“TESTLƏR ELƏ ŞƏKİLDƏ QURULUR Kİ, SƏN ROBOTA ÇEVRİLƏSƏN”

0
4

“TESTLƏR ELƏ ŞƏKİLDƏ QURULUR Kİ, SƏN ROBOTA ÇEVRİLƏSƏN”

Ismixan YUSUBOV: “SİYASİ İRADƏ OLSA, MƏKTƏBLƏRİN NORMAL FƏALİYYƏTİNİ BƏRPA ETMƏK LAZIMDIR”

Milli Azadlıq Hərəkatı dövründə, bütün oxunma və paylaşma, hətta satılma rekordlarını qıran broşura formasında bir kitabça yayılmışdı. Çox qısa müddətdə bir neçə dilə, o cümlədən də rus dilinə tərcümə olunaraq, bir sıra ölkələrdə, o cümlədən də keçmiş Sovetlər məkanında yayılan kitabçanın adı “Dosta məktub” idi. O zamanlar ömrünün gənclik illərini yaşayan müəllim İsmixan Yusubovun pribaltikalı dostuna yazdığı məktubun bu qədər populyarlıq qazanacağını, bəlkə müəllifin özü də düşünməmişdi. Ancaq olanlar oldu və bir müddət sonra İsmixan Yusufov da, o dövrün əfsanəvi qəhrəmanlarından bir çoxu kimi, siyasi proseslərdən kənara çəkilərək cəmiyyətin içində sanki qeyb oldu…
Bu günlərdə növbəti köçümü başa vurub, (mən qəzetçilik fəaliyyətinə başlayandan bəlkə də 300 dəfə köç eləmiş bir adamam, Bakıda mənim, hər dəfəsində də, sıfırdan başlayaraq redaksiya qurmadığım çox az məkan qalıb) bir azca rahatlayandan sonra arxivlərimin gizləndiyi qapalı qutulardan birində İsmixan Yusufovun “Dosta məktub” kitabının rus versiyası rastıma çıxdı. Elə o anda da İsmixan müəllimi axtarmaq və əgər tapa bilsəm, onunla görüşmək qərarıını verdim. Tapdım İsmixan müəllimi və onunla isti yay axşamının bürküsündə boğulan Milli Parkda görüşdük. Çox məqamlardan, çox mətləblərdən danışdıq və söhbətimizin bir qismini də diktofona yazmaq üçün onu güc-bəla razı sala bildim. Çox maraqlı və çox narahat adamdı İsmixan müəllim. Hələ də, yaşının 70-i keçməsinə rəğmən, öz dediyi kimi oxumaq, yazmaq, öyrənmək və öyrətmək həvəsi ilə yaşayır. Adam, elə özünün də dediyi kimi müəllimdi, düşünməyi, düşündürməyi bacaran, yaşadıqca öyrənən, öyrəndikcə öyrətməkdən yorulmayan bir müəllim. Belələri haqda adətən deyirlər ki, o, anadan məhz müəllim olmaq üçün doğulub, yəni İsmixan Yusufov anadangəlmə MÜƏLLİMDİ və bu cür müəllimliyə təkcə oxumaqla, öyrənməklə yetinilməz. Ona MÜƏLLİMlik Yaradanın lütfü, Tanrının hədiyyəsi kimi verilib.
Sərdar ƏLİBƏYLİ

“TƏHSİLDƏ MÜTLƏQ USTA-ŞƏYİRD YANAŞMASI OLMALIDI”

DOSYE:
“ATLANTİDA” xərabələrinin axtarışına, arayışına çıxmış, amma bu işdə xeyli gecikmiş olduğunu etiraf etmək məcburiyyətində qalan kimsə. Həyat hekayəsi (1945-2015): 17 il Akstafa rayonunun Poylu kəndi – başarılı; 2.5 il “Atlantida” – başarılı; 3 il Moskva – başarılı; 2.5 il “Atlantida” xərabələri – dözmək olar: 1 il Cəlilabad – başarılı; 22 il Bakı – dözmək olmur: 7 il Türkiyə, İzmit – idarə edər; 12 il Türkiyə Sakarya – başarılı; 2.5 il “Atlantida” xərabələri – başarısız; 0.5 il “Atlantida” xərabələri ilə pərvazlanmaq cəhdi – başarısız. Bizimki də bura qədərmiş.

– İsmixan müəllim, nə var, nə yox, nətərisiniz?

– Sağ olun, təşəkkür edirəm, necə görürsünüzsə, eləcə də varam.

– Bayaqdan bir şey haqqında düşünürəm ki, mən sizi oxuculara nə cür təqdim eləyim? Bəlkə təqdimatınızı özünüz eləyəsiniz.

– Vallah, oxuculara məni necə təqdim etmək lazımdı ki? Bayaqdan oturub söhbət eləyirik, məni necə görürsənsə, oxuculara da elə o cür təqdim eləyə bilərsən. Mən sadəcə oxumağı, yazmağı qədərindən artıq sevən və bütün oxuyub yazdıqlarını da başqalarına söyləmək həvəskarı olan bir adamam. Bütün ömrüm boyu öyrənməyə, oxumağa çalışmışam. Və bu həvəs məndə gerçəkdən də xəstəlik səviyyəsindədi. Bu yaşımda da oxuyub öyrənmək xəstəliyindən yaxa qurtara bilməmişəm. Elə eyni səviyyədə də öyrəndiklərimi bir başqasına çatdırmaq, danışmaq, öyrətmək istəyim var, başqa cür də olmaz axı. Çünki mən müəlliməm və yəqin ki, məni oxuculara da bu cür təqdim etmək yetər, sadəcə müəllim kimi.

– O zaman soruşmaq ayıb olmasın, bu oxuyub öyrənmək xəstəsi, oxuduqlarını öyrətmək dəlisi olan İsmixan müəllimin səsi niyə auditoriyalardan yox, Sərdar Əlibəylinin diktafonundan gəlir?

– (Ürəkdən gülür) Bunu yaşla bağlayıram. Mən baxdım ki, bu yaşımda istədiyim tempdə, içimdən gəldiyi kimi bu işi görə bilmirəm və bu, birmənalı belədir. Tolstoyda “nəticənin səbəbləri” deyən bir şey var. Bu o deməkdir ki, ortada bir nəticə var. Nəticə də ondan ibarətdi ki, 2015-ci il yanvarın 1-dən istefaya getdim. Təbii ki, mənə gələndə “gözümüz üstə yerin var” deyilib, “xoş gəlibsən” deyiblər. Mənə münasibət də yüksək səviyyədə olub, amma o münasibətin yüksək səviyyədə olması azdı, yəni belə demək mümkündüsə, həm də ortada bir yaşam atmosferi olmalıdı. Belə ki, ətrafımdakı insanlardan da mən həm özümə, həm də gördüyüm işə qarşı o münasibəti görməliyəm. Konkret rəhbərlikdə olan şəxs mənə qarşı yaxşı münasibətdə ola bilər, mənə isə lazımdı ki, ordakı süpürgəçidən də yaxşı münasibət olsun. Və o cür münasibət süpürgəçinin özünə də bəslənilsin. Ətrafda qızlı-oğlanlı o qədər tələbələr, müəllimlər, kafedra müdirləri və filan qədər digər adamlar var. Bunların hamısı da bir yerə toplaşanda baxırsan ki, ortada bir ab-hava yaranır. Yəqin ki, o ab-hava mənə uyğun olmayıb.

– Bayaq bir söz dediniz ki, siyasətlə iqtisadiyyat bir bezin qırağıdı və indi onların hər ikisində də bir murdarlıq var. Bəlkə sizə, konkret olaraq uyğulanan siyasət və ekonomik durum uyğun olmayıb? Yəni təkcə sizə görə yox, ümumilikdə uyğulanan siyasətdən söhbət gedir. Və yaş söhbətini sadəcə burda vəziyyətdən çıxmaq üçün bəhanə gətirdiniz?

– Yox, yox, yaş məsələsi doğrudan bəhanə deyil. Yeri gəlmişkən, əksər müəllimlər tələbələrdən şikayətlənirlər. Ancaq məni tanıyanlarla nə vaxtsa söhbət etsəniz, görəcəksiniz ki, mən heç vaxt tələbələrdən şikayət etməmişəm. Böyüklərimizdən də heç vaxt şikayətim olmayıb. Açığı, şikayətlənmək mənə yaraşmır və bunu özüm-özümə yaraşdırmıram. Adam da bu yaşında şikayətlənərmi? Bizim bir dostumuz var – Qurban Qasımov. O deyirdi ki, ”atam deyir 40 yaşına qədər adam qorxa bilər, amma 40 yaşdan o tərəfə də qorxursansa, demək özündə problem var”. Demək istədiyim odur ki, bizim nə yuxarıdan, nə də aşağıdan heç bir şikayətimiz yoxdu. Artıq yaşım 70-di və müəyyən sağlamlıq problemləri də var. Belə bir vəziyyətdə istər-istəməz getdiyin yerdə müəyyən çətinliklə üzləşirsən. Bu çətinlik fiziki də, mənəvi də ola bilər. Indiki halda, mənim auditoriyalarda ola bilməməyimin səbəbləri sırasında bu halın ikisi də var.

– İsmixan müəllim, sizcə tələbə auditoriyasında dərs keçən bir müəllimin yükü çoxdu, yoxsa Azərbaycan elminin məsuliyyətini yüklənmiş akademiyanın prezidentinin?

– Aydındı ki, prezidentin yükü daha çox olar.

– Azərbaycan Elmlər Akademiyası prezidentinin neçə yaşında olduğunu bilirsinizmi?

– Mənə elə gəlir ki, o, cavandı. Hər halda 50-dən yuxarı olmamalıdı, məncə o ətrafda olar.

– Adamın 90-a yaxın yaşı var.

– O qədərini bilmirəm.

– Mən də bunu məlumat üçün dedim. Ümumiyyətlə Azərbaycanda təhsilin vəziyyəti nə yerdədi? Sizin həm də digər ölkələrlə və qardaş Türkiyənin təhsil sistemi ilə bizimkini müqayisə etmək kimi imkanınız var.

– Mən yolda gələndə də elə bu haqda düşündüm ki, yəqin siz məndən təhsil sistemi barəsində də soruşacaqsınız. Ağlıma da bir şeylər gəldi və yəqin ki, indi deyəcəklərim çoxlarının xoşuna gəlməyəcək. Amma ağlıma gələn o şeyləri indi sizə deyəcəm. Deyəcəyim odur ki, test sistemi ümumən düzgün bir şey deyil. Bu mənim illərdən bəri apardığım müşahidələrdən gəldiyim qənaətdi.

– Nə mənada düzgün deyil ki?

– Test sistemi düşünmək üçün deyil və testlə imtahan verməyə gedən adamın düşünərək getməsi lazım deyil. Yəni, mən belə düşürəm ki, test sistemi ona görə belədi ki, düşünmədən əmrləri yerinə yetirən, amma düz yerinə yetirən adamlar yetişsin. Biz hələ orta məktəbdə oxuyanda kosmonavtikadan-filandan danışanda deyərdilər ki, Amerikada test sistemi var. O zaman biz ümumiyyətlə testin nə olduğunu bilməzdik və onu bizə belə izah edirdilər ki, qarşında yüzlərlə nöqtələr var ki, onların hamısı ilə təmasda olmalısan. Lakin bütün bunları doğru şəkildə həyata keçirməyə nail olmaq, oxumaqla-filanla bacarılan iş deyil. Ancaq testlər elə şəkildə qurulur ki, sən bir robota çevriləsən və eynən robotlar kimi də, səhvə yol verməyəsən. Yəni, işin mayasında əmrlərin olduğu kimi yerinə yetirilməsinə nail olmaq məsələsi var. Bax, əslində test sisteminin mahiyyəti budu. Amma düşünən adam yetişdirə bilmək üçün test sistemi yox, müəllimlə abuturientin, tələbənin üz-üzə oturması, biliklərin yoxlanışı ilə yanaşı, həm də söhbət edərək lazımi dəyərlərin ortaya çıxarılması gərəkdir. Amma indi mən bir şeyi də demək istəyirəm, bir söz var, deyillər ki, imam üçün ağlayanda, arada yezid üçün də ağlamaq lazımdı. Əslində mənim test sistemini Azərbaycana gətirən adamlara hörmətim var. Bilirsinizmi niyə? Çünki testi gətirənə qədər olan təhsil sistemində o qədər murdar vəziyyət yaranmışdı ki, artıq o cür də gedə bilməzdi. Təsəvvür edin ki, əgər 25 nəfərdən imtahan götürürdünsə, bunun ən azı 20-si tapşırıqla və ondan da betər yollarla qiymət alırdı. Kənarda da vur-tut 5 nəfət kasıb-kusub? yetim uşaqlar qalırdı. Yəni belə bir müsibət qarma-qarışıqlıq yaranmışdı. Özü də mən burda təkcə qəbul imtahanlarından danışmıram. Axı, bu yaramazlıqlar təkcə qəbulla bitmirdi. O murdarçılıqdan çıxmağın tək yolu test sisteminin tətbiqi idi. Bu təxminən hələ Leninin dövründə tətbiq olunan iqtisadi sistem kimi bir şey olmalıydı. Qoy görüm adı nəydi o sistemin…

– Yəqin “NEP” demək istəyirsiniz?

– Ay sağ ol. “Novaya Ekonomiçeskaya Politika”. Bu sistem ölkənin iqtisadiyyatının bir müddət özünə gəlməsi üçün, bir az da məcburiyyətdən tətbiq olunan sistem idi. Amma o da özünə gəlincə özüqarışıq hər şeyi aradan çıxardı.

– İndi Azərbaycanda adına təhsil siyasəti deyilən bir nəsnə var və buna siyasət demək olurmu, bilmirəm. Ancaq olduqca maraqlı və o qədər də acınacaqlı bir durum yaranıb. Məktəblər öz funksiyasından kənarlaşdırılıb və demək olar ki, ölkə boyu məktəblərdə dərs keçirilmir. Həmçinin bütün valideynlərə və uşaqlara da müxtəlif yollarla təlqin olunub ki, repititor yanına getməyən, əlavə hazırlıq keçməyən şagirdlər instituta qəbul ola bilmir. Bu da əslində test sistemi ilə gələn fəsadlardan biridir. Sizcə bu məsələ nə cür həll olunmalıdı, yəni məktəblərmi geri qaytarılmalıdı, yoxsa ölkə bütünlüklə repititor sisteminə keçib məktəblərin bağlanması lazımdır?

– Sizə məşhur bir atalar sözünü xatırladım: ”Çobanın könlü olsa, təkədən pendir tutar”. Yənu bu məsələnin də yolu budur. Könül olsa, siyasi iradə olsa, əlbəttə ki, normal məktəblərə qayıtmaq və məktəblərin fəaliyyətini bərpa etmək lazımdır. Bununla bərabər təbii ki, mən deyən formada məktəblərin fəaliyyətini bərpa edəndən sonra test sistemi aradan getməlidi. Mən testin əleyhinəyəm. Bir daha deyirəm ki, bu test məsələsinə NEP kimi baxılmalıydı. Bu da, hələ sovetlərin dövründən mövcud olan təhsil sistemini öz ağuşuna almış murdarçılıqlardan qurtarmaq üçün lazım idi. Axı, biz hamımız bu işlərin içində olmuşuq. Ali məktəblərə girişdən tutmuş ta təhsilin sonuna qədər ancaq tapşırıq, rüşvət və bu amillərdən doğan digər murdarçılıqlar baş alıb gedirdi. Hətta iş o yerə gəlmişdi ki, az-çox əziyyət çəkib oxuyan, ancaq tapşırılmayan uşaqlar auditoriyaya girməyə, müəllim qarşısına çıxmağa utanırdılar. Tələbələr adətən öz aralarında, tutaq ki, riyaziyyatın, fizikanın məsələlərini müzakirə etmək, bu yöndə mübahisələr açmaqdan daha çox, əmilərindən, dayılarından, onların imkanlarından danışırdılar. Yəni, elə bir psixoloji mühit yaranmışdı ki, tapşırılmayan tələbələrə yaxşı baxmırdılar və arxasınca deyirdilər ki, əə bu haranın yetimidi və s. Bax, o şəraitdən qopmaq üçün test lazım idi. Amma bu testin ömürlük damğa kimi alnımıza vurulması şərt deyildi. Yəni, biz normal təhsil sistemi ortaya qoyub, müəllim-tələbə, ata-bala kimi üz-üzə oturmalıydıq. Ümumiyyətlə mən hesab edirəm ki, təhsildə mütləq usta-şəyird yanaşması olmalıdı. Əsl məsələ də budu. Yəni necə ola bilər ki, sən gedib testi əzbərləyib gələsən və ali məktəbə girəsən. Hər şey müəllim-tələbə arasında qarşı-qarşıya olmalıdı. Mən qarşımda oturan tələbəyə baxmalıyam və səmimi olaraq, onun bilik və dünyagörüşünü bəlli dəyərlərə baxışlarını, ümumiyyətlə cağdaş zamana uyğun münasibətlərini dəyərləndirməliyəm və yekun qiymət də buna əsasən ortaya çıxmalıdı. Əslində bizdə insanlara inam yoxdu və ona görə də ortaya bu test məsələsi çıxdı. Yaponlardan Sovetlər vaxtında oxuduğum bir misalı indi sizə deyəcəm. Bir yapon o birinə deyir ki, filan yerdə filan şey olub, təcili get ona bax, gəl. Ora gedib-gəlmək isə azı 2 saat vaxt aparmalıdı. Adam gedib yarım saatdan sonra qayıdır ki, yolda dostumu gördüm və məsələni ondan soruşdum. O, mənə olanların təfərrüatını bildirdi. Göndərən adamsa deyir ki, sənə dedim axı məsələ ciddidi, gərək özün gedəydin. Cavabında o birisi bildirir ki, əgər bizim insanlara güvənimiz olmasa necə işləyə, necə yaşaya bilərik. Yəni, tutaq ki, yaponlarda cəmiyyət üzvlərinin bir-birilərinə belə güvəni var. Yadıma düşmüşkən, Yaponiya ilə bağlı bir şey də deyim. Mənim yaxın dostlarımdan biri o vaxtlar, haradasa 10-11 ay Yaponiyada işləyəsi oldu və biz onunla mütəmadi görüşür, telefon əlaqəsi saxlayırdıq. Bir gün o mənə çox maraqlı bir şey dedi. Dedi ki, qulaq as, birdən Yaponiya ilə müharibə-filan olsa, mən yaponların tərəfində vuruşacam. Bilirsinizmi, bu cür şeylər məni yaralayan şeylərdi. Təsəvvür edin ki, 10 ay bir ölkədə yaşayırsan və sənin ağlına xəyal belə edə bilməyəcəyin şeylər gəlir. Bəs məsələ nədədi? Görün adam orda nə qədər insanlıq görüb, nə dərəcədə ona dəyər veriblər ki, bu onun müqabilində özünü onların uğruna oda atmağa da hazırdı. Yəni, istənilən yerdə bir dəyər almalısan ki, ona da qarşılıqlı dəyər verə biləsən. Bax, bu cür məsələlərlə bağlı bizdə olan naqisliklər və ən əsası da bir-birimizə güvən olmadı deyə, biz test sisteminə getmək zorunda qaldıq. Bəli, bizim də cəmiyyətdə elə güvən yaransa ki, o da “çobanın könlü olsa” məsələsidi, mənə elə gəlir ki, testi bir kənara qoya,r normal insani münasibətlərə dayanan və ən əsası da düşünən insan yetişdirən bir sistem tətbiq edərik. Bu yerdə öz qısır ağlıma dayanaraq, bir şeyi də demək istəyirəm. Məsələ burasındadı ki, indi qlobal şəkildə bir testləşmə prosesi gedir. Yəni söhbət təkcə Azərbaycandan getmir, bu söhbət bütün dünyada gedir. Burda da tək bir fikir və tək bir istək var ki, adamlar robot olsun, mənəviyyatdan və digər bütün insani dəyərlərdən uzaq düşsün. Yəni, insanlardan istənilən əmri yerinə yetirəcək maşın düzəltmək istəyi var işin içində. Bax belə bir hava gerçəkdən var və axırı necə olacaq bu da zamana bağlıdı.

– Elə indi Yaponiyadan bir neçə misal gətirdiniz. Sizcə orda bunu etmək, yəni insanların kimlərinsə istəyinə uyğun robotlaşdırmaq mümkündürmü?

Ardı var…

LEAVE A REPLY