent markalı “qara qızıl” isə 45 dollara satılır. İlk baxışdan elə görünə bilər ki, Brent-in belə baha olması onun keyfiyyət göstəricilərilə bağlıdır. Araşdırmalarımız isə başqa mətləblərdən xəbər verir. Gəlin, ortaya çıxartdığımız mətləblərlə birgə tanış olaq.
Sual oluna bilər? Hər gün ucuzlaşdığını eşitdiyimiz Brent markalı neft nədir? Onun Nyu-York bazarında satılan Texas neftindən nə fərqi var və niyə ondan bahalıdır? Bu bahalılıq həmişə belə davam edə bilərmi? Ən əsası isə ixracatının 95.7%-i “qara qızıl”dan asılı olan ölkəmiz bu proseslərdən necə təsirlənə bilər?
Brent markalı neft İngiltərə və Norveç arasında yer alan Şimali dənizindən çıxarılır, Şotlandiyada Sullom Voe terminalında ayrılır və öz keyfiyyətinə görə, beynəlxalq standart kimi qəbul edilir.
Bu neft markası adını şimal dənizindəki 5 ayrı təbəqənin baş hərflərinin (Brook, Rannoch, Etieve, Ness, Tarbat) birləşməsindən alıb. Tərkibində 0.37% sulfid ehtiva etməsindən dolayı, yüngül xam neft sinifinə daxildir. Yüngül xam neft benzin istehsalında istifadə edildiyindən bazar dəyəri də son dərəcə yüksəkdir.
Bütün bu xüsusiyyətlərinə baxmayaraq Brent markalı “qara qızıl”ın Texas nefti olan WTI markalı neftdən daha aşağı keyfiyyətli olduğu bilinir. Bununla belə, hal-hazırda qlobal neft bazarında “Brent” daha baha satılır. Səbəb, təbii ki, tranzit qiymətləridir. Texasdan və ya Amerika qitəsinin müxtəlif nöqtələrindən Avropaya neft daşınması baha başa gəldiyindən alıcılar Brent markalı nefti almağa maraq göstərirlər. Fəqət alınan Brent markalı neftin də qiymətləri bazarın tələblərinə görə tənzimlənməlidir. Əgər Texas neftini alıb Avropaya daşımaq “Brent”i almaqdan daha ucuz başa gəlsə alıcılar, təbii ki, alıcılar da “WTI”-yə yönələ bilərlər. Odur ki, “WTI”-nin qiymətinin enməsi istər-istəməz “Brent”-in də ucuzlaşmasına səbəb olur. Hazırda 6 dollarlıq fərqin tranzit puluna getdiyini düşünsək, “WTI” ilə “Brent” arasındakı qiymət fərqi də bundan yuxarı ola bilməz. Bazar öz qaydalarını tənzimlədiyindən ABŞ-da istehsalı artırılan “qara qızıl” bütün qlobal neft ticarətinə də təsir göstərir.
Mütəxəssislər bir müddətdən sonra WTI neftinin bir barelinin 32 dollara düşəcəyini təxmin edirlər. Çünki ABŞ-ın neft hasilatını artırması qlobal bazara “qara qızıl”ın tələbatdan çox çıxarılmasına səbəb olub. Üstəlik, Çində başlayan iqtisadi böhran da tələbatı azaldıb. Yəni dünyanın ikinci böyük neft alıcısı indi əvvəlki kimi çox mal almır. Bu da “qara qızıl” bazarında daha artıq neftin toplanmasına səbəb olur. Beləcə qiymətlər də aşağı düşür. WTI neftinin ucuzlaşması nəticə etibarilə Brent neftinin də aşağı qiymətə satılmasını şərtləndirir. 6%-lıq fərqi üstünə gəlsək, bir müddətdən sonra Brent markalı neft də, uzağı, 38 dollara satılacağını güman etmək olar.
Brent markalı neftin 38 dollara enməsi ilk növbədə Rusiyanın qara qızıldan pul qazanmaması deməkdir. Əlbəttə, Azərbaycan iqtisadiyyatı da bu prosesdən ciddi şəkildə təsirlənəcək. Mütəxəssislərin hesablamalarına görə, Azərbaycanda neft çıxarılan bir sıra yataqlar öz rentabelliyini itirəcək. Bura şist və bu kimi neftin çətin çıxarıldığı yataqlar daxildir. Belə yataqlardan neft çıxarmaq 50 dollara başa gəlir. Dolayısyla, Azərbaycanda fəaliyyət göstərən beynəlxaql neft şirkətləri öz hasilatlarında müəyyən korrektələr etməyə məhkumdur və bundan sonra yalnız Azəri-Çiraq-Günəşli yataqlarının istismarından söhbət gedə bilər. Nədən ki, bu yataqlarda hasilat xeyli ucuz başa gəlir-hardasa, 4 dollara. Daha sonra həmin yataqlardan çıxarılan neft Sənqəçal terminalina daşınaraq, orda qum və çınqıldan təımizlənir. Bu proses də hər barel üçün, təxminən 2 dollar pul aparır. Sənqəçalda təmizlənmə prosesindən keçən neft BTC kəməriylə dünya bazarına çıxarılır. Tranzit pulu isə 6-7 dollar tutur. Bu minvalla bir barel Azəri-Çiraq-Günəşli nefti bazara çıxana qədər 12-13 dollar pul tələb edir. Deməli, neftin 38 dollara enməsindən sonra Azərbaycan hər barel “qara qızıl”dan sadəcə 25-26 dollar pul qazanacaq. O da bütün neft potensialından yox. Sadəcə, asan hasil olunan yataqlardan.
Problem bununla bitsəydi, sevinməyə bəlkə də əsas var idi. Məsələ burasındadır ki, qlobal bazarda Brent markalı neftin “WTI”-dən daha ucuz satılma ehtimalı da var. Bu İran neftinin bazara çıxarılmasıyla baş tutabilər. Nəticədə London neft bazarında da təklif tələbi üstələyər və ucuzlaşma qaçınılmaz olar.
Bəlkə də bir çoxumuza Nostradamus kənahəti kimi görünsə də, bir sıra mütəxəssislər bu ehtimalı istisna etmirlər. Onların fikrincə, İrana qarşı BMT sanksiyalarının ləğv olunmasının əsas səbəbi elə budur. Məqsəd London neft bazarında Səudiyyə Ərəbistanı ilə İranın amansız rəqabətini təmin etmək və “qara qızıl”ın qiymətini maksimum dərəcədə endirməkdir. Təxminlərə görə, bu amansız rəqabət neftin qiymətini 25 dollara qədər ucuzlaşdıra bilər. Bu zaman Rusiya nefti tamamilə rentabelliliyini itirər, Azərbaycan isə hər bareldən sadəcə 12-13 dollar pul qazanar.
Üstəlik, Azərbaycanın neft hasilatı da ilbəil azalır. 2014-cü ilin statistikasına görə, ölkəmizdə çıxarılan neft 42 milyon tondan aşağı olub. Bir barelin 0.136 ton olduğunu nəzərə alsaq, bu, təxminən 309 milyon barel edər. Hər bareldən 12 dollar qazanacağımızı düşünsək, bu da 3.7 milyard dollar edər. Biz hələ bu il və eləcə də gələn il hasilatın azalma ehtimalını belə hesaba qatmırıq. Belə çıxır ki, Azərbaycan gələn ildən etibarən neft ixracatından heç 4 milyard dollar da qazanmayacaq. Nəzərə alsaq ki, rəsmi statistikaya görə, ötən il neft və neft məhsulları ümumi ixracatımızın 95.7% -ni təşkil edib, ortaya dəhşətli bir mənzərə çıxır-Bu il dövlət büdcəmizin 22 milyard dollar təşkil etdiyini nəzərə alsaq, gələn il indiki kimi yaşamağımız üçün bizə daha 18 milyard dollar lazım olacaq. Azərbaycan hökuməti isə bu pulu hardan tapacaq, məlum deyil. Qısası, qeyri-neft sektorunu inkişaf etdirmək üçün islahatlar aparılmasa bizi gözləyən fəlakət qaçınılmaz olacaq.
Heydər Oğuz
Strateq.az