Oktyabrda müzakirəsi nəzərdə tutulan layihə bağlı müzakirələr növbəti sessiyada aparılacaq.
Layihədə əsas mübahisəli məqam davranışına və yol verdiyi digər ciddi nöqsanlara görə deputat mandatının geri alınmasının qaydasının tənzimlənməsidir. Bu halda hansı tərəfin qərarına əsasən deputatın mandatdan məhrum edilməsi məsələsi ilə bağlı ortaq məxrəcə gəlinməyib.
Qeyd edək ki, keçən sessiyada Milli Məclis “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun qəbul edib, Azərbaycan prezidenti tərəfindən təsdiq olunub. 13 maddədən ibarət olan qanunda Milli Məclisin iclaslarında etik davranış, insanların hüquqlarına, işgüzar nüfuzuna hörmət, qərəzsizlik, qanunsuz maddi və qeyri-maddi nemətlərdən, imtiyazlar və güzəştlərdən imtina, hədiyyə alma qadağası şərt kimi qoyulur.
Layihəyə sonradan edilən yeniliklərdə 4-cü maddədə deputata hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlər etməməklə yanaşı, qeyd olunmuş “bu cür çağırışlar etməmək” qadağası götürülüb.
Layihənin 6-cı maddəsinin 4-cü bəndi də ləğv olunub: “Deputat Azərbaycan Respublikasının Milli Məclisinin nüfuzunu möhkəmləndirməyə, deputat adını, şərəf və ləyaqətini uca tutmağa borcludur”. 8-ci maddəyə yeni bənd əlavə edilib: “Deputat vəzifələrini icra edərkən qərəzsiz olmalıdır”.
13-cü maddədə isə İntizam Komissiyasının vəzifələri sırasından bu bənd çıxarılıb:“Deputatlar tərəfindən etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə ictimaiyyəti məlumatlandırır”.
APA