“MƏTBUAT MƏNƏVİYYAT ALVERİNİN PREDMETİ OLMAMALIDIR”

0
5

“MƏTBUAT MƏNƏVİYYAT ALVERİNİN PREDMETİ OLMAMALIDIR”

Qulu MƏHƏRRƏMLİ: “O CÜR MAKSİMALİST MÖVQELƏRDƏ DAYANIB, SONRA DA DİZİNİ YERƏ QOYARAQ, KİMƏSƏ MƏDHİYYƏ OXUYURSANSA, BUNUN ADI ƏXLAQSIZLIQDI”

Qulu Məhərrəmlinin xüsusi təqdimata ehtiyacı yoxdu. İllərlə Azərbaycanın doğan sabahlarına AzTv-də “Səhər”lə ayna tutan bir verlişin yaradıcısı olan Qulu Məhərrəmli, elə o “Səhər”lə birgə efirlərdən getdiriləndən, daha hamının sabahlarına aydınlıq gətirən o “Səhər”lər yoxdu. Elə Qulu müəllimin özü də uzun müddətdi ki, efirlərdə görsənmir. Amma kim nə deyir-desin, Azərbaycan tamaşaçısı, öz səsi, öz üslubu, öz manerası və özünəməxsus diksiyası ilə seçilən, Azərbaycan teleefirlərinin indi daha çox ehtiyac duyduğu peşəkar aparıcılıq məharəti kimsədə şübhə doğurmayan Qulu Məhərrəmlini hələ uzun müddət unuda bilməyəcək. Ta ki, bu efirlərdə yeni Qulu Məhərrəmlilər görünməyincə.
İllərin nostaljisindən doğan hisslərlə Qulu Məhərrəmlinin axtarışına çıxdıq və bəlli oldu ki, indi bu peşəkar televiziyaçı efirlərdən uzaq salınsa da, gözlərdən və könüllərdən iraq tutulmağa çalışılsa da, hələ də öz işinin başında və arzularının peşindədi. Ölkənin bir neçə aparıcı təhsil müəssisələrində, həmçinin Milli Akademiyanın Dilçilik institutunda, öz təbirincə desək, millətin və dövlətin naminə əlindən gələni etməklə məşğuldu. Bütün hallarda, bütövlükdə çağdaş dövrün bəzi məsələlərinə, o cümlədən də Azərbaycan mediasının indiki durumuna Qulu Məhərrəmlinin bələdçiliyi ilə ayna tutmağa çalışdıq. Beləliklə, növbəti müsahibimiz Qulu Məhərrəmlidi, beləcə titulsuz-filansız, sadəcə hamının efirlərdən görüb sevdiyi Qulu Məhərrəmli.

“QƏRİBƏ ADAMLAR ORTAYA ÇIXIB VƏ GUYA BUNLAR ÇAĞDAŞ MƏTBUATIN TƏMSİLÇİLƏRİDİR”

(Əvvəvli ötən saylarmızda)

– Siz ümumiyyətlə jurnalistlərə medal verilməsinə, fəxri ad verilməsinə, ev verilməsinə necə baxırsınız, bunun özü nonsens deyilmi?

– Bilirsinizmi, jurnalistlərə ev veriləndə, mən bunu humanitar aksiya kimi dəyərləndirdim. Amma eyni zamanda onu da qeyd elədim ki, nəyə görə jurnalistə ev verilməlidi? Niyə ibtidai sinif müəlliməsinə, cərrahiyyə otaqlarında qan təmizləyən tibb bacılarına, kənd məktəblərində dərs deməklə canını fəda eləyən müəllimə və sair kimi, onlarla ağır və şərəfli peşə sahiblərinə ev verilmir, amma birdən-birə bu qədər jurnalistə ev verilir. Niyə? Gəlin baxaq görək o müəllimlər, o tibb bacıları və s. cəmiyyətə çox yalan danışır, yoxsa jurnalistlər? Belə çıxır ki, biz bununla mənəviyyat alveri edirik. Mətbuat, bax, bu mənəviyyat alverinin predmeti olmamalıdır. Problemin kökü də burdadı. Ikinci bir məsələ də var. Bu arada kimsə təklif eləmişdi ki, jurnalistlərin etik kodeksi ləğv olunsun. Belə götürəndə, mən də bu təkliflə razıyam. Əgər bu etik kodeksə əməl olunmursa, onu qəbul etməyin nə mənası var ki? Həmin kodeksin birinci maddəsi budur. Bütün dünyada qəbul olunmuş bu etik kodeksin birinci maddəsi jurnalistləri həqiqətə xidmətə çağırır. Axı, sən ev almaqla, medal almaqla, ad almaqla əslində, ya belə, ya da elə həqiqətə xidmətdən uzaqlaşırsan. Bu kodeksin ikinci və üçüncü maddələrinin əsas qayəsi isə odur ki, sən fəaliyyətini işıqlandırdığın qurum və şəxslərdən məsafə saxlamalısan. Əgər mən gəlib səndən hədiyyə, ev və ya digər formada bəxşişlər alıramsa, o zaman mənim ağzım nədi ki, səni tənqid eləyim.

– Yox axı, burda da bir mənəviyyat məsələsi çıxır ortaya, əgər aldınsa…

– Əgər aldınsa, olursan onun kəbinli arvadı…

– Yox, mən bir az başqa aspektdən yanaşıram. Həm hədiyyəni və ya bəxşişi, bu ev şəklində, medal və ya ad şəklində də ola bilər, alacaqsan, həm də gedib ürəyin istədiyi formada tənqid, hətta təhqir yazacaqsan, bunun özü əxlaqsızlıq deyilmi?

– (bir xeyli gülür) Amma mən bu cür alıb yazanlara da yaxşı baxıram. Bu əvvəlcədən danışılmış oyun qaydalarına daxil deyilsə, gözəl keyfiyyətdi. Amma açığı deyim ki, praktikada bu yoxdu, ya da çox az-az rastlanan şeydi.

– Amma, Qulu müəllim, indiki oyun qaydalarının o qədər üzü var ki, biz əslində bilmirik kim nə alır və niyə alır. Mən o gün prezidentlə KİV mənsublarının görüşündən verilən şəkillərə baxdım. Burada ad çəkməyə ehtiyac yoxdu, onsuz da hamı hər şeyi bilir. Amma maraqlı burasıdı ki, vur-tut bir neçə il bundan qabaq hakimiyyətdə olanların nəslinə, kökünə, tayfasına söyənlər, sadəcə tənqid yazmaqla yetinməyib, onu ən ağır şəkildə təhqir edənlər, indi hamılıqla məqam sahibləridir və hər iki tərəf, heç nə olmayıbmış kimi, bəxtəvər pozalarda cəmiyyət qarşısına şıxıb şəkillər çəkdirir və bunları da sosial şəbəkələrdə yayınlayırlar. Burdan o qənaətə gəlmək olarmı ki, bəlli söyüş və təhqirlər, əslində icazəli şəkildə ortaya çıxıb?

– (pauza) Yox mən elə düşünmürəm, belə düşünürəm ki, həmin adamların ondakı davranışları da yanlış idi, indiki də. Yəni, o cür maksimalist mövqelərdə dayanıb, sonra da dizini yerə qoyaraq kiməsə mədhiyyə oxuyursansa, bunun adı əxlaqsızlıqdı. Əlbəttə insanlar fikrini dəyişə bilər, ancaq…

– Yox ee, Qulu müəllim, işin dəqiq tərəfləri tamam ayrı yerlərdə gizlənir.

– Sən məni başa salma, mən bunları başa düşürəm (gülür)…

– Əstağfürüllah, mən sizə nəyisə başa salacaq qədər həddimi aşan biri deyiləm, heç zaman da olmayacam. Sadəcə sizə opponentlik eləmək istəyirəm. Əslində mən hesab edirəm ki, biz hələ də bolşevik üsul-idarəsiylə yaşamaq zorundayıq. Hər halda mən belə hesab edirəm ki, bunlar zaman-zaman elədikləri xidmətin ödülünü – haqqını alırlar. Yəni mən baş verənlərə bu yöndən baxmağa meyilliyəm, amma sizin başqa fikriniz varsa buyurun.

– Əslində bu da ola bilər. Amma mən sizinlə yüzdə yüz şərik deyiləm. Bilirsiniz, lap əvvəldə də demişdim ki, insan çox mürəkkəb məxluqdu. Bəzən belə işlərin içində icazə verilmiş qəhrəmanlıq alnayışı da olur. Çünki mən bir zamanlar “Yeddi gün”də müəyyən sualları verəndə, bizim görkəmli şairimiz Məmməd Aslan soruşurdu ki, sən Allah, belə deməyə sənə icazə verillər, yoxsa özün deyirsən? O vaxtlar belə şeylər eşidəndə mənim özümü də gülmək tuturdu ki, axı belə nə cür ola bilər ki, sənə nəyisə deyib efirə çıxarsınlar. Yəni, sən gerçəkdən heç nəyə baxmadan davamlı olaraq həqiqətə xidmət eləmək istəyəndə, gec-tez səni başa düşürlər. Amma bu yolla oyun oynamaq istəyirsənsə, ətrafdakılar onu da gözəl anlayırlar. Bütün hallarda mən deyə bilmərəm ki, bunların o vaxt elədikləri, sadəcə icazə verilmiş bir qəhrəmanlıq idi. Çünki biz bu adamları hər zaman yaxından görür və müşahidə edirdik. Məsələn bax bu Azər Həsrət var haa, qatı hakimiyyət əleyhinə, dövlət əleyhinə olan bir adam idi. Biz onunla bir yerdə Amerikada səfərdə olmuşuq, Rəşad Məcidlə bir yerdə. Rəşad Məcid bu barədə çox danışıb. Deməli, bütün görüşlərdə Azər Həsrətin işi ancaq hakimiyyəti yıxıb sürümək idi. Mən isə o vaxt AzTv-də işləyirdim və təkcə buna görə yox, həm də bir az həqiqətin təhrif olunmasına qarşı çıxırdım ki, Azər bəyin dediklərində müəyyən dərəcədə həqiqət var, ancaq bu qədər də radikal deyil. Məsələn, o orada tez-tez Səbail rayonunun o vaxtkı polis rəisinin adını çəkidi və deyirdi ki, Nazim Nağıyev bizi mitinqlərdə belə döyür, elə döyür. Mən də buna irad bildirirdim ki, burda Nazim Nağıyevi tanıyan yoxdu və sən əgər bunları deyirsənsə, sadəcə ümumi çəkildə de. O da mənə irad tuturdu ki, siz AzTv-də işləyirsiniz yəqin ona görə belə danışırsınız. Indi (gülməkdən özünü saxlaya bilmir) həmin Azər Həsrət yuxarıların yanında bizdən çox hörmətli adam olub və lap da yuxarı başdadı. Olursa olsun və bizim də bundan elə bir əndişəmiz-filan da yoxdu. Amma yenə də, harda olursan ol, nə olursan ol, insan həqiqətdən uzaqlaşdıqca gücünü itirir. Ola bilər ki, paltarı yaxşılaşsın, medalı-zadı olsun, pulu-parası artsın, amma bu duruma düşən insan bütün hallarda miskinləşir.

– Gələcəyə nə cür baxırsınız, tələbə auditoriyalarında olursunuz, dərs keçirsiniz? Əsasən tələbələrin durumuna baxıb jurnalistikamızın gələcəyində nələri görürsünüz?

– Vallah, o tələbələr də bizim övladlarımızdı. Yəni həmin o sarayda medal alanların, həmçinin də onları tənqid edənlərin uşaqları var auditoriyalarda. Bütün hallarda, tələbə auditoriyalarındakı fikirlər müxtəlifdi. Biz müəllim olaraq, auditoriyalarda, həm də siz deyən məntiqdən çıxış edərək, müşahidələr aparırıq. Müəllimin işi tələbəyə jurnalistikanın sirlərini, peşənin yazılmış və yazılmamış qanunlarını öyrətmək, başa salmaqdı, amma biz onlara öz fikirlərimizi təlqin eləyə bilmərik ki, həqiqət ya belədi, ya da elə. Bu yöndə seçim etmək uşaqların öz işidi. Xüsusən də yuxarı kurslarda olan tələbələr artıq mövqelərini aydınlaşdıra bilirlər. Məsələn, onlar müəllimlərin davranışına, ictimai-siyasi mühitə baxaraq müəyyən nəticələr çıxarır, bəziləri isə ümumiyyətə jurnalistikadan uzaq adamlardı və düşüncələri başqa yönlərə işləyir. Həmişə gənclərdən olunan şikayətlər, yəni keyfiyyətin itməsi prosesi burda da gedir. Indi mən durub desəm ki, bu auditoriyalarda gələcəyin çox böyük, parlaq jurnalistləri yetişir, xeyli dərəcədə həqiqətdən uzaq görünərəm. Amma arada, tutaq ki, hər 20 nəfərdən bir tələbə nəzərə çarpır ki, onlardan gələcəkdə nəsə gözləmək olar. Xüsusən də qızlar arasında fərqli düşünən tələbələrin sayı çoxalıb və mən bunu öz müşahidələrimdə görürəm. Bunlarda oğlanlardan fərqli olaraq nəsə bir kəskinlik var. Hətta bəzən bu qızlar oğlanlara da irad tuturlar ki, qorxaqsınız və s. Yəni auditoriyadakı tendensiyanı mən bu yöndə görürəm. Onu da deyim ki, indi jurnalistikanın gələcəyi ilə bağlı proqnoz vermək çox çətindir.

– Niyə ki?

– Çünki, bayaq da dedik ki, jurnalistika cəmiyyətlə paralel addımlayan, cəmiyyətin içində doğulan bir şeydi. Bütün halları ilə jurnalistika da, bizim indi içində yer aldığımız cəmiyyətin bətnindən doğulan bir sahədi. Əgər cəmiyyət kordusa, demək jurnalistika da kordu. Bu sahədəki istənilən tərəfə dönüş cəmiyyəti idarə edənlərin istəyindən asılıdı. Yəni, onlar doğrudanmı bu cəmiyyətin və bu cəmiyyətdə doğulan mətbuatın inkişafı üçün qayğı göstərmək istəyirlər, yoxsa adamlara pul verib, ev verib, medal verib, ad verib, müəyyən imtiyazlı şərait yaradıb onları daha da mütiləşdirmək istəyirlər. Təsəvvür edin ki, mən Gülüstan sarayındakı tədbirə və o tədbirdən yayılan şəkillərə baxanda düşündüm ki, İlahi, niyə mənim tanıdığım məşhur jurnalistlər burda yoxdu?

– Məsələn, kimləri görmək istəyirdiniz?

– Məsələn, mən düşündüm ki, niyə Arif Əliyev burda yoxdu? O, son 15-20 ildə yaranan mətbuatın bünövrəsini qoyanlardan biridir. Insanlarda yeni düşüncələrin formalaşmasında böyük rolu olan bir jurnalistdi, Arif Əliyev. Bütün hallarda, o, bu illərdə gördüyü təşkilati işlər və layihələri ilə cəmiyyətə yeni mətbuatın nə olduğunu təlqin eləməyə çalışıb. Amma nədənsə, bu adam indi yuxarı başda oturmaq əvəzinə, heç bu tədbirlərə dəvət də almayıb. Indi mən burda daha bir neçə adamın adını çəkə bilərəm, amma demək istədiyim odu ki, bu sahədə də ciddi biganəlik mövcuddur. Yəni, indiki yönətim elə fikirləşir ki, əgər sən bizim kimi düşünmürsənsə, demək sən kənarda qalmalısan və lap dağ boyda olsan belə, biz səni görmürük. Bilirsinizmi, ən böyük fəlakət budu və bu cür düşüncənin cəmiyyətə hakim qılınmasıdı. Bu, özlüyündə həm də çox gülməli bir şeydi və o anlama gəlir ki, adamların üzünə qarşı deyillər ki, biz sizin parlaqlığınızı görməmək üçün, sadəcə gözlərimizi yumuruq. Bu bir az da dəvəquşu misalına oxşayır və bəzilərinə elə gəlir ki, əgər gözlərini yumub ətrafı görmürlərsə, o zaman özləri də görünməz olurlar, belə də şey olar? Bir sözlə, bax bu cür əxlaqsız yanaşmanın bu gün kütləvi şəkildə tirajlanması gedir və elə o cür də özlərinin adamlarını yetişdirirlər. Beləliklə də, bir para qəribə adamlar ortaya çıxıb və guya bunlar çağdaş mətbuatın təmsilçiləridir.

– Qulu Məhərrəmlinin yenidən efirlərə qayıtmaq fikri varmı?

– Vallah, normal televiziya olsa, normal mühit olsa, bir də normal veriliş olsa, qayıtmaq olar. Amma indi keyfiyyət çox aşağıdı. Təsəvvür edin ki, müsahibə almağa gəlirlər, amma adi sualları belə formalaşdırıb verə bilmirlər, mən bunlarla necə danışım? Yəni biz elə bir nəsilik ki, özümüzün rejissorumuz, özümüzün ssenaristimiz, özümüzün səviyyəmiz olmalıdır. Amma bir şeyi də mütləq deməliyəm ki, bizim cəmiyyətin gerçəkdən ciddi verilişlərə ehtiyacı var. Mən onu da bilirəm ki, indi şousuz televiziya mümkün deyil, amma onun da öz yeri var. Lakin bütün hallarda istənilən televiziyada şounun yeri ikinci, üçüncü, hətta dördüncü pillədə olmalıdı. Cəmiyyət əsasən televiziyalara xəbər üçün baxır, əylənmək istəyən isə gedib özünə lazım olan kasseti alıb evində baxır, ya da özünə lazım olan əyləncəni internet vasitəsilə izləyir. Yəni əyləncə hər yerdə var, amma ciddi, insanların beyninə, şüuruna təsir edən proqramlar olmalıdır. Biz Yaponiyadan böyük ölkə deyilik. Yaponiya televiziyasının iki kanalı var – birinci universal kanal, ikinci tədris kanalı. Yəni, Yaponiya cəmiyyəti hər iki halda hesab edir ki, insanlar maariflənməlidir, bilik almalıdı. Burda söhbət primitiv biliklərdən getmir, dünyagörüşü, müasir texnologiyalar, dil, çağdaş dünya ilə uğraşma, bəşəriyyətlə təmas, qlobollaşma şəraitində özünü müdafiə etmək və eyni zamanda da özünü dünyaya tanıtmaq kimi məsələlər efirlərə çıxarılır. Bunların hamısı çağdaş dünya ilə ayaqlaşa bilmək üçün olduqca vacib şərtlərdir. Biz isə bütün sahələrdə hər şeyi diletantların əlinə vermişik.

– Millət vəkili olmaq istəmirsiniz?

– Qətiyyən, heç vaxt elə şeylər düşünməmişəm. Ümumiyyətlə vəzifə məni heç vaxt cəlb eləməyib.

– Vəzifə başqa şeydi, bayaq dediyim yazıda qeyd eləmişdim ki, indi heç kim nazir olmaq istəmir, çünki bizdə nazir olmaq əbədi, yəni ömürlük olan şeydi. Nəsə, deyəsən mən bu gün özümdən çox danışdım axı.

– (ürəkdən gülür) Yox, yox, elə belə yaxşıdı.

– Amma nazirlərin başına bir iş gəlsə də, artıq övladları böyüyüb. Lakin millət vəkilliyi bir az fərqli şeydi, ən azından camaatın içinə çıxıb özünü göstərmək imkanı yaradır. Bu mənada niyə özünüzü sınamaq istəmirsiniz?

– 2000-ci ildə mən hələ AzTv-də işləyirdim. O zaman bir İctimai Liderlər Birliyi var idi və Azay Quliyev də ona rəhbərlik eləyirdi. Ordan mənə təklif eləmişdilər ki, müəyyən seçmə adamların namizədliyini dəstəkləyirik, siz də namizədliyinizi verin. Onda namizədliyimi vermək haqqında düşündüm və məlum oldu ki, nəzərdə tutduğum dairədən Ramiz Rövşən də namizədliyini verib. Ona görə də mən namizəd olmaqdan imtina elədim.

– Nə oldu, əxlaqınız xalqın şairinin önünə keçməyə yol vermədi?

– Bəli, yol vermədi, həm Ramiz Rövşən mənim dostumdu, həm də böyük şairdi. Bəs necə etməliydim? Bununla belə, dediyim kimi mənim deputat olmaq istəyim olmayıb, amma gördüyünüz kimi təklif olub, mən də imtina etmişəm. Əlbəttə, vəzifə ilə bağlı da mənə çox sayda ciddi təkliflər olub, amma hər zaman da daxili azadlığımla hər hansı vəzifənin uyğun gəlməyəcəyini bildiyimdən, getməmişəm. Sonuncu dəfə də Tofiq Hacıyev məni Dilçilik İnstitutuna dəvət eləmişdi və indi də orda şöbə müdiriyəm. Ancaq baxıram ki, orda da işlər çox ləng, çox çətin gedir. Lakin onu da başa düşürəm ki, bu millət, bu dövlət, bu xalq üçün lazımlı işdi, ona görə də təvazökarlıqdan uzaq olsa da, çalışıram bu işləri görüm.

Söhbətləşdi: Fəxrəddin Qardaşlı

LEAVE A REPLY