Ramiz Tağıyev:”AAAF Holdinq” MMC-yə edilən basqıları qətiyyətlə pisləyirəm”.
Ölkənin iqtisadi durumu bir o qədər ürəkaçan deyil. Son illər bir çox müəssisələr bağlanmış, işsizlərin sayı xeyli çoxalmışdır. Ölkə prezidentinin dəfələrlə iş adamlarına edilən təzyiqlərin qarşını almaq barədə verdiyi göstərişlər isə, demək olar ki, nəticəsiz qalıb.
Son günlər ölkənin tikinti sektorunda böyük uğurlara imza atmış “AAAF Holdinq” MMC-yə edilən hücumlar bir daha qeyd etdiklərimizin təsdiqidir. İş o həddə çatıb ki, Holdinqin hazırda xaricdə olan təsisçisi, Azərbaycan Ağır Atletika Federasiyasının vitse prezidenti Tofiq Heydərov sosial şəbəkələr vasitəsilə ölkə əhalisinə video müraciət etmək məcburiyyətində qalıb.
O ,etiraf edib ki,”AAAF Holdinq”in nəzdində fəaliyyət göstərən MTK-lara basqılar olub və bu gün də davam etməkdədir. Həmin təzyiqlərin nəticəsində Holdinq normal fəaliyyətini davam etdirə bilməmiş, bəzi MTK-larda inşaat işləri dayandırılmışdır.
Sual doğur;”AAAF Holdinq” ətrafında nələr baş verir? Bu suala cavab tapmaq üçün Canımız Azərbaycan Naminə Partiyasının (CANP) sədri, “Millətim” qəzetinin baş məsləhətçisi Ramiz Tağıyevə müraciət etdik. O, “AAAF Holdinq” MMC ətrafında baş verənlərdən təəssüfləndiyini bildirdi:”Anlamaq olmur nə istəyirlər iş adamlarından? Nə üçün onların uğurlarına sevinmək, dəstək vermək əvəzinə fəaliyyətlərinin qarşısına sədd çəkilir? Mən, həmin şəhərciyə nəvələrimin əylənməsi üçün gedirəm. Qısa müddətdə yaradılmış park-şəhər sözün əsil mənasında göz oxşayır. Üstəlik də,orada minlərlə iş yeri açılıb. Park-şəhər təkcə istirahət məkanı deyil, həm də gənc nəslin sağlam böyüməsi-idmanın bir çox növləri ilə məşğul olmaq üçün böyük idman bazasıdır.
T.Heydərovun da rəhbəri olduğu yeniyetmə ağır atletlərimizin son günlər keçirilən Avropa çempionatında qazandıqları böyük uğur söylədiklərimi bir daha təsdiq edir.
Şəhərcikdə gimnastika, şahmat, futbol, taekvando, güləs və hətta fiqurlu konki idman növləri üzrə məşgul olmaq üçün yüksək səviyyəli şərait yaradılıb. Açıq söyləyim, “AAAF parkın” doğrudan-doğruya analoqu yoxdur. Bax, elə bu fakt bir çox harınlamış, rüşvətxor məmurları qıcıqlandırır.
Səliqəli, ədəb-ərkanın tam qorunduğu məkandı bu şəhərcik. Bütövlükdə gənc nəslin sağlam böyüməsinə xidmət edilir park-şəhərdə. Ərazisində siqaret çəkilmir, içki içilmir. Nəyi pisdir ki? Gərək şəhərin mərkəzitək zirzəmiləri barlara,”masaj” salonlarına çevirərdilər?
Təbii ki, rəqabətə dözümsüz olan, bir çox iri çinli məmurların nəzarətində fəaliyyət göstərən tikinti şirkətləri AAAF-ın uğurlarına qısqanclıqla yanaşır. Görünən odur ki, “AAAF Holdinq”i çökdürüb, sonradan ələ keçirmək istəyən reket qüvvələr var. İndi ki, Keçmiş MTN-nin quldur, reket dəstəsi yoxdur. Deyəsən, onların aqibəti kimlərəsə dərs olmayıb.
T.Heydərov haqlı olaraq Vergilər Nazirliyindən şikayət edir. Həmin nazirlikdən şikayət etməyən iş adamı varmı?
Düşünürəm ki, bu cür basqılara, özbaşınalıqlara tezliklə son qoyulmasa, ölkə iqtisadiyyatı tamamilə çökəcək. Nəticədə daha böyük işsizlər ordusu yaranacaq. T.Heydərov haqlı olaraq bəyan edir ki, ona müxtəlif adlar uydurub, nüfuzuna zərbə vurmaq istəyirlər. Məgər, hər hansı bir insan cənub zonasında doğulubsa Ələkrəm Hümbətovun tərəfdarı olmalıdı? Və yaxud idmanı təbliğ edib, siqaret və içkidən imtina edirsə Fetoçu və ya vəhhabi hesab olunmalıdır?”