“Yanlış müalicə görmə qabiliyətimi itirməyimə səbəb oldu”

0
4

“Yanlış müalicə görmə qabiliyətimi itirməyimə səbəb oldu”

Çingiz Muradov:“Həkimlər mənim üzərimdə bəlkə belə etsək sağalar deyib eksperiment aparırdılar”

Bu gün sürətlə inkişaf edən ölkəmizdə insanların rifah halı da təxminən eyni nisbətdə, yəni iqtisadi inkişafla mütənasib olaraq artmaqdadır. Bəs, əlillərimizin həyat səviyyələri necə? Onlar ölkəmizin artan milli gəlirindən paylarına düşən qismi ala bilməkdədirlərmi? Və yaxud bu gün Azərbaycanda yaşayan və əmək qabiliyətini itirmiş, və yaxud da bu kateqoriyadan sayıldıqları üçün işlə təmin olunmayan, əslində isə müxtəlif sahələrdə çalışa biləcək durumda olan, lakin bəzi məmurlarım, iş adamlarının zehni əngəlli olmaları ucbatından iş tapmaları az qala möcüzəyə dönən əlillərimizin gün-güzəranları necədir? Vətəndaşlarımızın ictimaiyyət içərisində çox da görmədiklərindən bu hallarla maraqlanmadıqları, bəlkə də ailələrində, yaxud da qonşularında əlil olmayanlarınsa ümumiyətlə bu problemdən bixəbər olduqları bir şəraitdə əlillərimizin sosial iqtisadi durumları ilə maraqlanaraq onların keçim və məşğulluq problemlərini araşdırmaq, habelə məsələni ictimailəşdirmək, sadəcə dövlət qurumlarımızın deyil, bütövlükdə sadə vətəndaşlarımızın da diqqət mərkəzinə gətirmək istədim. Çünki əlillərimizin gündəlik həyat tərzi, onların və ailələrinin yaşamaqda olduqları sosial şərait, çəkdikləri sıxıntılar və bəlkə də həyatları boyunca həll olunmadan onlara yoldaşlıq edən qayğılar məncə hər bir Azərbaycan vətəndaşının daima diqqət mərkəzində olmalıdır. Ən azından ona görə diqqət mərkəzində olmalıdır ki, əlillərimizin problemləri onların sadəcə sosial rifah halını düzəltməklə həll olunacaq qədər deyildir. Əgər bununla həll olunacaq olsaydı hər şeyi hökumətimizin üzərinə atar, başqasından bir şey gözləməzdik. Burada məsələnin sadəcə maddiyyat olmadığını kütlə olaraq anlamamız və əlillərə yanaşma tərzinin də dəyişilməli olduğunu bilməmiz gərəkməkdədir. Onlara sadəcə yardıma möhtac insanlar kimi davranaraq acımaqdansa, ən yaxşısı hər biri ilə çalışma ortamında bərabər hüquqlu yoldaş olmamızı həzm edə bilərsək bu onlara edə biləcəyimiz ən böyük yaxşılıq olacaqdır.
Əlillərin sosial rifah halları, çəkdikləri sıxıntılar, eləcə də həyatlarını daha da asan hala gətirə biləcək amilləri onların özlərindən daha yaxşı kimsə bilə bilməz. Elə ona görə əlillərin məşğulluq, həmçinin dolanışıq və digər problemlərini bu kateqoriyaya aid şəxslərdən biri ilə müzakirə etmək qərarına gəldim. Məsələ ilə bağlı müsahibim birinci qrup gözdən əlil və hazırda Bakı şəhərinin Binə qəsəbəsində yaşayan Çingiz müəllimdir.

-Salam, Çingiz müəllim.

-Salam, xoş gördük.

-Çingiz müəllim, öncə sizi tanımaq istərdik.

-Mən 1978-ci ildə Lənkəran rayonunun Qurumba kəndində doğulmuşam. Əvvəllər orada yaşayırdıq, lakin daha sonra şəraitsizlik, sosial şərtlərin olmaması və digər səbəblərdən Binə qəsəbəsinə köçdük.

-Bakıya çoxdan köçmüsünüz?

-O qədər də yox. 2007-ci ildə torpaq aldıq, sonra da ailəmiz yığışıb bir ev tikdi, hamımız çıxıb gəldik bura.

-Ailədə neçə nəfərsiniz?

-Dörd qardaşıq.

-Evlisiniz?

-Bəli, iki övladım var.

-Sizdə görmə qabiliyyətinin olmaması anadangəlmədir, yoxsa sonradan olub?

-Xeyr, anadangəlmə deyil, beşinci-altıncı siniflərdə oxuyurdum, gözlərimdə zəifləmə başladı və yanlış müalicə bu zəifləməni sürətləndirərək daha tez görmə qabiliyətimi itirməyimə səbəb oldu.

-Təəssüf ki, indi bizdə xəstələrin çoxu yanlış diaqnoz və müalicədən şikayətlənir. Hələ bölgələrdə ixtisaslı və bilikli həkimlərin çatışmaması ucbatından vəziyyət daha da ağırdır.

-Bu barədə sizinlə razıyam, mənim ilkin olaraq müalicə aldığım tibb ocağında həkimlər təəssüf ki, xəstəliyimin səbəbini bilmirdilər və mənim üzərimdə bəlkə belə etsək sağalar deyib eksperiment aparırdılar. İşin ən acı tərəfi də orasındadır ki, mən özüm də həkimlərin çarəsizliyini hiss edirdim, lakin uşaq olduğumdan səsimi çıxarıb bir söz deyə bilmirdim.

-Bəs Bakıya, ya da hansısa qonşu ölkəyə nə əcəb üz tutmadınız? Axı, bu qeyd etdiyim yerlərdə həm həkimlər, həm də tibbi avadanlıqlar Lənkərandakından qatbaqat daha üstündür.

-Ay dünya…

-Nə oldu, niyə fikrə getdiniz?

-Sadəcə Lənkəranda müalicə olunmadım, ağırlaşdıqdan sonra öncə Sumqayıtda, daha sonra da Bakıda müalicə olundum.

-Bəs heç birindən fayda görmədiniz?

-Lənkəranda olanda musiqi məktəbində oxuyurdum, gözlərim zəifləmişdi və yazı taxtasına yazılan hərfləri seçə bilmirdim. Həmin dərsdən azad olunmaq üçün dedilər ki arayış gətirim, biz də ilk o vaxt həkimə getdik. Orada məni müayinə edən həkim dedi ki, on gün yatmalısan, yoxsa arayış verə bilmərəm. Mən də yatdım. Hər gün gözlərimin içinə iynə vururdular, səhərə qədər yata bilmirdim, yorğanı başıma çəkib ağlayırdım. Müalicə olunduğum yer də elə gündə idi ki, ora xəstəxana deməyə min şahid lazım idi, qış olmağına baxmayaraq şüşələr qırıq, şüşəsi salamat olan pəncərələrin də taxtaları əyri-üyrü, aralardan külək üfləyir, natəmizlik… Hansını deyim… Orada müalicə olunduqdan sonra heç bir fayda görə bilmədim, qazancım dərsdən azad olmağım haqqındakı arayış idi, amma itirdiklərim isə gözlərim…

-Orada müalicə alarkən gözləriniz tutuldu?

-Yox, amma daha da zəiflədi.

-Bununla da təhsiliniz yarımçıq qaldı?

-Yox, məktəbdə müəllim dərs keçəndə diqqətlə qulaq asır, hər şeyi yada saxlamağa çalışırdım, musiqi məktəbində də elə… İfa baxımından istedadım var idi, sadəcə notlarda geri qalırdım.

-Bakıya köçmək barədə nə vaxt qərara gəldiniz?

-Hələ kənddə olanda, orta məktəbi bitirdikdən sonra evləndim, bir xalam var əri ilə Moskvada olur. O toyuma gəlmişdi, qayıdanda məni də götürüb özü ilə ora həkimə apardı. Yoxlandıq, müayinə edən həkim bir az bizim həkimlərin qarasına danışıb dedi ki, səndəki xəstəlik elə bir xəstəlikdir ki, buna iynə müalicəsi olmaz, ancaq güclü vitaminlərlə gözün tam tutulmasını gecikdirmək olar. Amma mənə nə institutda, (akademik Zərifə Əliyeva adına Göz Xəstəlikləri institutu) nə də başqa bir yerdə belə deməmişdilər, elə hara gedirdimsə iynəsini götürən gəlib deyirdi gözünü aç vurum…

-Gözləriniz tam olaraq nə vaxt tutuldu?

-25-26 yaşım olardı.

-Hə, Bakıya necə köçməyinizdən danışırdıq.

-Xalam məni Moskvada müayinə etdirib yola salandan bir neçə il sonra təkrar kəndə gəlmişdi. Oturduq, danışdıq, atama dedi ki, Çingizə borc verirəm, gedin Bakıda torpaq alın, köməkləşib bir ev tikərsiniz. Nə var burada, işıqlar sönür, nə vaxt yanacağını da kimsə bilmir, qaz yox, qapıda su yox, Allahın telefonu da doğru düzgün işləmir. Atam da razılaşdı. Düzdü, xalamgilin elə də çox imkanları yox idi, odur ki, imkana görə gəlib Binədə ən ucuz yerdə torpaq aldılar. Sonra da bir ev tikib yığışdıq içinə.

-Bəs dövlətdən hansısa kömək, qayğı görmürsən? Rayon Sosial Müdafiə İdarəsindən səni axtarıb arayan var?

-Hələ Lənkəranda olanda birinci qrup əlilliyə görə təqaüd kəsmişdilər, sonra da ünvanlı sosial yardım verdilər, amma verməsələ ondan yaxşı idi.

-Nəyə görə?

-Orada, Lənkəran Sosial Müdafiə Fondunda bir nəfər var idi, o qədər əzazil, vicdansız adam idi ki, onun kimisi bəlkə daha bu dünyaya gəlməyib. Həmişə pul gələndə gedirdim rayona almağa o mənnən dirəşirdi ki, sənin gözün görür, pul almaqdan ötrü özünü qəsdən korluğa qoymusan. Bir dəfə ona dedim ki, mən sizin kimi vicdansız deyiləm ki, başqalarının pulunu yeyəm. Əgər gözlərim görsə heç yalvarsanız da bu dövlətin qara qəpiyini almaram.

-Bəs indi necə, ünvanlı sosial yardım alırsınızmı?

-Alıram, amma bir şeyi düşünün, bu sadəcə 140 manatdır, bir də üstünə gəl əlilliyə görə aldığım pensiyanı, inan ayda-ildə bir dəfə bilgisayarlara format verdirmək istəyənlər olmasa hökumətin verdiyi pulla dolanmaq olmaz.

-Əlbəttə, sizi başa düşürəm, başqa bir yerdən gəliri olmayan dörd nəfərlik bir ailə üçün bu şərtlərdə yaşamaq olduqca çətindir. Ayrıca sizin bilgisayarlara format verməkdə necə mahir usta olduğunuz barədə eşitmişəm. Bəs, belə olduğu təqdirdə niyə sizin müştəriləriniz bu qədər azdır?

-Bilirsiniz, bəziləri bilgisayarlarını format üçün mənə əmanət etməyə çəkinir. Düşünürlər ki kor adamdı, necə format verəcək? Amma mənə bilgisayar gətirənlərin əksəriyyəti də özüm kimi imkansız şəxslərdir. Odur ki, onlardan da pul almağa mən qıymıram.

-Evlə təmin olunmağınızla bağlı dövlət qurumlarına müraciət etmisiniz?

-Bəli, hələ bir neçə il bundan öncə müraciət etdim dedilər ki sənədləri toplayıb verim icra hakimiyyətinə. Mən sənədləri hazırlayıb getdikdə isə beş il qeydiyyat şərtini irəli sürərək əliboş qaytardılar.

-İndi Bakıda qeydiyyata düşmüsünüz?

-Bəli… Hələ ev üçün sənəd toplamağa başlamamışdan öncə qeydiyyata düşmüşdüm.

-İşlə bağlı necə, hansısa təşkilatlara müraciət etməmisiniz ki? Xarici ölkələrdə əlil vətəndaşların çalışdırılması üçün bütün iş yerlərinə kvotalar qoyulur, güzəştlər tətbiq olunur. Yəqin bizdə də belə qanunlar vardır.

-Doğrusunu desəm işlə bağlı heç yerə müraciət etməmişəm, çünki müraciət etsəm də, əliboş göndəriləcəyimi bilirəm.

-Yenə də şansınızı yoxlasaydınız pis olmazdı. Məsələn, hansısa müəsisədə, bilgisayarla bağlı istənilən işdə çalışa bilərsən…

-İstənilən işin öhdəsindən gələcəyimə dair özümə əminəm, amma iş tapma ümidim yoxdur. Çünki bizdə həm sistem başqa cürdü, həm də əlillərlə birlikdə çalışmağa kimsə maraqlı deyil. Məsələn, elə götürək Məhərrəm müəlimi, Leninqrad Musiqi Akademiyasını bitirib, amma bugün iş tapa bilmədiyi üçün o da mənim kimi bilgisayarlara format verməkdən başqa bir iş görmür.

-Ümid edirəm ki, yaxın zamanda sizin nə qədər istedadlı biri olduğunuz iş adamlarımızdan biri tərəfindən kəşf edilər və onlar sizi ofislərində, ya da başqa bir uyğun yerdə çalışmağa dəvət edərlər.

-Sağlıq olsun.

-Səmimi söhbət üçün təşəkkür edirəm.

Bəli, bu əlillərimizdən sadəcə biri ilə görüşümüz, onun dərdləri ilə maraqlanmamız nəticəsində ortaya çıxan maraqlı söhbət idi. Hələ Çingizdən daha ağır , daha çətin vəziyyətdə yaşayan yüzlərlə, bəlkə də minlərlə əlilimiz var. Allah onlara səbr versin…

Söhbətləşdi: Zaur Muradxanlı

LEAVE A REPLY