“AŞPA-DAKI DEPUTATLARIMIZIN BİLİK VƏ BACARIQLARI BU TƏMSİLÇİLİK ÜÇÜN YETƏRLİ DEYİL”
Günel Səfərova:“BİZ NƏ STRUKTUR, NƏ DƏ BAŞQA BİR BAXIMDAN “ÜMİD” PARTİYASININ QURUMU DEYİLİK”
Bu ilin parlament seçkilərinə ənənəvi formalardan, eləcə də, həm strateji, həm də taktiki baxımdan fərqli boyutlarda qatılacağı gözlənilən “125-lər Siyasi Klubu” barəsində hələ həbsxanada olanda qəzetlərdən oxumuşdum. Təbii ki, bizdə qəzet materialları çox zaman tərəfsiz olmur deyə, bu klub barəsində yazılanlara da sadəcə yazı kimi baxdım. Amma burda adı hallanan və klubun aparıcı üzvlərindən bəzilərini şəxsən, bəzilərini isə qiyabi tanıdığımdan, hər zaman “125-lər” maraq dairəmdə oldu. Həbsdən sonrakı müddətdə özüm üçün qərar verdim ki, işləri azacıq səhmana salan kimi, “125-lər Siyasi Klubu”nun üzvləri ilə görüşüb, onların nəyi və niyə istədikləri ilə maraqlanıb, bütövlükdə fəaliyyətlərinə tərəfsiz ayna tutum.
Bu mənada, Günel Səfərova ilə görüşümüz bəlkə də təsadüf sayılmaya da bilər, amma bu dəfəki müsahibimin məhz Günel xanım olması sırf təsadüfdü. Bu görüşdən “125-lər”in fəaliyyəti ilə bağlı aldığım təəssüratlar və gəldiyim qənaətlər, hələlik yalnızca mənə məxsusdu. Ancaq dediyim kimi, Günel xanımla söhbət zamanı, “125-lərin” fəaliyyət dairəsinə, onların Azərbaycana nə vermək istədiklərinə və Azərbaycan parlamentinə nə ilə getdiklərinə nə qədər müdaxil ola bildiyimə özünüz qiymət verin, istəkli oxucular.
Beləliklə, növbəti müsahibim “125-lər Siyasi Klubu”nun üzvü, növbəti parlament seçkilərində deputatlığa namizəd kimi çıxış edəcək Günel Səfərovadı.
“HAKİMİYYƏTİN AVROPADA AZƏRBAYCANI TƏMSİL ETMƏYƏ GÖNDƏRDİYİ ADAMLAR DÜZGÜN SEÇİLMƏYİB”
II hissə
– “125-lər Siyasi Klubu”nun proqramı, nizamnaməsi varmı, yoxsa bu sadəcə ictimai əsaslarda yaranan birləşmədi?
– Bu bir ictimai təşkilat deyil, biz qeydiyyatdan da keçməmişik. “125-lər” sadəcə bir siyasi klubdu, bizim əsasnaməmiz var və biz bu əsasnaməyə görə fəaliyyət göstəririk. Bu əsasnaməyə görə də bizim strukturumuz formalaşıb, bizim hansı işləri görə bilməyimiz də orda yazılıb və qurum sırf Milli Məclis seçkilərinə yönəlik fəaliyyətlərini birləşdirmiş insanların siyasi klubudur.
– Orasını bildim, amma siz burda həm də hansısa strukturlardan danışdınız. Bu strukturlaşmada konkret olaraq klubun lideri, onun sərəncamında olan üzvlər, nə bilim idarə heyəti və başqa nələrsə varmı?
– Bəli, klubun idarə heyəti, bir də sədrimiz var.
– Sədr kimdi?
– “125-lər Siyasi klubu”nun sədri İlhamiyyə Rzadır. Siz yəqin ki, İlhamiyyə xanımı media fəaliyyəti ilə bağlı məndən daha yaxşı tanıyarsınız. Amma biz İlhamiyyə xanımla “125-lər klubu”na gəlməmişdən əvvəl də bir yerdə çalışmışıq. Qeyd etdiyim kimi bizim idarə heyətimiz və bu idarə heyətində təmsil olunan konkret şəxslər var. Idarə heyəti seçkili bir qurumdu. Klubun ümumi yığıncağı çağrılaraq, üzvlərin sırasından idarə heyəti seçilib.
– Amma cəmiyyətdə sizin klubla bağlı fərqli fikirlər var. Məsələn, bəziləri “125-lər klubu”na millət vəkili İqbal Ağazadənin partiyasının alt qurumu kimi baxır. Bəzi adamlar isə bu kluba, sadəcə İqbal Ağazadənin seçkilərdə daha aktiv və daha fərqli görünə bilməsi üçün ətrafına yığdığı adamlar kimi baxır.
– Bəli, bu cür deyimlərdən bizim də xəbərimiz var və hətta bu haqda açıq şəkildə bizim özümüzə də dəfələrlə deyilib. Biz də bu tip suallara cavab verməkdən qətiyyən çəkinmirik. Əslində “125-lər Siyasi Klibu”nun yaradılması ideyası doğrudan da İqbal Ağazadəyə məxsusdu. Bu ideyanın əsasında da, öz sahəsində bacarıqlı və bilgili insanların bir araya gələrək seçkiyə ümumi platforma ilə qatılması dayanır. Iqbal Ağazadə neçə illərdi ki, Milli Məclisdə oturur və onun parlament fəaliyyəti barəsində də maraqlanan hər kəsin xəbəri var. Biz də onun bu fəaliyyətini əsasən qənaətbəxş hesab edirik. Həm də ordakı vəziyyəti illərdi ki, Milli Məclisdə oturan İqbal Ağazadədən yaxşı qiymətləndirən çox az adam olar.
– Mən də yaxşı görə bilərdim, amma məni oralara buraxmadılar.
– (gülür) Yəni demək istəyirəm ki, indi İqbal bəy ordadı.
– Mən əslində deputatlıq-filan heç düşünmədim ki. Bir media adamı olaraq bir para şeyləri bəlkə İqbal bəyin özündən daha yaxşı görə bilərdim. O mənada “məni buraxmadılar” dedim.
– İqbal Ağazadə “125-lər Siyasi Klubu”nun ideyasını bir çox adamlarla müzakirə edib və bir çox insanı da bu ideyanın ətrafında toplamağa nail olub. Amma “125-lər” Umid partiyasının “alt qurumudu”, “üst qurumudu” və ya “arxa bağçasıdır” kimi fikirlər tamamilə yanlışdır. “125-lər Siyasi Klubu” var və İqbal Ağazadə də sadəcə olaraq onun üzvlərindən biridir. Yəni, bizim siyasi klubumuzda elə bir məhdudiyyət yoxdu ki, üzvlərin partiyalılığı olmasın. Sabah bu kluba üzv olmaq istəyən digər partiyaların təmsilçiləri də ola bilər və biz də onları idarə heyətində müzakirə etdikdən sonra qəbul edə bilərik. Bir daha qeyd etmək istəyirəm ki, bəli, klubun yaranma ideyası İqbal Ağazadəyə məxsusdu. Ayrıca da, o, klubun tərkibində hansısa seçilmiş bir vəzifədə təmsil olunmur. O da digər üzvlər kimi klubla bağlı hansısa məsələ müzakirə olunanda gəlib iştirak edir. Əslində isə bu ideya, bu fikir onun siyasəti nə qədər yaxşı bildiyinin göstəricilərindən biridir. Çünki, o, bu ideyanı ortaya atmaqla Azərbaycanın siyasi gündəminə, siyasət arenasına yenilik gətirmək istəyib. Azərbaycanın ənənəvi siyasi müstəvisinə yeni rənglər, yeni çalarlar gətirmək istəyidi bu. Və bizə də bu klubun üzvləri kimi əsasən eyni dəyərlərin daşıyıcısı olduğumuza görə, öz aramızda müəyyən məsələləri müzakirə etmək, hansısa məsələlər ətrafında razılaşa bilmək daha rahatdı. Bununla belə, bizim Umid partiyası ilə də münasibətimiz çox yaxşıdı. Amma biz struktur baxımından bu partiyanın heç bir qurumu deyilik.
– Bu oturduğunuz yer ki var, bura sizin qərargahınızdı?
– Bəli, bura indi əsasən bizim fəaliyyət mərkəzimiz kimi istifadə olunur.
– Amma mən buraya bir vaxtlar millət vəkili İqbal Ağazadənin iqamətgahı kimi çox gəlmişəm. Iqbal Ağazadənin iqamətgahında oturub da, o, sadəcə bizim üzvümüzdü deyəndə nə qədər səmimisiniz?
– Mən indi sizə deyim, bildiyiniz kimi Ümid partiyasının qərargahı burada yerləşmir. “125-lər Siyasi Klubu”nun öz platforması və öz məqsədyönlü fəaliyyəti olduğuna görə, biz haradasa oturmalıydıq. Iqbal bəy də buranı klubun normal fəaliyyət göstərə bilməsi üçün töhfə kimi verib. Onsuz da biz haradasa oturmalıydıq. Bura olmasaydı biz başqa bir ofisdə oturasıydıq.
– Belə sual verdiyimə görə çox da narahat olmayın. Mən birbaşa Ümid partiyasının qərargahında bir neçə ay qəzet çıxarmışam və açığını deyim ki, həmin vaxt nə İqbal bəyin bizdən bir təmaənnası olub, nə də qəzetin fəaliyyətinə hər hansı müdaxiləsi. O zaman mən İqbal bəydən bu haqda xahiş edəndə, dərhal otaq boşaltdırdı və mənə də dedi ki, get necə bilirsən o cür də qəzet çıxart.
– Baxın indi də həmin o şərait bizim üçün yaradılıb. Biz bu haqda İlhamiyyə xanımla da söhbət elədik və belə qərara alındı ki, İqbal bəyin bu təklifindən imtina etməmiz doğru deyil. Çünki bizim maliyyə imkanlarımız çox da geniş deyil. Əslində bizim burada oturmağımız daha çox bizi toparlamağa xidmət edir. Ona görə ki, bizlərdən hər biri müxtəlif layihələrdə çalışır və əsasən sosial layihələr həyata keçiririk. Amma bu ofis bizim hamımızı birləşdirən bir qərargah kimi işimizə çox yarayır. Lakin bu ofis olmasaydı belə, biz alternativ variantlar üzərində mütləq düşünər, heç deyilsə, hansısa layihələrdən birin ofisindən istifadə edərdik. Ancaq bura bizə başqa yönlərindən də yararlıdı. Məsələn, yığcamdı, otaqlar çoxdu, yığışmaq üçün rahatdı və s. Ofisin işlək personalları içərisində belə, hər hansı şəkildə partiyaya bağlı insanlar yoxdu. Biz belə hesab edirik ki, klubun uğurlu fəaliyyət göstərə və qarşısına qoyduğu məqsədə çatması üçün hərə öz töhfəsini verməyə çalışmalıdı. Belə deyək ki, İqbal bəy də öz töhfəsini bu cür verib.
– “125-lər”in sayı 125-di, yoxsa elə adı “125”-di?
– Xeyr, 125 rəqəmi simvolik xarakter daşıyır.
– Bəs klubun indi neçə nəfər üzvü var?
– Hələlik 69.
– Demək hələ 125-ə çata bilməmisiniz..
– 125-ə..? Səmimi şəkildə sizə açığını deyim ki, inanmıram ki, seçkiyə qədər klubun üzvlərinin sayını 125-ə çatdıra bilək. Həm də ona görə ki, biz insanları kluba qəbul edəndə dəyərlərə çox önəm veririk.
– Bəlkə mən də düşünüm..
– (gülür) Siz hələ düşünməkdə olun, amma mən düşünürəm ki, biz hər halda seçkiyə qədər klub üzvlərinin sayı edtibarilə 70-i keçə biləcəyik. Amma bu say artımı məsələsi mütləq deyil. Klubun adındakı “125” rəqəmi də, dediyim kimi, sırf simvolik xarakter daşıyır və təbii ki, parlamentdə təmsil olunan millət vəkillərinin sayına uyğun olaraq seçilib.
– Bayaq dediniz ki, lap gənc yaşlarınızdan Azərbaycanı Avropada təmsil etməklə və Avropalılara Azərbaycanı tanıtmaqla məşğul olubsunuz. Belə görünür ki, hər iki istiqamətdə, yumşaq desək yaxşı iş görə bilməmisiniz. Belə ki, indi Azərbaycanın rəsmi təbliğatı Avropa və bütövlükdə Qərblə müharibə vəziyyətindədi. Bu haqda klubunuzda müzakirələr olubmu?
– Məsələ burasındadı ki, Avropada Azərbaycanı təmsil etmək üçün indiki hakimiyyətin göndərdiyi adamlar düzgün seçilməyib. Hətta Azərbaycanı AŞPA-da təmsil edən millət vəkillərinin bilik və bacarıqları bu təmsilçilik üçün yetərli deyil, bunu sizə çox açıq şəkildə deyirəm və elə bu cür də yaza bilərsiniz. Bizim gənclər olaraq, Avropada əməkdaşlıq elədiyimiz qurumlar əsasən ictimai təşkilatlar idi. Biz Avropada Azərbaycanın mədəniyyətini, adət-ənənələrini və xalqımızın çağdaş dünyanın diqqətinə layiq olan nailiyyətlərini çıxarmaqla təmsil edirdik. Düzdür, mən AŞPA-da siyasi liderlər məktəbində də Azərbaycanı təmsil eləmişəm, kifayət qədər müzakirələrimiz olub. Amma qərarvericilik məsələsinə gəlincə, bizim elə səlahiyyətimiz yoxdur. Azərbaycanın Avropa şurasında təmsil olunan millət vəkilləri kifayət qədər bilikli və bacarıqlı olsaydılar, indiki vəziyyət də yaranmazdı.
– Sizcə Azərbaycanın indi Avropa və ABŞ-la apardığı gerçək informasiya müharibəsi sadəcə AŞPA-dakı bizim deputatların bilgi və bacarıqlarıylamı bağlıdır?
– Yox, yox, sadəcə bununla bağlı olduğunu mən düşünmürəm. Gəlin açıq danışaq, Azərbaycanın istər müxalifətində, istərsə də hakimiyyətində Rusiyaya meyillilər olduğu kimi, Avropaya meyillilər də var. Indi hakimiyyətdə təmsil olunan Rusiya meyillilərin imkanları daha genişdi və bu səbəbdən də onlar Avropa ilə intiqrasiyanı başqa cür görürlər. Mən isə Avropaya intiqrasiyanı, sadəcə daha çox Avropa institutlarına üzv olmaqda görmürəm. Mən bu məsələni daha çox insan hüquqlarına və demokratik dəyərlərə Avropasayağı münasibətdə görürəm. Indiki hakimiyyətin Avropa ilə güclü və dəhşətli münasibətlərinin olduğunu da düşünmürəm. Sadəcə ortada Avropanın istədiyi müəyyən məsələlər var ki, Azərbaycan hakimiyyəti bunlarala razılaşmır. Ona görə də ortada bu cür narazılıqlar var. Ayrıca, Rusiyaya meylli insanlar da yaranmış bu vəziyyətdən öz maraqları üçün istifadə edirlər. Avropanın bu sahədəki mövqeyinə gəlincə, bəli, mən də düşünürəm ki, müəyyən milli məsələlərdə Avropa Azərbaycana qarşı ikili standartlardan istifadə edir. Bunu həm də sırf Avropa və Amerika institutlarında işləyən bir insan kimi deyirəm. Inanın ki, mən bunu nə iqtidarda, nə müxalifətdə olan şəxs kimi deyil, bir vətəndaş kimi deyirəm. Ancaq bütün bunlara rəğmən, açıq şəkildə deyirəm ki, əgər Azərbaycan hakimiyyəti siyasi məhbus, insan hüquqları məsələlərini ya qismən, ya da tamamilə həll etsəydi və Avropaya bununla bağlı hər hansı bəhanə kimi istifadə olunacaq materiallar verməsəydi, biz Qarabağ mövzusunu asanlıqla müzakirəyə çıxara bilərdik.
– Gəlin burda da sizə bir az opponentlik edim. Əslində mən özüm də kifayət qədər milli mövqelərdə dayanan adamam. Mən də Avropadan gələn bəzi ikili standartların fərqindəyəm. Amma bu yazıq Avropa indi nə deyir axı? Deyir ki, vətəndaşlarınızı yerli-yersiz küçədən tutub şərləməklə uzunmüddətli həbslərə məruz qoymayın, məhkəmələrə lazımi qədər sərbəstlik verin ki, bu cür saxta işlər böyük problemlərə çevrilməsin. Bunun harası ikili standartdı?
Davamı var…
Sərdar ƏLİBƏYLİ