APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi keçirdiyi ənənəvi brifinqdə deyib. B. Qasimi SEPAH-ın (İran İslam İnqilabı Keşikçiləri Korpusu) komandanı Məhəmmədəli Cəfərinin ABŞ-ın bu qurumu terror təşkilatı elan edə biləcəyi barədə məlumatlara reaksiyasına münasibət bildirib. “Ümid edirik ki, Amerikanın hakim dairələri bu strateji və önəmli səhvi etməyəcəklər. Onlar bu işi görmüş olsalar, İranın cavabı ciddi, ağır və sərt olacaq. Amerika gərək atacağı bu addımdan sonra baş verənlərin məsuliyyətini qəbul etsin”, – deyə sözçü söyləyib. B. Qasimi Ermənistanın baş naziri Karen Karapetyanın başçılıq etdiyi nümayəndə heyətinin Tehrana səfərinə də toxunub. O qeyd edib ki, K. Karapetyanın iştirakı ilə Tehranda Qafqaz və regiondakı məsələlər müzakirə ediləcək: “Səfərdə ikitərəfli əlaqələr və regional məsələlər müzakirə olunacaq. Qafqaz regionunda baş verən proseslər çox önəmlidir. Bizim Qafqazın bütün ölkələri ilə davamlı görüşlərimiz və müzakirələrimiz olur”.
B. Qasimi Türkiyənin Suriyanın İdlib bölgəsində keçirdiyi əməliyyat və İranın buna münasibətinə də aydınlıq gətirib. Onun sözlərinə görə, bu məsələ Astana müzakirələrinin gündəliyində var: “Ümid edirik ki, növbəti görüşdə müsbət nəticələr əldə olunacaq. Suriya məsələsində davamlı koordinasiya var və lazım olanda bir-birimizi son durum haqqında məlumatlandırırıq”.