Səfir Arif Məmmədov prokurorluğun ittihamlarına cavab verdi
Keçmiş diplomat Arif Məmmədov 2007-2012-ci illərdə Azərbaycanın Avropa Şurası nümayəndəliyinin rəhbəri olduğu müddətdə mənimsəmə və digər maliyyə sui-istifadələri ilə bağlı Baş Prokurorluğun ona qarşı irəli sürdüyü ittihamları rədd edib.
Virtualaz.org saytı bildirir ki, o, prokurorluğun ittihamlarına özünün Facebook səhifəsində cavab verib.
A.Məmmədovun fikrincə, Azərbaycan hakimiyyəti onun Avropada müdafiə altında olduğundan yaxşı xəbərdardır.
“Bu məsələlər Avropa İttifaqı qurumlarının gündəliyindədir. Avropa İttifaqı ölkələrinin Bakıdakı səfirlikləri Brüsseli bu məsələ ilə bağlı hər zaman məlumatlandırır. Azərbaycan hakimiyyəti yaxşı bilir ki, mən Avropada hərtərəfli müdafiə altındayam” . – deyə bir az əvvəl tərəfdarlarını avqustun 15-də jurnalist Rasim Əliyevin ölümü ilə bağlı ağ paltarda və və ağ qərənfillərlə Şəhidlər Xiyabanına dəvət edən A.Məmmədov vurğulayıb.
O, həmçinin öz tərəfdarlarını “Azərbaycan – 2025” proqramının üzərində işləməyə çağırıb.