Ana tərəfdən nəsildə süd vəzisi xərçəngi varsa…

0
4

Süd vəzi xərçəngi dünyada, o cümlədən Azərbaycanda qadınların ölüm səbəbləri içərisində ilk yeri tutur.

Hər yaş dövründə rast gəlinən həmin xəstəlikdə xeyli “cavanlaşma” müşahidə olunur, hətta 4 yaşlı balaca qızda da süd vəzi xərçəngi aşkarlanıb. Xəstəliyə 18 yaşdan yuxarı xanımlarda daha çox rast gəlinir.

Azertag.az Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının mammoloq-radioloqu, Azərbaycan və Avropa Radioloqlar Cəmiyyətinin həqiqi üzvü Günel Qəmbərova ilə müsahibəni təqdim edir:

– Xəstəliyin əmələ gəlməsində hansı səbəblər daha çox rol oynayır?

– Süd vəzi xərçənginin əmələ gəlməsində genetik faktorlar, hormonal pozulmalar, gənc anaların körpələrini əmizdirməkdən imtina etməsi, travmalar, dar alt paltarları, cinsi həyatın normal olmaması, tünd içkilərin, qəhvənin normadan artıq içilməsi, günəş şüalarının qorunmadan qəbul edilməsi əsas səbəblər kimi göstərilə bilər. Ana tərəfdən nəsildə süd vəzi xərçəngi varsa, xanımların erkən müayinədən keçməsi, təhlillərin aparılması vacibdir. Dar alt paltarlarının geyinilməsi süd vəzi xərçənginin əmələ gəlməsi səbəblərinin 4 faizini təşkil edir. Gənc anaların isə körpəyə ən azı 6 ay süd vermələri həm uşağın, həm də özlərinin sağlamlığı baxımından çox vacibdir.

– Ən çox maraq doğuran məsələlərdən biri də lazer epilyasiyasının xərçəngə səbəb olmasıdır…

– Son vaxtlar bu sual xanımları çox narahat edir və bizə də çoxlu suallar ünvanlayırlar. Lakin epilyasiya zamanı lazer şüaları deyil, dalğaları istifadə olunduğundan onun bədxassəli şişlər əmələ gətirməsinə dair sübutlar yoxdur.

– Silikonlar süd vəzi xərçənginə səbəb olurmu?

– Titan tərkibli silikonlar bir o qədər də qorxulu deyil. Lakin silikonlar mütləq simmetrik vəziyyətdə süd vəzidə yerləşdirilməlidir. Silikon qoyduran xanımlar mütləq vaxtlı-vaxtında müayinələrdə iştirak etməlidirlər. Çünki silikonların ölçülərinin dəyişib-dəyişmədiyinə həkimin baxması vacibdir.

– Süd vəzi xərçəngindən ölüm halının qarşısını hansı mərhələdə almaq olar?

– Ən əsas ilkin mərhələdə. Əgər vaxtında diaqnoz qoyularsa, xəstəlik erkən mərhələdə aşkarlansa, nə süd vəzi amputasiya olunar, nə də ağır nəticələr alınar. Süd vəzində bir santimetr kütlənin əmələ gəlməsinə 8 il vaxt sərf olunur. Həmin kütlə yaranana qədər zaman itirilməsə, vaxtında həkim müdaxiləsi olsa, əlbəttə ki, daha müsbət nəticələr əldə etmək olar.

– Xəstəliyin ilkin əlamətləri nədən ibarətdir?

– Süd vəzi giləsinin içəri batması, onun ətrafında böyümələr, hər hansı bir kütlənin, yaranın əmələ gəlməsi, axıntıların olması xəstəliyin əlamətləri sırasındadır. Axıntılar zamanı duktoqrafiya müayinəsi aparılır və axarların, qanlı ifrazatın və mənbəyini müəyyən etmək üçün tətbiq edilir. Əgər 18 yaşdan sonra xəstəliklə bağlı şübhələr varsa, ultrasəs, mammoqrafiya və həkim müayinəsindən keçmək lazımdır. Lakin qadınların ildə bir dəfə müayinədən keçməsi məsləhət görülür. Ümumiyyətlə, süd vəzi xərçənginin daha çox rast gəlinmə ehtimalının olduğu 35 yaşdan yuxarı qadınların ildə bir dəfə, 50 yaşdan yuxarı qadınların isə ildə iki dəfə müayinədən keçməsini tövsiyə edilir.

Yaşından asılı olmayaraq hər bir qadına ayda ən azı bir dəfə güzgü qarşısında süd vəzilərini yoxlamağı, özlərinə qarşı diqqətli olmağı məsləhət görürük.