Vəkil Elçin Sadıqovun sözlərinə görə, blogerin işi artıq icraata verilib. Onun sözlərinə görə, işi Ali Məhkəmə yenidən apellyasiya instansiyasına qaytarmışdı. Vəkil deyib ki, M. Hüseynov artıq Penitensiar Xidmətin Şüvəlanda yerləşən 3 saylı istintaq təcridxanasına köçürülüb. Xatırladaq ki, M.Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib.
Bundan əvvəl, yanvarın 9-da onun oğurlandığı güman edilirdi. Yalnız yanvarın 10-da məhkəmə önünə çıxarkən onun Nəsimi Rayon Polis İdarəsinin 22 saylı polis bölməsində saxlandığı məlum olmuşdu. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə M. Hüseynov polisə tabe olmamaqda təqsirli bilinərək 200 manat cərimə edilmişdi. Jurnalistlər önünə çıxan bloger polisdə saxlandığı müddətdə işgəncələrə məruz qaldığını söyləyib. Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev də M.Hüseynovun işgəncə ilə bağlı dediklərini polisə böhtan sayaraq xüsusi ittiham qaydasında iddia qaldırıb. Həmin iddia əsasında M.Hüseynov 2 il azadlıqdan məhrum edilib.
Apellyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb. Ancaq Ali Məhkəmə iki həftə əvvəl blogerin kassasiya şikayətini qismən təmin edib, işi yenidən Apellyasiya Məhkəməsinə qaytarıb. (Turan)