Bu açıqlamanı ABŞ Prezidenti Donald Tramp öz “Twitter” səhifəsində paylaşıb.
Prezident bildirib ki, ABŞ tezliklə öz ticarət balansındakı kəsiri aradan qaldıracaq:“Mənim Asiya ölkələrinə səyahətimdən sonra bizimlə ticarət edən ölkələr anladılar ki, qaydalar artıq dəyişib. ABŞ-la qarşılıqlı əməkdaşlıq düzgün aparılmalıdır. ABŞ-n həddindən artıq yüksək ticarət kəsiri artıq azalmalıdır”.
Qeyd edək ki, ABŞ-ın 2017-ci ilin ilk 9 ayında xarici ticarət kəsiri 403,1 mlrd. dollar təşkil edib, bu da, təxminən, ÜDM-in 2,1%-nə bərabərdir.
“Report”un analitik qrupu bildirir ki, ABŞ-ın ticarət kəsirini azaltması onun ticarət tərəfdaşlarının ticarət profisitinin azalmasına, hətta mənfi saldoya keçməsi ilə nətəcələnə bilər: “Nəticədə ABŞ-dan daha az valyuta axını baş verəcək ki, bu da ölkədə likvidliyin artmasına, FED-in faizləri artırmasına və əlavə likvidliyi absorbasiya etməsinə gətirib çıxaracaq. Bu addımların hamısının nəticəsi isə ABŞ dollarının möhkəmlənməsinə səbəb olacaq”.
Analitik qrup Trampın mümkün ikinci prezidentlik dövründə, yəni 2020-ci ildən sonra dolların məzənnəsinin 0,8 avrodan aşağı olacağını, qızılın 750-800 dollar/unsiya, neftin isə 25 dollar/barel səviyyəsində olacağını proqnozlaşdırır.