Atəşlər içində yanan Güney Doğu…
Terror Türkiyəni hara aparırır?
Suruç ilçəsinin mərkəzində, Amara Mədəniyyət mərkəzinin önündə otuz iki nəfərin ölümü ilə nəticələnən terror aksiyası və ardınca da Ceylanpınar ilçəsində iki polisin yatdıqları yerdəcə PKK-lı terrorçular tərəfindən vəhşicə qətl edilməsindən sonra keçən ayın iyirmisindən etibarən Türkiyə ABŞ ilə razılaşdırılmış şəkildə Suriyada İŞİD, Şimali İraqda PKK, ölkə ərazisində isə bu terror təşkilatları başda olmaqla DHKPC və digər bütün qeyri-qanuni silahlı birləşmələrə qarşı savaş açdı. Nəticədə sadəcə Türkiyə ərazisində min beş yüzdən artıq terror təşkilatı üzvü və yaxud təəssübkeşi həbs edildi. Eyni zamanda keçirilən hərbi əməliyyatlar nəticəsində üç yüzdən artıq terrorçu öldürüldü, beş yüzdən artığı isə yaralandı. Ayrıca terror təşkilatlarının yurd içində və ölkə xaricində istifadə etdikləri yüzlərcə sığınacaq, ərzaq və silah-sursat anbarı, habelə xəstəxanalar yerlə bir edildi. Bütün bu başarılı əməliyyatlarla yanaşı Türkiyə ərazisində azıb hədəqədən çıxan terror olayları da Güney Doğuda yaşayan insanların həyat şəraitini dözülməz həddə çatdırmaqdadır. Diyarbəkirdə kafenin önündə insanlarla salamlaşmaq üçün avtomobilindən enən polis məmurunun arxadan güllələnməsindən tutmuş, Ərzurumdan qohum ziyarətindən qayıtmaqda olan polis məmurunun yol kəsib sənədləri yoxlayan terrorçu qrup tərəfindən qaçırılmasına, Van ərazisindən keçən dəmir yol xəttinin partladılmasından İran-Türkiyə və Kərkük- Yumurtalıq neft boru kəmərlərinə qarşı həyata keçirilən sabotajlar, ayrıca Vandakı dəmir yolunun partladılmasından sonra bölgəyə gedərək yolun sıradan çıxmış hissəsinin təmir etməyə çalışan dörd nəfər dəmir yol işçisinin öldürülməsinə, baş verən onlarca digər hadisə sadəcə bölgə insanlarını deyil, Türkiyənin bütün ərazisində yaşayan vətəndaşlarının haqlı hiddətinə səbəb olmaqdadır. Bir neçə gün öncə kürd terrorçuları Ağrı vilayətinin Doğu Bəyazit ilçəsindəki bir jandarma bölməsinə qarşı kamikadze ilə terror aksiyası törədiblər. Nəticədə iki əsgər dünyasını dəyişib, səkkizi ağır olmaqla otuz bir nəfər isə yaralanıb.
Gəlin iki ton əldə qayırma partlayıcı ilə həyata keçirilən bu terror hadisəsinin necə həyata keçirildiyinə qısaca nəzər salaq.
Ağrının Doğu Bəyazit ilçəsində iki əsgərin şəhid olduğu bombalı hücumda qoşqulu traktordan istifadə edilib. Bu traktorun kəndlilərin əlindən alındığı və ilkin mərhələdə tarlaya gedirik görüntüsü verərək kəşfiyyat məqsədi ilə istifadə edildiyi bildirilməkdədir.
Daha sonra Doğu Bəyazitdə Qarabulaq Jandarma bölməsində bir neçə gün öncə səhər 05.00 radələrində hazırlanan bombalı hücumla ilgili maraqlı detaylar ortaya çıxdı. Belə ki, əldə olunan bilgilərə görə PKK-lı terrorçular təxminən bir həftə öncə bir kəndlinin traktorunu silah gücü ilə əlindən alaraq bu traktordan öncəliklə kəşfiyyat məqsədi ilə istifadə etməyə başlayıblar. PKK-lı terrorçuların kəndliləri də xain məqsədləri üçün istifadə edərək “Tarlaya gedirik” bəhanəsi ilə Jandarma bölməsi önündəki nəzarət buraxılış nöqtəsindən dəfələrlə geçərək ərazi haqqında yetərincə məlumat topladıqları öyrənildi. Hücum zamanı traktordan teroristlərin kamuflyaj avantajını istifadə etdikləri və yanacaq tankerinin də patlamada ayrıca təzyiq təsiri yaratdığı ehtimalı də dəyərləndirilməkdədir.
Baş verən terror hadisəsi ilə bağlı təhqiqatlara başlayan hüquq mühavizə orqanlarının əməkdaşları hücumun baş verdiyi gün partlayıcıların traktora ərazidə yükləndiyi ehtimalı üzərində dayanmaqdadırlar. Jandarma bölməsinin önündə duran “BTR 60” zirehli döyüş texnikasının da hücum anında yaylım atəşinə tutulduğu bildirilməkdədir. Bölmənin önündə duran zirehli texnikanın içərisindəki şəxsi heyətin partlama anına qədər kənd tərəfindən açılan atəşə qarşılıq verdiyi söylənməkdədir. Bu atışma zamanı bölmənin dəmir qapısını yıxmağa çalışan traktoron bunu bacara bilməyəcəyini anlaması üzərinə kamikadzenin bombanı burada partlatdığı öyrənildi.
Terror mütəxəsissləri hücum üçün Karabulak Jandarma bölməsinin seçilməsinin səbəbi ilə əlaqədar olaraq, bu bölmənin yaxın bir dönəmə qədər toplanma mərkəzi olaraq istifadə edilməsi ehtimalı üzərində durmaqdadır.
İntihar hücumuna yardım ettiyi gərəkçəsiylə kənddə 4 nəfər həbs edilib. Bölmənin yenidən istifadəyə verilməsi üçün çalışmalar başladılırkən, “geçici askəri güvənlik bölgəsi” elan edilən Ağrı və Təndürək Dağlarına həm quru qoşunları tərəfindən, həm də havadan əməliyyatlar davam etməkdədir. Bu arada terror təşkilatına yaxın bir internet saytında partlayışı ’Andok Eriş’ kod adlı Van şəhərində qeydiyyatda olan Murat Bütünnün həyata keçirdiyi iddia edildi.
Bütün bu terror aksiyaları və bunlara əlavə olaraq yol kəsmələr, sənədləri yoxlamalar insanların dövlətə qarşı güvənlərini sarsıtmaq, onları yalnız buraxıldıqlarını hiss etdirmək məqsədi güdməkdədir. Təəssüflər olsun ki, bəzi hakimiyyət nümayəndələri də PKK-nın bu vəhşiliklərinə göz yummaqdadır. Belə ki, artıq on gündür ki, Ərzincan Tuncəli magistral yolu PKK təhdidi ucbatından bölgə valiliyi tərəfindən nəqliyyatın hərəkətinə bağlanmışdır. Bundan əlavə olaraq hələ “Çözüm sürəci” davam edərkən də bəzi olaylar olmaqda idi. Məsələn, Diyarbəkirdə xanımı ilə birlikdə bazara gedən gizirin maskalı şəxslər tərəfindən arxadan vurularaq şəhid edilməsindən tutmuş, Cizrənin muxtar bölgə elan edilərək iki gündə bir terrorçular tərəfindən ilçə mərkəzində parad təşkil edilməsinə, HDP-li vəkillərin dağa çıxaraq terrorçularla qucaqlaşıb şəkil çəkdirməsinədək baş verən hadisələr hökumətin təzyiqləri ilə mediada işıqlandırılmır, süni gündəmlər içərisində itib gedirdi.
Heç indinin özündə də bu antiterror əməliyyatlarına qarşı münasibət birmənalı deyil. Belə ki, Türkiyəli müşahidəçilərin bu əməliyyatların gecikmiş əməliyyatlar olduğunu, əslində daha öncə aparılaraq bölgədə dövlətin varlığının hiss etdirilməli olduğunu bildirsələr də, digərləri isə “Çözüm sürəci”ndə israr edilməli olunduğunu iddia edirlər. Bir qisim siyasi müşahidəçilərin fikirlərinə görə isə Ərdoğanın davamlı olaraq koalisiya hökumətindən fayda gəlməyəcəyinə dair səsləndirdiyi bəyanatları və seçim hökuməti qurulması yönündəki israrlı təkliflərini istinad göstərərək bu əməliyyatların əslində HDP-ni nəzərdə tutulan erkən seçkilərdə baryər altında buraxaraq yenidən təkpartiyalı hökumət modelinə dönmək istəyi ilə əlaqələndirirlər.
Doğrudur, hər nə qədər keçən seçkilərdə HDP-nin silah gücünə səs topladığı barədə məlumatlar yayılsa da, seçki təhlükəsizliyini təmin etmək dövlətin vəzifələrindən biridir. Əgər dövlət ərazisinin bir qismində meydanı qaçaq-quldura buraxıbsa, bunun günahını başqa yerdə deyil, məhz özündə axtarmalıdır.
Sonda onu da bildirməyi vacib hesab edirəm ki, Türkiyə ərazisini terrorizm bəlasından qurtarmağa çalışırsa, bunu şəxslərin eqolarının tətmini üçün insanların həyatlarını fəda etməklə deyil, daha çox demokratikləşmə ilə etməlidir. Əgər ölkədə kifayət qədər demokratiya və hüququn mütləq üstünlüyü olarsa bu insanların terror təşkilatlarına qatılma maraqlarını minumuma endirəcəkdir və nəticədə bataqlıq öz-özünə quruyacaqdır…
Zaur Muradxanlı