Müsavatdan mandat alacaq namizəd kim olacaq?

0
4

İsa Qəmbər Rauf Arifoğlu “savaş”ının səbəbləri…

Müsavatdan mandat alacaq namizəd kim olacaq?

Müsavatın sabiq başqanı İsa Qəmbərin “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlunun əleyhinə gözlənilməz açıqlama verməsinin səbəbi geniş müzakirə mövzusuna çevrilib. Tərəflər arasında münasibət isə tamamilə soyuyub. Sabiq başqanın bir neçə il öncə “Yeni Müsavat”ın təsisçiliyindən imtina edərək, həmin hüququ R.Arifoğluna buraxması onların arasında qarşılıqlı inam kimi qiymətləndirilmişdi.
İ.Qəmbər “Yeni Müsavat”ın baş yazarının ölkə prezidenti tərəfindən “əməkdar jurnalist” fəxri adına layiq görülməsinə münasibət bildirərkən “İlham Əliyevlə barışmaq rejimlə barışmaq deməkdir” münasibətini sərgiləmişdi. Bununla da illərin dostluğu düşmənçiliyə çevrilmişdi. Çünki R.Arifoğlu sabiq başqanın açıqlamasından sonra “ondan təbrik gözləyirdim, amma etmədi. Bu statusdan sonra isə heç nə gözləmirəm”-deyə, qəzəbini gizlədə bilmədi. Araşdırmalar göstərir ki, İ.Qəmbərin incikliyi heç də “Yeni Müsavat”ın baş yazarına fəxri ad verilməsiylə bağlı deyilmiş. Qeyd edildiyi kimi İ.Qəmbər təsisçilik hüququndan imtina etdiyi zaman R.Arifoğlu ilə aralarında anlaşma olub. Anlaşmaya əsasən “Yeni Müsavat” hər ay sabiq başqana və oğul Turqut Qəmbərə maliyyə yardımı etməliymiş. Uzun müddət onların hərəsinə min manat ödənilməsinə baxmayaraq, R.Arifoğlu sonradan qəzetin maliyyə durumunun çətinliyini əsas götürərək yardımdan imtina edib. “Yeni Müsavat”ın baş yazarı İ.Qəmbərin birmənalı olaraq Arif Hacılını müdafiə etməsi və Müsavat partiyasının qurultayının keçirilməsiylə bağlı onu saya salmamasından narazı qalıbmış. Əslində, R.Arifoğlunu qınamaq olmur. Belə ki, üzun illərdir “Yeni Müsavat” partiyaya ciddi maliyyə dəstəyi göstərib. Öz tərəfdarları ilə bu barədə müzakirə aparan baş yazar dəfələrlə “paramızı yaxşı bilirlər, özümüzü isə pis . Belə məntiqlə davam etmək olmaz”, deyib.
R.Arifoğlunun sabiq başqanla pozulmuş münasibətlərindən ən çox yararlananlar isə, AXCP-nin sədri, siyasi manevrlər ustası sayılan Pənah Hüseyn və Türkiyə Cümhuriyyətində baş yazarla ciddi ortaq biznesi olan Ümid partiyasının sədri İqbal Ağazadə olub. “Yeni Müsavat” AXP-yə və P.Hüseynin oğluna verdiyi əmək haqqının miqdarını iki dəfə artırıb. İ.Ağazadə isə siyasi və bütövlükdə seçki təbliğatını “Yeni Müsavat” vasitəsiylə qura biləcəyinə kifayət qədər ümidli görünür.
R.Arifoğlunu İ.Qəmbərdən narazı salan səbəblərdən biri də, hazırkı Müsavat başqanı Arif Hacılının fəaliyyəti ilə bağlı olub. Uzun illər İ.Qəmbər “Yeni Müsavat”ın partiyanın fəaliyyətindəki rolunu yüksək qiymətləndirməsinə baxmayaraq, A.Hacılı qəzetə etinasız yanaşıb. Sirr deyil ki, “Yeni Müsavat”ın baş yazarının da başqanlığa iddiası olub. İ.Qəmbərin ona bu barədə təklif verməməsi R.Arifoğlunu narazı salıb. Məhz bundan sonra partiyada parçalanmalar baş alıb gedib ki, bütün olanlarda baş yazarın rolu inkaredilməzdir. R.Arifoğlunun daima narazılara tribuna verməsi və bu gün Müsavatdan narazı düşmüş “Ağ yol”çulara dəstəyini gizlətməməsi söylədiklərimizi bir daha təsdiq edir.

İ.Qəmbər siyasi fəaliyyətinin ən uğursuz zamanını yaşamaqdadır. Sabiq başqan Milli Məclisə seçkilərə qatılacağını açıqlasa da, qələbəyə ümid bəsləmədiyi açıq-aşkar sezilir. Düzdür, İ.Qəmbər Müsavatın son qurultayından sonra partiyada baş verənlərdən razılığını büruzə verməyə bilmirdi. O, daha çox “Müsavatı yalnız mən idarə edə bilərdim” iddiasını ortaya qoyurdu. Sonu isə bəllidir. Sabiq başqanın öz iddiasına qurban verdiyi “qatar”ın arxasınca hələ çox baxacağına şübhə yoxdur. Çünki parlament seçkilərindəki növbəti məğlubiyyət onun Müsavatda yeganə qoruyub saxlaya bildiyi başqanlıq kabinetini itirməsi kimi, bütün siyasi perspektivinin üstündən birdəfəlik qara xətt çəkə bilməsinə səbəb olacaq. Əksinə, Müsavatı tamamilə darmadağın etməyi bacaran A.Hacılının seçki ilində yeni uğurlar qazana bilmək ehtimalı böyükdür. Müsavat partiyasından mandat qazanmasına vəd verilən də məhz A.Hacılıdır. Parlamentə mandat qazanacağı halda yalnız müxalifətə meydan oxuyacağı artıq bəlli olan Müsavat başqanının iqtidar üçün təhlükə yarada bilməyəcəyi aydındır.
“Yeni Müsavat”ın baş yazarı isə sabiq başqanı kimi növbəti dəfə mandat qazana bilməyəcək. Ölkə iqtidarının “hədiyyə”ni ildə bir dəfə verməsi faktı dəfələrlə təsdiqini tapdığından “Əməkdar jurnalist” fəxri adına layiq görülmüş Rauf Arifoğlunun parlamentdə kreslo ala biləcəyi inandırcı görünmür.

Nicat Sadiq

LEAVE A REPLY