Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Bu ilin doqquz ayında ölkəmizin uğurla və hərtərəfli inkişaf etdiyini, bütün sahələrdə dinamik inkişafın təmin edildiyini deyən prezident İlham Əliyev iqtisadi göstəricilərimizin müsbət olduğunu vurğulayıb.
Dövlət başçısı ilin doqquz ayında qeyri-neft iqtisadiyyatının 2,5 faiz artdığını qeyd edərək, bunun son illərdə aparılan siyasətin nəticəsi olduğunu bildirib. Qeyd edib ki, bu dövrdə qeyri-neft sektorunun sənaye hissəsində artım 3,1 faiz, kənd təsərrüfatında 2,8 faiz təşkil edib, xarici ticarət dövriyyəsi 7 faiz artıb. Prezident İlham Əliyev vurğulayıb ki, doqquz ayda Azərbaycanın valyuta ehtiyatları 42 milyard dollar səviyyəsində olub. “Biz uzunmüddətli dayanıqlı inkişaf barədə düşünürük” deyən dövlət başçısı iqtisadi imkanlarımızın müstəqilliyimizin əsas şərtlərindən biri olduğunu bildirib. Vurğulayıb ki, 4,5 milyard dollar həcmində artan valyuta ehtiyatlarımız doqquz ayın ən uğurlu məsələlərindən biridir.
Prezident İlham Əliyev bu dövrdə yeni iş yerlərinin yaradılması prosesinin uğurla getdiyini, doqquz ayda 226 min yeni iş yerinin yaradıldığını bildirib. Ötən dövrdə ölkədə əsas infrastruktur, o cümlədən yeni yolların çəkilişi, içməli su, qazlaşdırma, elektrik enerjisi ilə təminat, meliorasiya ilə bağlı layihələrin uğurla icra olunduğunu deyən dövlət başçısı vurğulayıb ki, bu cür tədbirlərin həyata keçirilməsi regionların uğurlu inkişafına və ölkəmizin ümumi iqtisadi tərəqqisinə təkan verir: Bu ilin ötən dövründə yeni məktəblər, tibb ocaqları tikilib və əsaslı təmir edilib. İlin əvvəlindən məcburi köçkünlərin sosial məsələlərinin həlli, onların mənzillə təmin edilmələri məsələsi də diqqət mərkəzində olub.
Cocuq Mərcanlının bərpasını və kənddə sosial infrastrukturun yaradılmasını tarixi hadisə adlandıran dövlət başçısı 2017-ci ildə də məcburi köçkünlərin yeni mənzillərlə təmin ediləcəyini və bu layihənin gələn il də davam etdiriləcəyini bildirdi, indiyədək 250 mindən çox soydaşımızın dövlət tərəfindən mənzillərlə təmin olunduğunu qeyd edib.
Prezident İlham Əliyev bildirib ki, bu ilin doqquz ayında ölkəmizdə idman sahəsində böyük uğurlar qazanılıb, İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil olunub. Dövlət başçısı 2017-ci ilin doqquz ayında beynəlxalq arenada mövqelərimizin möhkəmləndiyini, Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanındığını vurğulayıb, bu dövrdə 14 dəfə xarici ölkələrə səfər etdiyini, 10-dan çox dövlət və hökumət başçısının isə ölkəmizə gəldiyini dedi və hər bir səfərin ölkəmiz üçün faydalı olduğunu vurğulayıb.