Dietoloqdan kərə yağı açıqlaması: “Yemək vacibdir”

0
6
Leyla Zülfüqarova: “Gün ərzində 10 qram çörəküstü kərə yağı qəbul etməliyik”

Kərə yağlarının qiymətinin bahalaşması, həmçinin ölkədə saxta kərə yağlarının olduğuna dair iddialar insanları bu yağlara qarşı daha ehtiyatlı olmağa vadar edir. Elə insanlar var ki, kərə yağlarından yalnız səhər yeməyində deyil, eyni zamanda yeməklərin bişirilməsində də istifadə edir. Qiymətlərin bahalaşması əksər insanları cibinə uyğun olmadığı üçün bir sıra insanlar bu yağdan imtina edib. Bir qisim insan isə artıq yeməklərin bişirilməsində deyil, yalnızca səhər yeməyində kərə yağından istifadə edir. Kərə yağı heyvan mənşəli yağ olduğu üçün belə bir düşüncə yaranır ki, insanın bu yağa olan tələbatını digər vasitələrlə, məsələn, ət və ət məhsulları ilə də əvəz etmək olar.

Maraqlıdır, kərə yağlarından tamamilə imtina edib bitki yağlarını keçsək, nə baş verər? Ümumiyyətlə, kərə yağını əvəz edəcək bir qida varmı?

Qeyd edək ki, kərə yağının tərkibində bir çox əvəzsiz vitaminlər (A, D, E, C, B, K), kalsium, kalium, fosfor, yağlı turşular və aminoturşular var. Kərə yağı həzm proseslərinə yaxşı təsir edir, allergik və nəfəsalma sistemi xəstəliklərinin (hətta vərəmin və astmanın) profilaktikasında böyük rol oynayır, immun sistemini möhkəmləndirir, sinir sisteminin fəaliyyəti üçün olduqca vacibdir, insanın iş qabiliyyətini və beyinin fəaliyyətini yaxşılaşdırır. Bundan əlavə, kərə yağı dərinin, dişlərin, gözlərin sağlamlığında da böyük rol oynayır. Ənənəvi kərə yağının yağlılığı 82,5 faiz təşkil edir. Əgər yağın bağlanmasında daha aşağı faiz göstərilibsə, bu o deməkdir ki, bu məhsul təbii kərə yağı deyil. Kərə yağı öz faydalı xüsusiyyətlərini folqadan olan bağlamada daha yaxşı saxlayır.

Dietik kitabların müəllifi, diyetoloq Leyla Zülfüqarova kərə yağını gün ərzində 10 qram çörək üstü yemək lazım olduğunu dedi: “Kərə yağından imtina etsək orqanizm ehtiyac duyduğu maddəni almamış olacaq. Çünki kərə yağının tərkibində çox vacib maddələr var ki, onlar zaman-zaman orqanizmə qəbul olunmalıdır. Sadəcə olaraq, bundan düzgün istifadə etmək lazımdır. Biz kərə yağından yemək bişiririk. Onu yandırıb, ərinmiş yağa çeviririk. Onu əritdikdən sonra yenidən onu yemək bişirərkən yeməyin içində qaynatmış oluruq. Düşünün, biz bu yağı artıq işlənmiş yağ formasına salıb yenidən istifadə edirik. Ona görə də kərə yağı çiy şəkildə, çörək üstü çox az dozada yeyilməlidir. Yağ bahalaşdığı üçün onsuz da insanlar bunu müəyyən bir dozada yeməlidir. Məsələn, həftədə 2-3 dəfə çiy şəkildə kərə yağı, həftə boyu digər günlərdə isə salatlar, yeməklər bitki yağı ilə bişirilib yeyilərsə, orqanizm çox dincəlmiş olar. Kərə yağı yemənin bəlli dozası var, bu dozanı keçəndə xəstəliklər yarana bilər”.

Image result for Leyla Zülfüqarova

Dietoloq kərə yağını ət və digər məhsullarla əvəz etmənin mümkünsüz olduğunu bildirdi: “Ətin tərkibindəki yağlar heyvan mənşəli doymuş yağ turşusudur. Bunun tərkibində süd turşuları yoxdur. Kərə yağı da heyvan mənşəli, doymuş yağ turşusu olsa da, onun tərkibində eyni zamanda süd turşuları da var. Yəni kərə yağı süddən hazırlanmış yağ turşularıdır. Ətin tərkibində olan yağ turşuları ilə kərə yağının tərkibində olan yağ turşuları fərqlidir. Bizim faydalı xolesterinlərə ehtiyacımız var. Xolesterin də xaricdən daxil olan mənbədən, yaxşı xolesterin şəklində daxil olarsa, bizim qanımızda dövr edən xolesterinin səviyyəsinə bir şəkildə təsir edər. Kərə yağının tərkibində yaxşı xolesterin var. Biz onu əridib, yandırsaq, bişirsək təbii ki, onun tərkibində nəinki yaxşı xolesterin qalacaq, o artıq işlənmiş yağlara, pis xolesterininə çevriləcək. Buna görə də hər bir qidanın düzgün və dozada qəbulu məsələsi çox önəmlidir. Gün ərzində 50 qram yağ qəbul etməliyik. Bunun 20 qramı doymuş, yanmış yağın öhdəsinə düşür. Doymuş yağ turşsu heyvan mənşəli yağlardadır. Bu kərə yağı və ətlərin tərkibində olan yağlardır. Amma ətlərin tərkibindəki yağlar xoş xolesterini az verir, həddən artıq yuxarı sıxlıqlı yağ turşusu qrupuna aid olduğu üçün orqanizmdə parçalanması ləng gedir. Gün ərzində 20 qram doymuş yağa ayırırıqsa, bunun 10 qramını kərə yağına ayırmalıyıq. Hətta kərə yağını çiy halda, çörək üstü hər gün qəbul etsələr belə bunun orqanizmə heç bir ziyanı yoxdur, xeyri var. Həm də kərə yağından hər gün 10 qram istifadə cibə də xeyirdir. Orqanizm çox mürəkkəb və unikal bir sistemlə çalışır. Bir qidanın səhv qəbulu xəstəlik yaradır, düzgün qəbulu isə xəstəlikdən müdafiə edir”.