Naxçıvan Nümayəndəliyi:”Bəziləri “Oxunması zəruri olan kitablar haqqında” sərəncamın mahiyyətini anlamır”

0
9
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun imzaladığı “Oxunması zəruri olan kitablar haqqında” sərəncam ətrafında yaranmış müzakirələrlə bağlı açıqlama yayıb.

Nümayəndəlikdən APA-ya daxil olan açıqlamada bildirilir ki, bəzi informasiya saytları sərəncamın mahiyyətini və əhəmiyyətini başa düşmədən “mülahizələr” səsləndirir, gənclər tərəfindən oxunması zəruri olan kitabları bütün Muxtar Respublika əhalisinə məcburi oxutdurulan kitablar kimi təqdim etməyə cəhd göstərirlər.

“Əslində, sərəncamda oxunması məcburi yox, zəruri olan kitablar gənc nəsil üçün nəzərdə tutulub. Təhsil və mədəniyyət müəssisələrində bu kitablardan ibarət güşələr yaradılacaq ki, bu da kitabların daha asan seçilməsinə və oxunmasına xidmət edəcək. Bir sözlə, söhbət ölkəmizin gələcəyi olan gənc nəslin kitaba və mütaliə mədəniyyətinə marağının artırılmasından gedir.

Tövsiyə olunan kitablar tariximiz, mədəniyyətimiz və milli kimliyimiz haqqında dolğun məlumat verir, gənc nəslin həyat yolunun müəyyənləşdirilməsinə və dünyagörüşünün artırılmasına xidmət edir. Sərəncamda Ali Məclis Aparatına oxunması zəruri olan kitabların siyahısının zənginləşdirilməsi tapşırılıb. Yəni bu siyahı yeni nəşrlər hesabına daim zənginləşdiriləcək.

Xatırlatmaq yerinə düşər ki, vaxtilə Azərbaycanın böyük bir ziyalı nəslini yetişdirən Qori Müəllimlər Seminariyasında da oxunması zəruri olan kitabların siyahısı təsdiq və təşviq olunub.

Kitab və mütaliə mədəniyyəti haqqında təsəvvürü olmayanların isə diqqətinə çatdırırıq ki, fikir yürütməzdən, ictimaiyyətə ziddiyyətli məlumatlar verməzdən əvvəl, yaxşı olar ki, sərəncamı diqqətlə oxusunlar”, – deyə Daimi Nümayəndəlikdən bildirilib.