Dövlət Komitəsi teleaparıcı Zaur Kamalın 15 yaşlı qıza elçi getməsini araşdırdı – QALMAQAL

0
4
Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsi “Xəzər” TV-də yayımlanan “5-də 5” verilişindəki qanundankənar kadrlarla bağlı araşdırma aparıb.

Bu barədə qurumun İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova Modern.az-a açıqlamasında deyib.

“Məsələ ilə bağlı Ağdam rayonu üzrə Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən araşdırma aparılıb, kadrlarda bəhs olunan qız hazırda 9-cu sinifdə oxuyur. Oxuduğu məktəbin direktoru Rasim Əliyevlə də əlaqə saxlanılıb. O, bildirib ki, qızın dərsə davamiyyəti yaxşıdır. Şagirdlə söhbət aparılıb və qız deyib ki, çəkiliş qəfildən gəlib, əvvəldən belə bir çəkilişin olacağını gözləmirdilər. Məktəbli həmçinin bildirib ki, elçi gələn ailəni tanımır, oğlanla əvvəldən tanış olmayıb. Eyni zamanda, Ağdam rayon Təhsil şöbəsi və rayon İcra hakimiyyətinin müvafiq qurumları tərəfindən ailə nəzarətə götürülüb”.

A.Veysəlova qeyd edib ki,  Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsi belə halları pisləyir: “Bu, uşaq hüquqlarına, Ailə Məcəlləsinə və qanunvericiliyin aidiyyatı müddəalarına ziddir. Ona görə də verilişlərin belə bir mövzuda aparılmasına münasibətimiz mənfidir. Hər jurnalist çalışmalıdır ki, hüquqları, qanunları bilsin, verilişdə, fəaliyyətində bunlara riayət etsin. Əgər hüquqazidd bir hadisə varsa bu, efirə çıxarılmamalıdır. Bu baxımdan jurnalistlərlə iş aparırıq, təlimlər keçiririk ki, bu cür hallar ortaya çıxmasın”.

Dünən “Xəzər” telekanalında yayımlanan “5-də 5” verilişinin aparıcısı Zaur Kamalın atdığı addım cəmiyyətdə birmənalı qarşılanmayıb.

Belə ki, aparıcı Z.Kamal oğlan evinin istəyilə 15 yaşlı qıza elçi düşüb. Elçilik prosesini həyata keçirən aparıcı bir neçə tanınmış şəxsi də özü ilə aparıb. Burada tənqid hədəfinə tuş gələn məsələ 15 yaşlı qızın nikaha cəlb edilməsinin təbliğidir.