Bu barədə “RİA Novosti” qanunverici orqanın mətbuat xidmətinə istinadən xəbər yayıb.
Rəsmi Madrid növbədənkənar seçkilərin hüquqi dövlətin bərpasına şərait yaradacağına ümid etdiyini bildirib.
Kataloniyada vaxtilə hakim partiya olmuş Kataloniya Avropa Demokratik Partiyası dekabrın 21-də keçirilməsi nəzərdə tutulan növbədənkənar seçkilərdə iştiraka dair qərar qəbul edib.
“La Vanguardia” qəzetinin yazdığına görə, İspaniyanın baş prokuroru Xose Manuel Maza Kataloniyanın keçmiş başçısı Karles Puçdemon və onun tərəfdarlarına qarşı qiyam hazırlanması ittihamı irəli sürüb. Baş prokuror Milli Məhkəməyə həmin şəxslərə qarşı həbs-qətimkan tədbirinin seçilməsi üçün müraciət edib. Onu 30 il azadlıqdan məhrum edilməsi cəzası gözləyir.
Bəzi məlumatlara görə, K. Puçdemon hazırda tərəfdaşları ilə birlikdə Brüsseldədir. Ötən gün Belçikanın miqrasiya və sığınacaq məsələləri üzrə dövlət katibi Teo Franken Kataloniyanın keçmiş başçısına siyasi sığınacaq təklif edib və bu, İspaniya tərəfinin ciddi qəzəbinə səbəb olub.
Qeyd edək ki, oktyabrın 27-də Kataloniya parlamenti regionun müstəqilliyi barədə qətnamə qəbul edib. 135 deputatdan 70-i qətnamənin lehinə səs verib. Bir saatdan sonra isə İspaniya senatı Konstitusiyanın 155-ci maddəsinin icrası barədə qərar qəbul edib. Nəticədə Kataloniya lideri Karles Puçdemon vəzifədən uzaqlaşdırılıb və parlament buraxılıb.
APA