Saxta məktəbli formalarını aşkarlamaq üçün reydlər başladı –Ölkəyə böyük miqdarda saxta formalar gətirilib

0
4
Azərbaycanda ticarət mərkəzlərində saxta məktəbli formalarının aşkarlanması üçün bu gündən reydlərə başlanılıb.

Bunu Trend-ə “Bakı Tikiş Evi” Açıq Səhmdar Cəmiyyətinin Satış şöbəsinin rəisi Etibar Əzimov deyib. E.Əzimov bildirib ki, ölkəyə Çindən və digər ölkələrdən böyük miqdarda saxta məktəbli formaları gətirilib.

Həmin geyimlərin sertifikatsız, keyfiyyətsiz olduğunu deyən E.Əzimov onların zirzəmi şəraitində istehsal oldunduğunu söyləyib: “Saxta geyimlərin üzərinə “BTE”, yəni “Bakı Tikiş Evi” yazılıb, bizim döş nişanlarımız vurulub. Onlar “Bakı Tikiş Evi”nin adından satılır. Həmin geyimlər uşaq orqanizminə fəsadlar verə, onlarda səpki, stress yarada bilər”.

E.Əzimov bildirib ki, saxta geyimlərin aşkarlanması üçün bütün müvafiq qurumlara müraciət ediblər. Bu gündən isə aidiyyatı dövlət qurumları Bakı, Sumqayıt, Xırdalan, Göyçay şəhərlərində reydlərə başlayıb. Digər rayon və şəhərlərdən də saxta geyimlərin satışda olması ilə bağlı onlara müraciət daxil olarsa, o zaman həmin yerlərdə də reydlərə başlanıla bilər.

E.Əzimovun sözlərinə görə, “Bakı Tikiş Evi”nin məktəbli geyimlərinin qiymətlərində heç bir dəyişiklik olmayıb. “Bakı Tikiş Evi”nin 1-4-cü siniflər üçün məktəbli kostyumunun qiyməti 40, 5-11-ci siniflər üçün isə 46 manatdır. Şöbə müdiri əlavə edib ki, “Bakı Tikiş Evi”nin bütün satış mərkəzləri şənbə-bazar günləri də daxil olmaqla, həftənin 7 günü işləyir.