Cahangir Əsgərov prezidenti niyə eşitmir?

0
8

Cahangir Əsgərov prezidenti niyə eşitmir?

Sözeşitməz AZAL-ın başa salmağın ən optimal yolu

Prezidentin rəhbərliyilə keçirilən son müşavirədə AZAL-la bağlı şəxsən cənab İlham Əliyevin böyük narahatlıq ifadə etməsindən sonra nəyin şahidi oluruq? Görünən budur ki, AZAL-a silkələnən barmaqdan qurum lazım olan nəticəni çıxarmayıb. AZAL rəhbərliyi guya Prezident tapşırığını yerinə yetirmək üçün qiymət “islahatları”na başlayıb: dəyişilən yeganə şey isə ya həftədə bir neçə reysin qiymətinin endirilməsi, ya da eyni təyyarələrdə uçacaq sərnişinlərin 30%-nə şamil ediləcək güzəştdir.
Qəribədir ki, gözdən pərdə asmağa yarayan bu “güzəştli qiymət siyasəti” hətta bütün reyslərə də şamil olunmadı. Yalnız Antalya, Moskva, İstanbul və Dubay yolçuları Prezidentin tapşırığından öz nəsiblərini alacaqlar. Dünyanın başqa yerlərinə uçmağa hazırlaşan Azərbaycan vətəndaşları isə yenə ya AZAL-ın cib yandıran qiymət siyasətinə boyun əyməli, ya da Bakıdan Tiflisə gedib Gürcüstan Hava Yollarının xidmətindən istifadə etməli olacaq.
O da bir ayrı məsələdir ki, həftədə 3 dəfə güzəştli uçuş təyin olunması belə xeyli mübahisəli qərardır. AZAL rəhbərliyinin gözlərini doydurmaq üçün həmin təyyarələrin gedəcəyi ünvana boş uçub-uçmayacağına, yaxud ucuz biletlərin yalnız “güzəştli” vətəndaşlara satılıb-satılmayacağına heç kim təminat verə bilməz. Hər halda, tamamilə əsassız yerə “güzəştli reyslərə biletimiz qurtarıb” demək səlahiyyəti yenə aviakassaların öhdəsindədir və səfərə çıxmaq istəyən vətəndaşların bunu yoxlamaq imkanı yoxdur.
Təbii ki, təyyarə biletlərinin ucuzlaşdırılmasının yalnız şirkət sahibinin vicdanına qalması gözlənilən nəticəni verməyəcək, bilet qiymətləri üzərində spekulyasiyalara şərait yaradacaq.
AZAL rəhbərliyinin bu qeyri-adi qiymət siyasəti də bu cür şübhələrə əsas verir və sübut edir ki, qurum sürətli endirim etməkdə ciddi maraqlı deyil. Ən azı, xəsisliklə qiymət endirimilə bağlı verilən elanlar bunu demeyə əsas verir.
Şirkətin rəhbərliyi anlamaq istəmir ki, AZAL-ın baha qiymətləri, istər-istəməz, onun qonşularımız Gürcüstan, Rusiya, Türkiyə hava yolları şirkətlərinə uduzması ilə nəticələnir. Azərbaycan insanı digər şirkətlərdə həm qiymətin münasibliyini, həm də xidmət səviyyəsinin əlverişliliyini nəzərə alıb onlara yönəlir. Nəticədə öz yarıtmaz fəaliyyətilə müştərisini itirən AZAL tədricən iflasa doğru sürüklənir.

Zənnimizcə, bu problemin daha bir optimal yolu da var.
AZAL kimi sözeşitməz şirkətdən güzəşt gözləyincə, digər yerli və xarici şirkətləri Azərbaycana dəvət etmək olar. Bununla da sağlam rəqabətin cənginə atılacaq AZAL-ın özü vəziyyətdən çıxış yolu axtarmalı olacaq.
Azad rəqabət AZAL-a Prezidentin nə demək istədiyini daha əyani şəkildə başa sala bilər.
İqtisadçı Qulu İbrahimovun fikrincə, sərbəst rəqabət bazar iqtisadiyyatının vacib şərtlərindən sayılır: “İqtisadiyyatda hər detal tələb və təklif əsasında formalaşır. Sağlam rəqabət həm də bu münasibətlərdən doğan normaları tarazlayır. Bu, direktivlə idarə edilən proses deyil. Azərbaycan iqtisadiyyatının bəzi seqmentlərində monopoliyalaşma hiss edilir. Bu, hökuməti də ciddi narahat edir. Dəfələrlə cənab Prezidentin özü də belə narahatlığı ifadə edib. Rəqabətin yaratdığı başlıca üstünlük qiymət və keyfiyyətin bizə lazım olan həddə çatmasıdır. AZAL sərnişindaşımanın ən bahalı növünə monopolistlik edir. Ola bilər ki, başqa şirkətlər də var, ancaq onların çoxu bilet alıb-satmaqla məşğuldur.
AZAL-la sağlam rəqabət apara bilən, ən azı texnoparkı bununku qədər olan bir və ya iki şirkət rəqabətə buraxılarsa, vəziyyət tamamilə başqa cür olar.
Əminəm ki, AZAL bu cür sərbəst qiymət manevri edə bilməzdi. Bazarın öz qanunları onu lazım olan çərçivəyə salmış olardı. Hesab edirəm ki, AZAL-la rəqabət apara bilən şirkətlər üçün şərait yaradılmalıdır. Belə olarsa, fərqli mənzərəni görərik”.

Məhəmmədəli QƏRİBLİ

LEAVE A REPLY