Bakı-Tbilisi-Qars dəmir yolu: Qitələri birləşdirəcək yol kimə mane olur?
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi 5 ildən çoxdur ki, uzanır. Son məlumata görə, xətt bu ilin sonunda istifadəyə veriləcək və ilk kommersiya reysi 2016-cı ildə baş tutacaq.
Dəmir yolu xəttinin layihəsi 2007-ci il fevralın 7-də Tbilisi şəhərində prezidentlər İlham Əliyev, Mixail (Gürcüstanın keçmiş prezidenti) Saakaşvili və Türkiyənin o zamankı baş naziri Rəcəp Tayyip Ərdoğan tərəfindən imzalanıb.
Azərbaycan hökuməti bu xəttin çox əhəmiyyətli olduğunu bildirir. Ancaq 2010-cu ildə tikilib başa çatdırılması planlaşdırılan dəmiryolunun tikintisi dayandırılıb.
Xəttin Azərbaycan və Gürcüstan hissələri qismən hazır olsa da, Türkiyə tərəfi tikintiyə ara verildiyini və yalnız gələn həftə davam etdiriləcəyini bildirib.
İqtisadçılar deyir ki, Bakı-Tbilisi-Qars (BTK) dəmir yolu xəttinə çox xərc çəkilib və bu məbləğin büdcəyə qayıtması uzun zaman alacaq.
BBC Radiosu bu layihə ilə bağlı hazırladığı məqalədə bir sıra maraqlı məqamlara toxunub.
Strateq.az həmin yazını oxuculara təqdim edir:
Asiya ilə Avropanı birləşdirən layihə…
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu dəmir yolu xəttinin beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsi, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılması üçün çox əhəmiyyətli olduğu fikrindədir.
ARDNF BBC Azərbaycancaya açıqlamasında bu dəmir yolu xəttinin həm də region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına, Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcəyini hesab etdiyini deyib.
Prezident İlham Əliyev bu layihə haqqında danışarkən bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə qitələr birləşəcək, 3 iştirakçı ölkə tranzit ölkələrə çevriləcək. “Bu dəmir yolu yüzilliklər ərzində xalqlarımıza xidmət edəcək. Bu böyük geosiyasi, geoiqtisadi və əməkdaşlıq layihəsidir”, – deyə prezident bildirib.
Xərclənmiş milyonlar
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə 2007-ci ildən bu günə qədər Dövlət Neft Fondu tərəfindən 554,1 mln. ABŞ dolları həcmində vəsait ayrılsa da, dəmir yolunun tikintisi hələ də başa çatmayıb.
Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi üzrə Layihənin İdarəetmə Qrupunun məlumatına əsasən, gecikmənin əsas səbəbi Gürcüstan ərazisində mürəkkəb relyef və ağır iqlim şəraitidir.
Gürcüstan tərəfində olan tikinti ərazisi dəniz səviyyəsindən 750-2250 m. hündürlükdədir.
“Gürcüstan ərazisində tikilən Marabda-Türkiyə sərhədi (Kartsaxi) sahəsi bu ilin sonunda istifadəyə veriləcək. Amma Türkiyə sahəsi üzrə konkret məlumat yoxdur”, – açıqlamada deyilir.
İqtisadi təhlilçi İlham Şabanın fikrincə, gecikmənin Gürcüstandakı təbiət şəraiti ilə bağlı olması inandırırcı görünmür: “İsveçrədə yüksək sürətli qatar layihələri 3-4 ilə hayata keçirilib. Burada isə Gürcüstan ərazisində 31 km, Türkiyədə isə 110 km ərazi var. Yəni o boyda iqtisadi cəhətdən qüdrətli Türkiyə 8 il müddətində ilə 15 km yol tikə bilmir? İnandırıcı deyil”.
Türkiyə tərəfindən dəmir yolunun tikintisini Özgün Yapı-Çelikler Ortak Girişimi adlı şirkət həyata keçirir.
AKP-nin Qarsdan olan millət vəkili Mehmet Uçumun sözlərinə görə, Türkiyə bugünədək layihəyə ƏDV daxil 1 milyard 163 milyon lirə (təxminən 417 milyon 750 min dollar) xərcləyib. 200 milyon lirənin (71 milyon 780 min dollar) isə gələcəkdə xərclənməsi gözlənilir.
Türkiyə nə deyir?
BBC Azərbaycancaya gecikmənin səbəblərindən danışan millət vəkili deyir ki, Dövlət Tender Qurumuna tikintini həyata keçirən şirkət haqqında şikayət daxil olub və şikayətin araşdırması zaman alıb.
“Dövlət Tender Qurumuna tenderi qazana bilməyən rəqib firma tərəfindən şikayət ünvanlanıb. Hüquqi incəliklərə görə, araşdırma çox zaman alıb. Araşdırma müddətində işlər dondurulub. Amma hazırda şirkətin yenidən tikintiyə başlaması üçün çağırış edilib”, – deyən cənab Uçum əlavə edir ki, gələn həftədən bərpa ediləcək layihə 2016-cı ildə tamamlanacaq.
Mehmet Uçumun sözlərinə görə, hazırda Qarsda Türkiyənin ən böyük İdxal və İxrac Dövretmə Mərkəzi tikilir. BTK dəmir yolu xətti bu mərkəzdən keçəcək. Bundan başqa, Qarsda Azad Ticarət Zonası da yaradılır: “Bu layihələr bir-birinə çox bağlıdır və Qarsın Avropa və Asiya arasında ticarət mərkəzinə çevrilməsinə yardım edəcəklər. Hər iki layihə ilə Qars Azərbaycan üzərindən bütün Qafqaza xidmət göstərə bilər. Azad Ticarət Zonasına bir çox investorlar gələcək. Bu da həm Azərbaycana, həm də Qafqaza çox önəmli ticarət imkanları yaradacaq”.
2011-ci il iyulun 1-də Azərbaycanın Nəqliyyat Nazirliyi və “Marabda Kartsaxi Dəmir Yolu” MMM arasında yeni şərtlər çərçivəsində kredit müqaviləsi imzalanıb.
ARDNF-dən aldığımız məlumata görə, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi kommersiya təyinatlı layihədir və bu layihə üzrə Azərbaycan Gürcüstana 775 milyon ABŞ dolları məbləğində vəsait kredit xətti şəklində, illik 1 və 5 faiz dərəcələri ilə verilib.
“Bakı-Tbilisi- Qars dəmir yolu sahəsinin illik yük buraxma qabiliyyəti 5 milyon tondur və gələcəkdə bu göstəricinin 10 milyona qədər artırılması nəzərdə tutulur. Bununla əlaqədar bu layihəyə qoyulan sərmayə gələcəkdə tədricən geri qaytarılacaq”.
Alternativ layihələr
Təhlilçilərə görə, milyonlarla vəsait xərclənmiş BTQ dəmiryolu layihəsi regionda əsası qoyulacaq digər layihələrlə rəqabətə dözümsüz ola bilər.
İqtisadi təhlilçi Natiq Cəfərlinin fikrincə, İran və Rusiyadan, eləcə də Asiyadan Qərbə çəkilməsi nəzərdə tutulan layihələr həyata keçirilərsə, Bakı-Tbilisi-Qars layihəsinin rentabelliyi xeyli dərəcədə zəifləyəcək: “Rusiyanın sovet dövründən Avropa sərhədlərinə, yəni Çexiyaya, Slovakiyaya dəmir yolu xətləri var. Rusiyada bu xətlərin modernləşdirilərək Çinə və Hindistana qoşulması ilə böyük İpək yolunun reanimasiyası hazırlanıb. İran üzərindən də Türkiyədən keçməklə Avropaya çıxış üçün marşrut hazırlanır. İranın üzərindən embarqoların götürülməsi ilə proses daha da sürətlənəcək. Gələcəkdə bu marşruta Hindistan, Pakistan və Əfqanıstanın da qoşulma potensalı var. Ona görə bu alternativ xətlər daha cəlbedicidir”.
Təhlilçi hesab edir ki, Bakı-Tbilisi–Qars dəmir yolu xəttinin əsas problemi Orta Asiya və Uzaq Şərqdən gələcək məhsul vaqonlarının Xəzər dənizindən bərələr vasitəsilə keçirilməsidir: “Bu həm bahalı prosesdir, həm də vaxt itkisinə gətirib çıxarır. Bərələr məsələsi müasir standartlarla həll olunmasa, zaman itkisindən irəli gələrək bəzi şirkətlər məhz Rusiya üzərindən keçən marşruta üstünlük verəcəklər. Bu da Azərbaycanın gələcəkdə nəzərdə tutulmuş gəlirlərinin azalmasına gətirib çıxaracaq. Layihə istifadəyə verildikdən sonra uzun illər Azərbaycan çəkdiyi xərcin büdcəyə geri dönüşü üçün çalışacaq.
Ən yaxşı halda hökümətin nəzərdə tutduğu həcmdə yük və sərnişin daşımaları həyata keçirilsə, bu layihənin illik Azərbaycan büdcəsinə gətirdiyi gəlir 45-50 milyon manat olacaq ki, bu da böyük rəqəm deyil. Buna görə də, Azərbaycan hökuməti birbaşa Çin istehsalçılarının Avropa bazarına çıxışı üçün daha keyfiyyətli, daha ucuz və daha surətli marşrutun tətbiq olunmasına çalışmalıdır”.
Millət vəkili Asim Mollazadənin fikrincə isə, Bakı-Tbilisi-Qars İpək yolu sisteminin formalaşması və Şərqlə Qərbin birləşdirilməsi üçün çox mühim bir layihədir.
Onun sözlərinə görə, layihənin həyata keçirilməsi Azərbaycanı, Türkiyəni və Gürcüstanı İpək Yolunun mərkəzinə çevirəcək.
Layihənin gələn il və ya 2017-ci ildə tikilib istifadəyə veriləcəyi deyilsə də, bu gözləntinin özünü doğruldacağı hələ ki, sual altındadır.