“Bir məmurun onlarla villası varsa, bu artıq rüşvətxorluqdan, korrupsiyadan xəbər verir”

0
9

“Bir məmurun onlarla villası varsa, bu artıq rüşvətxorluqdan, korrupsiyadan xəbər verir”

Ramiz Tağıyev:“ABŞ-ın, Avropanın demokratik islahatlar, insan hüquqları adıyla ölkəmizə basqısını alqışlayan siyasiləri anlaya bilmirəm”

“Aqrar ölkənin kənd təsərrüfatı bərbad gündədir”

I Avropa Oyunları uğurla başa çatdı. Ölkə bir müddət bayram əhval-ruhiyyəsində yaşadı. İdmançılarımızın hər zəfərindən qürur duyduq. Bütün bunlarla yanaşı ölkəmizə olan təzyiqlər dayanmadı. Avropa Şurası, ABŞ Dövlət Departamenti Azərbaycanın uğurlarına nəinki sevindilər, əksinə, ölkəmizdə keçirilən möhtəşəm tədbirin fonunda Azərbaycana qarayaxma kompaniyasını bir an belə olsun dayandırmadılar. Baş verənlərə Canımız Azərbaycan Naminə Partiyasının (CANP) sədri Ramiz Tağıyevin münasibətini öyrəndik. Müsahibənin oxucularımız üçün maraqlı olacağını düşünürük.

(Əvvəli ötən saylarımızda)

-Sizcə nələr etmək mümkündür?

-Bu kiçik məsələ deyil. Qlobal problemdir. Xüsusi proqram işlənib hazırlanmalı və ardıcıl olaraq iş aparılmalıdır. Pis odur ki, ölkəmizdə kimsə tənqidi xoşlamır. Hətta tənqidi dostyana etsən belə. Birmənalı söyləyirəm, Diasporlarla İş üzrə Dövlət Komitəsi öz fəaliyyətini düzgün qurmayıb. Həmin komitənin yaradılması nə qədər müsbət addım olsa da, fəaliyyəti qənaətbəxş deyil. Həmin işi bəyanatlar, kompaniyalar üzərində qurmaq tamamilə yanlışdır. Ciddi proqram yoxdur ortada. Həmin komitə işi elə təşkil edə bilər ki, dövlət səviyyəsində sərgiləyə bilmədiyimiz mövqeyi, diaspora təşkilatlarımız nümayiş etdirə bilər. Yoxsa, görüntü yaratmaqla yalnız özümüzü aldada bilərik. Xarici ölkələrdəki əksər diaspora təşkilatları bir neçə qrupa parçalanıb, hərəsi bir hava çalır. Dövlətin həmin quruma ayırdığı vəsaitlə böyük işlər görmək olardı. Bu baərdə ətraflı söhbət açmaq, müzakirə etmək lazım gəldiyindən, düşünürəm ki, indi sizə başqa nə isə söyləməyə ehtiyac duyulmur.

-Xarici İşlər Nazirliyi barədə bir fikir söyləmədiniz…

-Dedim ki, xarici siyasət incə məsələdir. Açıq söyləyim, həmin nazirliyin fəaliyyəti əsasən dövlət sirridir. Həmin sirlərin zamanı olmadan açılmasının, geniş müzakirəsinin tam əleyhinəyəm. Əksər beynəlxalq təşkilatların Qarabağ məsələsində Azərbaycanın haqlı olduğunu təsdiq etməsi, xarici siyasətimizin müəyyən qədər uğurlu olmasından xəbər verir. Ölkəmizin xarici ölkələrin vətəndaşları tərəfindən tanınması işi birmənalı olaraq Diasporlarla İş üzrə Dövlət Komitəsinin öhdəsinə düşür. Bu çox vacib, ölkəmizin uğurlu gələcəyi üçün böyük əhəmiyyət kəsb edən işdir.

-Keçmiş səfir Arif Məmmədovun atdığı yanlış addımın məsuliyyəti bir azca da Xarici İşlər Nazirliyinin üzərinə düşmürmü?

-Mən belə düşünmürəm. Ona qalsa xəyanətkarlar da cəmiyyətimizdə yetişir. Hamımız məsuliyyət daşıyırıq. Məktəbəqədər müəssisələrdən başlayaraq hər yerdə, ailələrdə, gündəlik həyatımızda Millət, Vətən sevgisi daima önə çəkilməlidir. Təəssüf ki, cəmiyyətimizdə şəxsi mənafe Milli və Dövlətçilik mənafelərindən öndədir. Bunu təsdiq etmək bir o qədər çətin deyil.

-Axı, əksəriyyət vətənpərvərlikdən danışır…

-Danışmaq, pafoslu nitq söyləmək başqa, əməldə nümayiş etdirmək isə faktdır, tam fərqlidir. Küçələrdə gəzmək olmur, əl açıb, yalvarıb dilənənlərin əlindən. İş axtarıb tapa bilmədən axşam evinə ümidsiz, pulsuz-parasız qayıdan, gecədən sabaha qədər acından yuxusu ərşə çəkilmiş insanlarımız bilisiniz nə qədərdir? Rayonlardan Bakıya ailəsini dolandırmaq üçün bilirsiniz nə qədər əhali axışıb? Bir çox özəl müəssisələrdə iş saatının 12-14 saat olduğundanmı məlumatlı deyilsiniz? Elə həmin səbəblərdən xəstəliklər baş alıb gedir. Ən sərfəli biznes, dərman biznesi olub. Ərzaq dükanlarında bir o qədər alıcı olmasa da, apteklərin müştərisi daima çox olur. Əfsuslar olsun ki, söylədiklərim acı gerçəklərdir. Müalicə pulsuzdur guya dövlət xəstəxanalarında. Gedin, görün pulsuz sizin üzünüzə baxan olacaqmı? Orada çalışanları da qınamaq olmur, aldıqları əməkhaqqı çox cüzidir. Həmin əməkhaqqı Səhiyyə naziri Oqtay Şirəliyevin çox güman ki, səhər yeməyinə çatmaz. Tənqid edən kimi hücum çəkirlər üstümüzə. Mən yenə deyirəm, halal zəhmətlə kim nə yaradır yaratsın, tikir tiksin, buna ancaq sevinmək lazımdır. Ancaq bir məmurun onlarla villası varsa, bu artıq rüşvətxorluqdan, korrupsiyadan xəbər verir. Özünə onlarla villa, övladlarına xaricdə dəbdəbəli saraylar tikdirənlərin Millət, Vətən sevgisinə inanmaq olarmı? Hələ bu azmış kimi, elələri üstümüzə ağalıq edib, “danışmayın, yoxsa cəzalanarsınız”-deyir. Necə edək, görə-görə özümüzü korluğa, lallığamı vuraq? Bizə olmazın şərini, böhtanını atmaq olar, ancaq zənginlərin, vəzifə sahiblərinin açıq-aşkar qanunsuz əməllərinə, rüşvətlərinə, korrupsiyalarına toxunmaq, söhbət açmaq olmaz. Əgər belədirsə, bunu da qanunlaşdırsınlar, bir dəfəlik işimizi bilək. Əsas da orta “pilləli” məmurlar özbaşınalıq, sözün əsil mənasında isə reketlik edirlər. Bir neçə dəfə olub ki, problemlərlə bağlı yüksək çinli məmurlara müraciət etmişəm. Onlar da tabeliyindəkilərə problemin həll edilməsinə göstəriş veriblər. Orada isə tamam başqa səviyyəylə qarşılaşmışam. Başını qaldırıb üzümüzə baxmaq istəmirlər. Nə bilim, bəlkə əməllərindən xəcalətlidirlər, ona görə.

-Necə olacaq, belə davam edəcək?

-Siz məndən yaxşı bilməlisiniz, davam edəcək, yoxsa yox. Dəfələrlə müxtəlif ünvanlarda ağacların kütləvi qırılıb, uşaqlar üçün əyləncə məkanlarının sökülərək yerinə müxtəlif obyektlərin və yaxud bəzi işbazlar tərəfindən “göydələn”lərin tikilməsinə şərait yaradıldığından yazmısınız. Əhəmiyyət verən olubmu? Məsələn, Xətai rayonunun bir güşəsində iş adamı İman Quliyev tikinti işi aparmaq istəyəndə millət vəkili İqbal Ağazadə hay-küy salmışdı. Hansı ki, İ.Quliyevin inşa etdirəcəyi obyekt yeri həmin ərazidə yaşayan sakinlərə heç bir problem yaratmırdı. Ancaq indi bir neçə ünvanı zəbt edib, çəpərləmə “əməliyyatı” aparılmasından xəbər verirsiniz, yüzlərlə sakin şikayət edir, kimsə əhəmiyyət vermir.

-Dəfələrlə dəniz kənarlarının “çəpərləmə”lərə məruz qalmasından yazılsa da, heç nə dəyişmədi…

-Təəssüf ki, elədir. İnsanları dənizin gözəlliyinə tamaşa etməkdən məhrum ediblər. Elə villalar var ki, dənizin içinə girib. Çox maraqlıdır, müşahidələr göstərir ki, həmin villaların sahibləri aylarla, illərlə orada olmurlar. Onlar daha çox xaricdə istirahət etməyə üstünlük verirlər. Soruşan gərək, lazımınız deyilsə, onda nə üçün inşa etdirib, az qala xalqın gözünə soxmaq istəyirsiniz?

-İmkanlıların xeyriyyəçiliyi də istənilən səviyyədə deyil…

-Belə görünür ki, xeyriyyəçilik də “monopoliya”laşdırılıb. İstəsələr belə edə bilməzlər. Bu, onların özünü reklamı kimi qəbul edilə bilər. Xeyriyyəçilik ən vacib əməldir. Həmin əməldə Millət, Vətən sevgisindən yaranır, desəm, yanılmaram.

-Özünüz necə, xeyriyyəçilik edirsinizmi?

-İmkanım olanda çox etmişəm. Bugün az da olsa, xəstələrə, imkansızlara yardım etməyə çalışıram.

-Bölgələrə gedirsinizmi?

-Bəli… Mənim gəzmək imkanım ancaq bölgələrə səyahət etməyə yetərlidir. Etiraf etməliyəm ki, bölgələrdə böyük quruculuq işləri aparılıb. Bunu daim qiymətləndirirəm. Ancaq bölgələrdə də işsizlik problemi yaşanır. Aqrar sahəyə diqqət yox dərəcəsindədir. Lazımsız layihələrə milyonlar ayıran banklar, kənd təsərrüfatının inkişafına kredit ayırmaqda xəsislik edib. Hiss olunur ki, aqrar sahənin inkişafına yönəlmiş qanunlarda boşluq var. Yəqin ki, bu da səbəbsiz deyil.

-Sizcə, səbəb nədir?

-Birini deyəcəyəm. (gülür) Bildiyimə görə Milli Məclisdə əyləşmiş əksər millət vəkillərinin ölkənin müxtəlif regionlarında onlarla, hətta yüzlərlə hektar torpaq sahəsi var. İndi deyin görüm, onları aqrar sahə haqqında qanunlar maraqlandırar? Ancaq bu çox qlobal problem olaraq qalır. Kənd təsərrüfatına ciddi investisiya yatırılmalıdır.

-Millət vəkilləri seçildikləri ərazilərin problemlərini qaldırmır?

-Bizdə deputat deyəndə hamı yol çəkdirən, məhəllələrin problemini həll edən şəxs anlamında xatırlanır. Belə olmamalıdır. Millət vəkili sözün əsil mənasında vəkillik etməyi bacarmalıdır.

-Siz millət vəkillərini necə görmək istərdiniz?

-Birmənalı olaraq biznes fəaliyyəti ilə məşğul olmayan, mühüm vəzifələrdə çalışmayan, tam müstəqil, bütün fəaliyyətini məhz millət vəkilliyinə həsr edən, sinəsində daima Millət və Vətən sevgisi çırpınan insan kimi görmək istəyərdim. Yoxsa, ara-sıra pafoslu çıxışlarıyla diletantları aldatmaq, kompaniya xarakterli mövsümi fəaliyyətlə uzağa getmək mümkün deyil. Mən hələ rastlaşmamışam ki, hər hansı millət vəkili seçildiyi bölgənin qlobal problemləri barədə proqram xarakterli təkliflər versin. Ancaq həmin millət vəkilləri seçki təbliğatı zamanı o qədər vəd veriblər ki…Gedin, əksəriyyətinə sual verin və görün ki, hansı millət vəkili seçildiyi rayonun iqtisadiyyatı, resursları, mövcud imkanları barədə sizi qane edəcək cavabı verə biləcək. Onlar əsasən, bir neçə dəfə qəbul keçirib, fərdi problemlərin bir neçəsini həll etməklə ayrı-ayrı vətəndaşların rəğbətini qazanmaqla növbəti seçkilərə hazırlıq görürlər. Bu ölkənin ağırlığı prezidentin və bir neçə məmurun üzərindədir. Dəfələrlə söyləmişəm, ölkə prezidenti bölgələrə daha çox səfərlər edir, əksinə, nazirlər işlərini ara-sıra bölgələrdə bir neçə vətəndaşı qəbul etməklə bitmiş hesab edir. Yenə qeyd edirəm, Kənd Təsərrüfatı naziri gərək ayda heç olmasa 5-10 dəfə bölgələrə səfər etsin. Onun şəhərdə, kabinetdə nə işi ola bilər? Təsəvvür edin, indi ölkədə ən vacib olan taxıl biçini gedir, ölkə KİV-ləri demək olar ki, məlumatsızdır. Bu strateji məsələdir, axı. Təbliğata, əziyyət çəkib taxıl ehtiyatı yaradanlara diqqət ayrılmalı, hətta həvəsləndirmə tədbirləri də görülməlidir. Ölkəmiz müharibə şəraitində yaşayan ölkə olduğundan belə işlərə xüsusi diqqət ayırmaq zəruridir. Bəli, jurnalistlərin də üzərinə vəzifə düşür. Nə qədər qeybətdən, dartışmalardan, şoudan yazmaq olar? Bir az da ölkə vətəndaşlarını düşündürən, ölkənin əsas ərzaq təminatçılarını maraqlandıran problemlərdən yazmaq olmazmı? Belə danışdıqda deyəcəksiniz ki, lap kommunist dövrünün insanları kimi düşünürük. Hansı zaman və ya hansı quruluş olur-olsun, qeyd etdiyim problem öz aktuallığını itirməməlidir.

– Ramiz bəy, qayıdaq ölkəmizi düşündürən daha bir vacib məsələyə. Bir sıra dövlətlər və xarici təşkilatlar ölkəmizə qarayaxma kompaniyasını ardıcıl olaraq davam etdirməkdədir. Necə düşünürsünüz, bu çoxmu davam edəcək?

-Əlbəttə, tutarlı faktlara söykənən cavablar verə bilməsək, basqılar davam edə bilər.

-Tutarlı, faktlara söykənən cavablar dedikdə nələri nəzərdə tutursunuz?

-Biz, ABŞ və eləcə də Avropa ölkələrinə xatırlatmalıyıq ki, onlar uzun illərdir işğalçı dövlətlə-Ermənistanla əməkdaşlıq edir. Üstəlik də işğalçıya yardımlar ayırır. İşğalçı ölkəyə yardım etmək, işğalçı ilə bir yerdə olmaq deməkdir. İndi özünüz düşünün, Ukrayna torpaqlarını işğal etmiş Rusiyaya ABŞ və eləcə də Avropa ölkələri maliyyə yardımı ayırsaydılar, bunu Ukrayna dövləti, vətəndaşları necə qarşılayardı? Mən, bu mənada ABŞ-ın, Avropanın demokratik islahatlar, insan hüquqları adıyla ölkəmizə basqısını alqışlayan siyasiləri anlaya bilmirəm. Eləcə də Rusiya, sirr deyil ki, bu dövlət birbaşa torpaqlarımızın işğal olunmasında Ermənistana yardım edib. Bu gün də edir…Və bununla belə bizə “dost” əlini uzatmaq istəyir. Axı, elə bu günlərdə Ermənistanın silahlanmasına 200 milyon ayırmısan, səndən dostluq gözləyə bilərikmi?

-Deməli, təklənmiş durumdayıq?

-Heç bir qorxusu yoxdur. Yadlara yalvarmayacağıq ki… Bizə indi sıx birlik hava-su kimi zəruridir. Xaricdən gələn təxribatlara qətiyyən uymaq olmaz. Tarixdən ibrət götürməyi bacarmalıyıq. Parçalanmalar, yersiz daxili çəkişmələr, xanlıqlara bölünmələrin bizə hansı faciələri yaşatdığı hamıya məlumdur. Mən, bütün əzab-əziyyətlərə hər an hazıram, təki müstəqilliyimiz əbədi olsun. Ölkəmizin bütün sınaqlardan üzüağ çıxacağına böyük ümid bəsləyirəm. Üstünə düşmənin gəldiyi Millət qəzəbini yalnız düşmənə yönəltməlidir.

Nicat Sadiq

LEAVE A REPLY