Yeni il üçün Əfv sərəncamı imzalanacaqmı? –Komissiya üzvlərinin mövqeyi

0
4
İlin sonu yaxınlaşdıqca prezidentdən əfv gözləyən dustaq ailələrinin də həyəcanı artır. Adətən ölkə başçısı bayramlar ərəfəsində humanist addım ataraq, əfv sərəncamı imzalayır. Bu sərəncamla onlarla dustaq azadlığa çıxır və ya ömürlük həbs cəzası alanların cəzaları yüngülləşdirilir.

Qarşıdan Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir.Əfv Komissiyasının üzvləri isə bu ay sərəncamın olacağı ilə bağlı bir-birilərinə zidd fikirlər söyləyirlər.

Belə ki, Milli Məclisin deputatı, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Çingiz Qənizadə azvision.az saytına açıqlamasında bildirib ki, ölkəmizdə bir qayda olaraq dekabr ayının sonlarında əfv sərəncamı verilir: “İnsanlar buna köklənib və gözləyirlər. Biz də əfv sərəncamının olacağını gözləyirik. Ümid edirəm ki, bu dəfə də cənab prezident çoxsaylı ailələri, insanları sevindirəcək. Biz bunu gözləyirik”.

Əfv Komissiyasının digər üzvü “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə oxu.az saytına birmənalı şəkildə söyləyib ki, bu ilin sonunadək əfv sərəncamı gözlənilmir: “Güman ki, komissiyanın üzvləri Novruz bayramı ərəfəsində iclasa toplaşacaqlar. Məhz bundan sonra əfv sərəncamı ilə bağlı qanun layihəsi hazırlanacaq”.

Komissiyanın digər üzvü Əliməmməd Nuriyev isə bildirib ki, Əfv Məsələləri Komissiyanın Katibliyi və Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları, təhlükəsizlik və müdafiə məsələləri üzrə şöbənin əfv sektoru fasiləsiz fəaliyyət göstərir: “Əfvlə bağlı daxil olan müraciətlər araşdırılır, müraciətlərlə bağlı müvafiq rəylər alınır. Hazırlanmış ümumi rəylər komissiyanın sədrinə təqdim olunur”.

Komissiyanın üzvü, deputat Məlahət İbrahimqızı isə “Yeni Müsavat”a bildirdi ki, Əfv Məsələləri Komissiyası öz işini davam etdirir:”Toplantıların olub-olmamasıilə bağlı suallara isə cavab vermirəm. Bu bizim işimizdir və mətbuata məlumat vermirik. Mən soruşmuram ki, sizdə iclaslar olur, yoxsa olmur. Siz də soruşmayın”.

Bəs Əfv Məsələləri Komissiyasının iclasları necə keçirilir?

Komissiyasının iclası üzvlərinin azı on üç nəfəri iştirak etdiyi halda keçirilir. İclasda Ali Məhkəmənin sədri, baş prokuror və dəvət olunan digər şəxslər iştirak edə bilərlər. Ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslər barəsində Əfv Məsələləri Komissiyasının qərarları komissiya üzvlərinin ümumi sayının üçdə iki hissəsi səs verdikdə, digər şəxslər barəsində isə sadə səs çoxluğu ilə qəbul edilir.

Əfvetmə barədə məsələ üzrə Əfv Məsələləri Komissiyası toplanmış sənədləri, Əfv məsələləri sektorunun ümumi arayışını, Ali Məhkəmənin və Baş Prokurorluğun əfvetmənin mümkünlüyü barədə rəylərini, digər sənədləri öyrəndikdən sonra müvafiq qərar qəbul edərkən aşağıdakı kimi halları nəzərə alır: törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, törədilmiş cinayət nəticəsində vurulmuş maddi zərərin ödənilməsini və sairə…

Əfvetmə barədə məsələlər Əfv Məsələləri Komissiyasının iclasında baxıldıqdan sonra komissiyada baxılmış sənədlər qəti qərar qəbul edilməsi üçün prezidentə təqdim olunur. Əfv fərmanı ilə məhkum cəzasının qalan hissəsini çəkməkdən azad edilə, təyin olunmuş cəzanın müddəti azaldıla, cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər. Həmçinin ömürlük azadlıqdan məhrum olunmuş şəxsin cəzası 25 ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər, habelə cəzanı çəkmiş şəxsin məhkumluğu götürülə bilər. Əfv fərmanı müvafiq dövlət orqanları tərəfindən fərmanda göstərilən müddəaların mütləq qaydada icra edilməsi üçün hüquqi əsasdır. Əfvetmə şəxsə bəraət qazandıran və cinayətin törədilməsi faktını aradan götürən hal deyil. Əfvetmə məhkum olunmuş şəxsə göstərilən humanizmin təzahürüdür.

Prezident tərəfindən sonuncu əfv sərəncamı  bu ilin mart ayında imzalanıb.  Sərəncama əsasən,  azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 412 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, 2 məhkumun ömürlük cəzası müddətli cəza ilə əvəzlənib. Azadlığa çıxanların arasında siyasilər də var idi. Lakin onlardan bir qismi hələ də həbsdədir.  Bu xüsusda REAL sədri İlqar Məmmədov, AXCP-dən Asif Yusifli, Məmməd İbrahim, Seymur Həzi, vəkil Əliabbas Rüstəmov və NİDA-çı İlkin Rüstəmzadə kimi siyasilərin adlarını qeyd edə bilərik.Hansı ki, Avropanın insan haqlarının müdafiəsi ilə bağlı qurumları bu şəxslərə, xüsusilə də REAL sədri İlqar Məmmədova görə Azərbaycana qarşı təzyiqlər edirlər.

İnsan haqlarının müdafiəsi üzrə işçi qrupunun üzvü Novella Cəfəroğlu isə “Yeni Müsavat”a söyləyib ki, dekabr ayı çıxana qədər əfv sərəncamı olacaq:

“Məndə olan məlumata görə, Əfv Komissiyasının üzvləri yığışırlar. Ona görə də deyirəm ki, əfv sərəncamı olacaq. Ancaq bunun nə zaman olacağını və kimlərin buraxılacağını isə bilmirik. Biz işçi qrupu olaraq məhbuslarla bağlı öz siyahımızı hazırlayıb,  Əfv Komissiyasına təqdim etmişik. Həmin siyahıda bütün jurnalistlərin, bloggerlərin, sabiq səhiyyə naziri Əli İnsanovun, REAL sədri İlqar Məmmədovun və digərlərinin adı var. Ümumilikdə xeyli sayda məhbusun adını siyahımıza əlavə etmişik. Bildiyim odur ki, Əfv Komissiyasının üzvləri toplanırlar və sərəncam da olacaq. Mən şəxsən dekabr ayında əfv sərəncamının imzalacağını gözləyirəm”.