Bayram Səfərov kimi aldatmaq istəyir?

0
6

Bayram Səfərov kimi aldatmaq istəyir?

Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyırmı?

“Şuşada dörd qızı qayanın başına çıxarıb guya moda göstərirlər, orada adam var ki, onlara baxsın?”
“Mən bir şeyi bilirəm ki, Rusiya dövləti Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycanın qanunlarına da hörmətlə yanaşır. Biz, Bako Saakyan adlı adamı tanımırıq. Onlar işğalçıdırlar, bizim torpaqlarımızı işğal ediblər. Əlbəttə ki, Bako Saakyana hansısa təşkilatın orden verməsini pisləyirəm”.
Belə mövqeni “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Rusiyanın Təhlükəsizlik, Müdafiə və Qanunçuluq Akademiyasının Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanı “Böyük Pyotr” ordeni ilə təltif edilməsinə münasibət bildirərkən sərgiləyib.
B.Səfərov bildirib ki, Rusiya kimi, digər dünya dövlətləri də Azərbaycanın ərazi bütövlüyünü tanıyır. “Dünya ölkələri Ermənistanı işğalçı kimi qəbul edir, qondarma Dağlıq Qarağbağ rejiminin müstəqilliyini isə tanımırlar”.
İcma rəhbəri onu da qeyd edib ki, bu gün Ermənistan dövləti səfalət içində yaşayır: “Ermənistanda insanlar aclıq, səfalət içindədirlər. Qiymət artımına etiraz olaraq mitinqlər keçirirlər. Bu yaxınlarda bir rusun Qarabağda moda sərgisini keçirdiyini gördüm. Dörd qızı qayanın başına çıxarıb guya moda göstərirlər. Orada insan var, adam var ki, onlara baxsın? Qarabağda erməni yaşayır? Biz bilirik ki, bunların hamısı tamaşa xarakterli şeylərdi.”
Təəssüf ki, bu fikirlər Qarabağı təmsil edən, faktiki olaraq Şuşa rayonu İcra Hakimiyyəti başçısı vəzifəsini tutmuş Bayram Səfərova aiddir. Xatırladım ki, ötən əsrin 80-90-cı illərində buna bənzər mövqeni Azərbaycanın keçmiş rəhbərləri Əbdürrəhman Vəzirov və Ayaz Mütəllibov da sərgiləyib, Azərbaycan xalqını aldatmağa çalışırdılar.
Guya, SSRİ və sonra isə həmin imperiyanın varisi sayılan Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyırmış. Nəticə isə bəllidir. Sirr deyil ki, bu gün Rusiya Qarabağı işğal etmiş Ermənistana müasir silahlar ötürür. Ermənistan heç bir ödəniş etmədən Rusiyanın müttəfiqi kimi həmin silahları pulsuz əldə edir. Rusiyanın Ermənistanı silahla təchiz etməsi beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. Beynəlxalq normalara görə ədalətsiz tərəfin silahlandırılması yolverilməzdir. Açıq-aşkar görünür ki, Rusiya Azərbaycan xalqının qanı üzərində pul qazanır. Həmin dövlət heç də gizlətmir ki, Azərbaycan tərəfi müharibə yolu ilə öz torpaqlarını azad etməyə başlasa, Kremlin sərt təpkisi ilə üzləşə bilər.
“Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri B.Səfərovun Xocalı soyqırımından xəbərsiz kimi danışması daha təəccüblü görünür. Nə bilək, bəlkə də Bayram müəllimin başı o zaman ticari işlərə qarışması səbəbindən 366-cı rus motoatıcı alayının Xocalı və Qarabağın digər məntəqələrində törətdiyi qətliamlardan xəbəri olmayıb. Axı, kim bilmir ki, Azərbaycanın işğal olunmuş əraziləri məhz rus ordusu tərəfindən ələ keçirilən, ermənilərə hədiyyə edilib. Həmin rus ordusunun hələ də müstəqil dövlət sayılan işğalçı Ermənistan ərazisində saxlanılması belə Azərbaycan üçün təhlükə hesab edilməli olduğu halda B.Səfərovun növbəti dəfə Rusiyanın dostu kimi çıxış etməsi “vəzirovçuluğa” bənzəmirmi?
Axı, kim bilmir ki, Rusiya dövləti şərait yaratmasa heç bir Rusiya vətəndaşı Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər edə bilməz. Elə bu yaxınlarda rus milyonçu Gennadi Sterliqov, daha əvvəllər isə Rusiyanın tanınmış opera müğənnisi Lyubov Kazarnovskaya, məşhur bloqqer Artemi Lebed, Rusiya Böyük Mason Lojasının rəhbəri Andrey Boqdanov, REN TV kanalının “Taynı mira” verilişinin aparıcısı, keçmiş kəşfiyyatçı Anna Gapman, İctimai Palatanın üzvü, jurnalist Denis Dvornikov, hüquq müdafiəsi Sergey Karnduxov, “Russiy reportyor” jurnalı və “Dairynevs” informasiya agentlinin müxbiri Aleksandra Rijkova, “Opera Rossi” Ümumrusiya kiçik və orta sahibkarlıq ictimai təşkilatının sədri Pavel Siqal və təşkilatın nümayəndəsi İrina Tolmaçova, “Arqumenti i faktı” qəzdetinin jurnalisti Aleksandr Kolesniçenkonun Dağlıq Qarabağa səfərlərini xatırladaq…Təbii ki, siyahını istənilən qədər uzatmaq mümkündür. Ancaq bu da yetərlidir ki, Rusiya dövlətinə müraciət edib, sual edilsin ki, nədən qanunsuz səfərlərin qarşısı alınmır? B.Səfərov demişkən, əgər, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, onda nə üçün öz vətəndaşlarını qonşu ölkənin qanunlarına, ərazi bütövlüyünə hörmət bəsləməyə dəvət etmir?
B.Səfərov qeyd edir ki, dörd qız qayanın üstünə çıxıb, şəkil çəkdirir. Həm də onu xatırladır ki, qızların şəkil çəkdirdiyi yerdə adam olmayıb. Bəli, Bayram müəllim, onlarla qayalıqlarımız da sərbəst şəkil çəkdirməklə, bizlərin qururuna, mənliyinə toxunmaq istəyirlər. Şəkil çəkdirdikləri ərazilərdə kimsə olmasa da, həmin şəkilləri mövcud texnologiyadan istifadə etməklə bütün dünyaya yayımlayıb, Azərbaycan xalqı, siz, buralara həsrət qalsanız da, biz burada kef edirik, mesajını vermək istəyiblər ki, bunu anlamaq bir o qədər çətin deyil. Ən əsası isə, B.Səfərov gərək, rəhbərlik etdiyi ictimai qurumun adından bəyanat yayıb, Rusiyanın Təhlükəsizlik, Müdafiə və Qanunçuluq Akademiyasının qanunsuz fəaliyyətini bir daha xatırlatmalı və Rusiya rəhbərliyindən həmin qurumun cəzalandırılmasını tələb etməli idi. Belə ki, 10 iyul 2000-ci ildə təsis edilmiş həmin akademiyanın fəaliyyəti Rusiya Ali Məhkəməsinin 10 dekabr 2008-ci il tarixli qərarı ilə qadağan edilib. Həmin akademiyanın fəaliyyəti Rusiya prokurorluğu tərəfindən araşdırılaraq, ciddi korrupsiya faktları aşkar edildiyindən, təsis etdiyi qanunsuz fəxri adlar da ləğv edilib. Düşünürəm ki, B.Səfərov KİV-lərə açıqlamalar verməklə yanaşı, məsələyə hüquqi aspektdən də yanaşmalı, Rusiya Baş Prokurorluğuna müraciət edərək, Qondarma Dağlıq Qarabağ Respublikasının dələduz “prezidenti”nə verilmiş,qadağan olunmuş “Böyük Pyotr” ordeninin qanunsuz hesab edilməsini tələb etməlidir. Məhz, əldə edə biləcəyi nəticədən sonra Rusiyanın bizə nə qədər tanıdığını təbliğ etsə, mənə elə gəlir ki, daha məntiqli olar. Bizə isə, sizə uğurlar diləmək düşər, cənab Bayram Səfərov!

Turan Türk

LEAVE A REPLY