Prezident İlham Əliyev:“Gələn il sürətli iqtisadi inkişaf ili olacaq”

0
4
“Gələn il sürətli iqtisadi inkişaf ili olacaq”.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Qobustanda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. Dövlətimizin başçısı bildirib: “İqtisadi sahədə əldə etdiyimiz nailiyyətlər həm bizim statistik göstəricilərdə, eyni zamanda, mötəbər beynəlxalq iqtisadi qurumların hesabatlarında da öz əksini tapır. Yəqin ki, siz eşitmişiniz, bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görübdür. Biz iki pillə qabağa getdik, artıq 37-ci yerdən 35-ci yerə layiq görüldük. Bu da çox böyük nəticədir. Onu da qeyd etməliyəm ki, MDB məkanında biz birinci yerdəyik. Artıq neçə ildir ki, liderliyi saxlayırıq və bir çox inkişaf etmiş ölkələri də qabaqlamışıq. Nəzərə alsaq ki, keçən il və bu il neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar ölkəmizdə müəyyən çətinliklər, iqtisadi sahədə bəzi problemlər yaranmışdır, buna baxmayaraq, görün, biz nə qədər uğurla iş aparmışıq, nə qədər ciddi islahatlar həyata keçirmişik ki, bunu dünyanın birinci iqtisadi forumu olan Davos Forumu yüksək qiymətləndirir. Bu, bir daha onu təsdiqləyir ki, biz düzgün yoldayıq, bizim iqtisadi siyasətimiz Azərbaycan xalqının maraqlarına tam cavab verir, ölkəmiz güclənir”.

İlham Əliyev onu da qeyd edib ki, bu il neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, valyuta ehtiyatlarımızı artıra bilmişik: “Bu, onu deyir ki, biz hətta çətin illərdə də düzgün siyasət apararaq nəinki ehtiyatlarımızı xərcləməmişik, əksinə, biz əlavə pul qazanmışıq. Bu pul ölkəmizin, xalqımızın maraqlarına xidmət göstərir. Bu pulla biz məktəblər, xəstəxanalar tikirik, yollar, su xətləri çəkirik, ölkəmizin müdafiə qüdrətini gücləndiririk”.