Vasif Talıbov Konstitusiyaya dəyişiklikləri Milli Məclisə göndərdi –Komitə sədrindən açıqlama

0
4

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib.

Parlamentdən APA-ya verilən məlumata görə, komitə sədri Əli  Hüseynli tərəfindən aparılan iclasda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tərəfindən qanunvericilik təşəbbüsü qaydasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında  dəyişikliklərin  təsdiq  edilməsi haqqında”  Konstitusiya  qanunun müzakirəsi təqdim olunub.

 Muxtar Respublika Konstitusiyasının 6 maddəsi üzrə edilən dəyişikliklər ötən ilin sentyabrında referendum yolu ilə Azərbaycan Konstitusiyasına olunan dəyişikliklərdən irəli gəlir. Belə ki, 8-ci maddənin 3-cü hissəsinə əsasən, müəyyən kateqoriyadan olan şəxslərin passiv seçki hüququ qanunla məhdudlaşdırıla bilər.

Muxtar Respublikanın Ali Məclisinə deputatlığa namizədlərə tələblərlə bağlı “yaşı 25-dən aşağı olmayan” sözləri “seçkilərdə iştirak etmək hüququna malik olan” sözləri ilə əvəzlənir. Digər maddədə Ali Məclisə deputatlıqdan məhrumetmə ilə bağlı 5 hal nəzərdə tutulurdusa, buna əsas yaradan daha iki hal maddəyə əlavə olunur. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə aid tələblər” maddəsindən “yaşı otuzdan aşağı olmayan” sözləri çıxarılır. Naxçıvan Nazirlər Kabinetinin üzvlüyünə namizədlərə aid tələblər maddəsi də yeni redaksiyada verilir və orada da yaş tələbi aradan qaldırılır. Yeni redaksiyada qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının Baş naziri, Baş nazirinin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan vətəndaşı təyin edilir.

Sonra iclasda Mülki Prosessual, İnzibati Prosessual Məcəllələrə, eləcə də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklər edilməsi barədə  sənədlərə baxıldı. Qeyd  olundu ki, bu  qanun layihələrində edilən  dəyişikliklər  üzvi surətdə bir-biri ilə bağlıdır. Qeyd  olundu ki, Ali Məhkəmənin parlamentə ünvanlandığı bu layihələr məhkəmə-hüquq islahatları çərçivəsində tərtib olunub. Məqsəd məhkəmə prosesində operativliyin artırılması və fiziki şəxslərin peşəkar hüquqşünas-vəkillərlə təmin olunmasıdır. Qeyd  olundu ki, məhkəmə təcrübəsi göstərir ki, təqdim olunan ərizələrin çoxu qeyri-peşəkar  şəkildə tərtib edilir. Bu da prosesin uzanması, əlavə maliyyə vəsaitlərinin sərf edilməsi, iş yükünün artması ilə nəticələnir. Amma qanunvericiliyə edilən dəyişiklik vəkillik institunun fəaliyyətinin inkişaf etdirilməsi və ölkədə vəkillərin sayının artırılması zərurətini yaradır. Çıxış edənlər qanunvericiliyin uyğunlaşdırılması baxımından dəyişiklikləri vacib sayıblar.

Sənədlər  Milli Məclisin plenar  iclasına  tövsiyə  edilib.