Azərbaycanda oğurluğa görə cəza ağırlaşdırılır –CM-də yeni dəyişikliklər

0
9
Azərbaycanda oğurluğa görə cəza sərtləşdirilir. Bununla bağlı layihə Milli Məclisə daxil olub.

Belə ki, Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsinə yeni bənd – 177.4 əlavə edilir.

Yeniliyə əsasən, özgənin əmlakını gizli olaraq talamaq əməlinə görə və eyni əməllər, mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə 12 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzalandırılır.

Hazırki qanunvericiliyə görə oğurluğa görə ən ağır cəza 12 ildir.

Bundan başqa, 177.1 maddəsinin sanksiyasında da dəyişiklik edilir, cərimə ləğv olunur, “2 ilədək müddətə azadlığın məhdudlaşdırılması” cümləsi əlavə edilir.

Belə ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq əməlinə görə 360 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

Hazırki qanunvericilikdə isə sanksiya belədir: “1000 manatdan 2 min manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

177.2 maddəsinin də sanksiyasında dəyişiklik edilir.

Hazırki qanunvericiliyə görə, eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə, neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə, zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə 4 min manatdan 7 min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dəyişikliyə görə isə, sanksiya belədir: “1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”. Beləliklə, bu əməlin cəzası yüngülləşdirilir.

177.3 maddəsinin sanksiyası da yüngülləşdirilir.

Bu əməllər mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalanıdırılacaq.

Maddənin qeyd hissəsi də dəyişdirilir. Belə ki, “Xeyli miqdar” dedikdə 5 min manatdan yuxarı, lakin 50 min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə 50 min manatdan yuxarı, lakin 500 min manatdan artıq olmayan məbləğ, “xüsusi külli miqdar” dedikdə 500 min manatdan yuxarı olan məbləğ başa düşülür.

Hazırki qanunvericiliyə görə isə belədir: “Xeyli miqdar” dedikdə, üç min manatdan yuxarı, lakin on min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə on min manatdan artıq olan mәblәğ başa düşülür.