Bakı çimərliklərində qiymətlər necədir?

0
3

Bakı çimərliklərində qiymətlər necədir?

Artıq bir müddətdir ki, çimərlik mövsümü başlanıb və insanlar qızmar istidən qaçıb sərinlənmək, dincəlmək üçün çimərliklərə üz tuturlar. Bakı çimərliklərinin sayı kifayət qədər çox olsa da təəssüf ki, kəmiyyət çoxluğu keyfiyyət yüksəkliyi ilə mütənasib deyil. Ayrıca çimərliklərin qiymətləri də müxtəlifdir. Xəzər dənizində suyun çirkliliyinin səviyyəsi dünya standartlarından nə az-nə çox, düz altı dəfə artıq olmasına baxmayaraq bu çirklilik içərisində təklif edilə biləcək ən yüksək qiymətlər müştərilərə təklif edilməkdədir. Belə ki, Bakıda yerləşən və xüsusi nəzarətdə, hər bir şəraiti olan çimərliklər baha, ümumi çimərliklər isə onlara nisbətən bir qədər ucuzdur.
Amma qiyməti üçün baha dediyimiz çimərliklərdə suyun çirklilik səviyyəsini çıxarsaq qiymətlər də normadan artıq səviyyədədir. Belə çimərliklərdə giriş qiyməti 20 manatdan başlayır. Sonra sifariş edəcəyiniz qida, içki və s.-in qiyməti isə ümumi çimərliklərdə olan qiymətlərdən iki dəfə bahadır. Orta statistik Azərbaycan vətəndaşı qış uzunu pul yığsın ki, bəlkə yayda bircə dəfə də olsa ailəsi ilə birlikdə bu çimərliklərdən birində bir neçə saatlıq istirahət edə bilər.
Təbii ki, bu çimərliklərdə müştərilərinin ürəyini açacaq canlı musiqi, geniş rəqs meydançaları da mövcuddur. Belə çimərlikdə 5-6 saat dincəlmək, istirahət etmək 4 nəfərlik ailə üçün 200-250 manata başa gəlir ki, bu da Bakı əhalisinin mütləq əksəriyəti üçün əlçatmaz rəqəm deməkdir.
İndi gəlin özəl çimərliklərdən bir neçəsinin qiymərtlərinə baxaq:
Novxanıdakı AFF oteldə giriş qiyməti adambaşına 15 manatdan başlayır. Mərdəkanda fəaliyyət göstərən “Dalga Bəach-Aqua Park” çimərliyinə giriş qiyməti həftəiçi 25 manat, şənbə-bazar günləri isə 35 manatdır. Nardaranda fəaliyyət göstərən “Sea Breezə hotel”də qiymətlər isə 20, həftəsonu isə 30 manatdır.
Bilgəhdə olan “Amburan” çimərliyində də qiymətlər fərqlidir. Burada qiymətlər həftənin günlərinə görə dəyişir. Belə ki, burada birinci gün qiymətlər 16 manat, 2-3-4-cü günlər 18 manat, cümə günü 20 manat, şənbə-bazar günləri isə 25 manatdır. Bu qiymətlərə hovuz, duş, “lejanka”, qolf meydançası da daxildir. Şıxovda olan “Nar & Sharab” çimərliyinin giriş qiyməti isə 15 manatdır.
Təbii ki, bu kimi yerlərə bir qədər imkanlı şəxslər üz tutur. Kasıb əhali isə nisbətən ucuz, yəni ümumi çimərliklərə gedir. Bura giriş pulsuz olsa da, başqa hər şey pulludur, amma bir az ucuz.
Üz tutduğumuz Novxanı ümumi çimərliklərində də qiymətlər fərqli deyil. Çətir və masa 10 manat, “lejanka” 3 manat, duş 1 manat, “soyunma otağı” 50 qəpikdir. Dənizkənarında qamışla qapalı kotejlər olsa da, kotejlərə çox adam üstünlük vermir. Çünki həm qiyməti bahadır (20 manat), həm də sakinlər masa götürməyə, qum üzərində uzanmağa daha çox üstünlük verir.
Sahilboyu at çapmağı, təklif edənlər də az deyil. Burada ata minmək istəsəniz “10 dəqiqəsi 2 manata verirəm. Amma çox az adam 10 dəqiqə çapır. Bəziləri elə ata minən kimi düşürlər. At minmək hər nə qədər insan sağlığı üçün xeyirli olsa da daha öncə at minməmiş insanlar bundan çəkinir. Burada da atdan başı çıxan adam çox azdır. Bu çimərlikdə çox uşaqlar var ki, bu işlə məşğuldur.
Çimərlikdə atdan başqa minik vasitələri də var. Məsələn, dəvəyə 10 dəqiqəlik minmək 2 manat, şəkil çəkdirmək isə 1 manatdır. Sahil boyu, əlində tərəzi “çəkinizi öyrənin” deyib çığıran insanlarla da rastlaşa bilərsiniz. Onların sözlərinə görə burada tərəzi ilə gəzib gün ərzində heç olmasa 5-6 manat qazanmaq mümkündür. Onlar da buradan qazandıqları pulla aillərini dolandırmağa çalışırlar. Tərəzidə bir dəfə çəkini öyrənməyin qiyməti 30 qəpikdir. tərəziyə ən çox qadınlar çıxır və çox zaman 30 qəpik deyil, 50 qəpik verirlər.
Sahil boyu qarğıdalı, tum, top, şar, fosforlu işıq səyyar satıcıların sayı isə çimərliyə gələnlərdən daha çoxdur. “İsti qarğıdalı 1 manat”, “Semiçka var, semiçka” deyə qışqıra-qışqıra gəzən satıcılardan belə qışqırdığı üçün günə mayadan əlavə 10-20 manat qazanır. “Ev yaxındadır, anam qarğıdalını qaynadır, mən də qardaşlarımla satıram. Qarğıdalının 6-nı 1 manata alırıq, birini 1 manata satırıq. Amma bir azdan bunun da qiyməti ucuzlaşcaq”.
Novxanıda dənizin kənarında yan-yana düzülmüş onlarla istirahət mərkəzi var. Qiymətlər isə əl yandırır. Kabablar 4-7 manat, qutablar 50 qəpik-1 manat, sərin içkilər 1 litri 1 manata satılır.
İstirahət mərkəzlərinin birində ofisiant işləyənlərdən birinin sözlərinə görə, bu il əhali dəniz kənarına sanki xüsusi bir axın edib. “Bu il müştərilər çoxdur. Müştəri çox olduqca qiymətlər də yüksək olur. Axı nə də olsa fürsətçilərə, işbazlara gün doğur. Bir də bu mərkəzlərin xüsusi müştəriləri var. Məsələn, axşam saat 6-dan sonra müştərisi olmayan bir mərkəzə girmək istəsən belə bir sualla qarşılaşacaqsan: “rezerv etdirmisinizmi?” Çünki müştəri həddən artıq çoxdur. Müştəri çoxluğu çox qazanc deməkdir. Amma bir şey də var, müştəri çox olduqca yeməklərin də keyfiyyəti azalır”.
Ofisiantın sözlərinə görə, balıqların bütün növləri var və qiymətləri 5 manatdan 50 manata qədərdir. “Sac içi 15 manat, cücə qızartması 12 manat, tabakası 16 manat, kartof qızartması 3 manat, kabablar 4-8 manat arasındadır. İçkilərdən də hər növü var. Qiymətlər müxtəlifdir. Sadə çay çayniki 3 manata, dəstgah 20 manata qədərdir”.
Çimərlikdə FHN işçiləri ilə yanaşı, xüsusi çimərlik mərkəzlərinin özünün mühafizə xidməti işçiləri də fəaliyyət göstərir. Dənizə gələnlər qadağalara fikir verməslər də, FHN dalğıcları qüllədən onları nəzarətdə saxlayır və kömək lazım olduğu təqdirdə hadisə yerinə tez bir zamanda çata bilirlər. Sonda qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi adıçəkilən ərazilərdə beynəlxalq standartlara cavab verən 17 ədəd modul tipli çirkab sutəmizləyici qurğu quraşdırıb. Bunun nəticəsində də dənizdə mikrobioloji baxımdan çirklənmənin dərəcəsi tədricən azalaraq, bağırsaq çöplərinin və şərti patogen bakteriya olan “Escherichia coli”nin miqdarı minimum həddə enib. Amma bütün bunlara baxmayaraq, Sumqayıt, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsindəki çimərliklərdə ötən illərdə olduğu kimi, bu il də mikrobioloji baxımdan, çirklənmə var.

Qudrət

LEAVE A REPLY