Aİ:”Strateji yol xəritəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan verəcək”

0
4

Azərbaycanda iqtisadi islahatların reallaşdırılması məqsədilə qəbul edilmiş strateji yol xəritəsi milli iqtisadiyyatın şaxələndirilməsinə xidmət edəcək və qeyri-neft sektorunun inkişafına təkan verəcək.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyinin əməkdaşlıq şöbəsinin rəhbəri Jeron Villems “Azərbaycan akkreditasiya sisteminin gücləndirilməsi” Tvininq layihəsinin təqdimatında deyib.

Onun sözlərinə görə, bu layihə Azərbaycan məhsullarının dünya bazarında tanınması məqsədi daşıyır və bu məhsulların ixracının genişlənməsinə vacib töhfə verəcək: “Bununla yanaşı, biz xərcləri azaltmaqla Azərbaycan məhsullarının Avropa bazarına çıxışını sadələşdirəcəyik”.

J.Villems onu da vurğulayıb ki, Azərbaycan Avropa qonşuluq siyasətində aparıcı mövqelərdə yer alır: “Bu, artıq Aİ-nin Azərbaycanda reallaşdırdığı 51-ci tvininq layihəsidir. Bu layihənin başa çatması ilə Aİ və Azərbaycanın müvafiq strukturları arasında münasibətlər daha da möhkəmlənəcək”.