Müharibə olacaqmı?

0
7

Zaur Muradxanlı

Müharibə olacaqmı?

12 may 1994-cü ildə imzalanan Bişkək protokolu ilə Qarabağda davam edən müharibə rəsmən dayandı. Çünki atəşkəs elan olunmuş və hər iki tərəf də bu atəşkəsi pozmamaq barədə öhdəlik götürmüşdülər. Atəşkəs əlbəttə Ermənistanın xeyrinə idi. Bu arzuolunmaz qonşularımız rus ordusunun həm silah-sursat dəstəyi, həm də döyüş taborlarının birbaşa yardımı ilə torpaqlarımızın iyirmi faizini işğal etmiş, ayrıca işğal etdikləri Dağlıq Qarabağ Muxtar vilayəti və ətraf yeddi rayonda etnik təmizləmə siyasəti apararaq azərbaycanlıların hamısını bir nəfər kimi öz ata-baba yurdlarından didərgin salmış, yüzlərcə yaşayış məntəqəsini viran qoymuşdular.Təəssüf ki, Qarabağdakı status-kvo olduğu kimi, son iyirmi bir ildə heç bir dəyişiklik olmadan davam etməkdədir.
Bəs, Azərbaycana bu atəşkəs sərf edirdimi? Əgər 1994-cü ilə xəyalən də olsa dönə bilsək bu atəşkəsin bizim üçün də yararlı olduğunu görə bilərik. Ən önəmlisi ona görə ki, 90-cı illərin əvvəllərində ordumuz nizami hissələrdən daha çox başıpozuq dəstələri xatırladırdı. Nizam- intizam yox idi, üstəgəl istədiyi qədər döyüşüb, darıxanda silahını yerə qoyub gedən könüllülərlə müharibə aparmaq da olduqca çətin idi. Əlbəttə, Vətənini gerçəkdən sevən, bir qarış torpaq üçün canından keçən könüllülər də var idi, amma təəssüf hissi ilə bildirməliyəm ki, onların sayı olduqca az idi. Bütün bu neqativ hadisələri bir qayda-qanun çərçivəsinə oturda bilmək, döyüşkən, yaxşı təlim keçmiş və dövrün tələblərinə uyğun, müasir silah sistemləri ilə silahlanmış, nizam-intizamın və qayda qanunun öncə gəldiyi ordu birləəşmələrini yaratmaq qaçınılmaz idi. Əks təqdirdə Qarabağ savaşında daha böyük məğlubiyyətlər, daha böyük itkilərlə qarşılaşacaqdıq.
Bir də məsələnin siyasi tərəfi var idi. Xristian dünyası Ermənistanla həmrəylik edir, Qərb mediası Qarabağda baş verən hadisələri elə işıqlandırırdı ki, deyəsən bəs qətl olunan, yurd-yuvasından didərgin salınan azərbaycanlılar deyil ermənilərdir. Məhz bu təbliğatın nəticəsi idi ki, ABŞ senatı “Azadlığın müdafiəsi aktı”na “907-ci” düzəliş deyə bir maddə əlavə etdi. Bu maddəyə görə Azərbaycana edilən humanitar yardımlar məhdudlaşdırılmaqla bərabər, ölkəmizin silah bazarında da çətinliklər yaradılır, Amerikanın qəzəbinə tuş gəlmək istəməyən ölkə və şirkətlər bizdən kənar gəzməyə çalışırdılar.
1994-cü ildən sonra keçən dövrdə sözün əsil mənasında atəşkəs olmadı, cəbhə xəttində tez-tez eşidilən atəş səsləri, xüsusən snayperlərin bir-birinin ardınca ocaqları söndürməsi əslində müharibənin dayanmadığının, sadəcə olaraq aktivliyinin minumuma endirildiyinin işarəsi idi. Bişkək protokolundan keçən iyirmi bir il müddətində snayperlər tərəfindən hər iki tərəfdən yüzlərcə insan öldürüldü, daha artığı isə yaralandı.
Son illərdə ölkəmizin sürətli sosial-iqtisadi inkişafı əlbəttə ordumuzun modernləşməsinə də təsir edir, bunun da təbii təzahürü olaraq hərbiçilərimiz daha müasir texnika və silahlardan istifadə etməyə başlayır.
Müdafiə nazirinin dəyişməsi və bunun fonunda ordumuzdakı son kadr islahatları nəticəsində sadəcə hərbi hissələrimizin döyüş keyfiyyəti deyil, eyni zamanda da hərbçilərimiz arasındakı zehni dəyişiklik və ruh yüksəkliyi sürətlə artmaqdadır. Bu ən azından tərəfsiz gözlə və kənardan baxıldığında belə hiss olunacaq səviyyədədir.
Əslində ordumuzdakı ruh yüksəkliyi və “biz daha üstünük” ab-havası milli qəhrəman Mübariz İbrahimovun cəbhə xəttini keçərək erməni taborunun komanda müşahidə məntəqəsini təkbaşına dağıtması və bəzi qaynaqlara görə onun saldığı qarışıqlıqda yüzdən artıq erməni əsgərinin ölməsindən sonra daha da artıq gücləndi.
Keçən il avqust hadisələrində erməni-rus birləşmiş hərbi birləşmələri Azərbaycanın dəmir yumruğunu bir daha yedi. Belə ki, döyüşlərdən birində qəhrəman ordumuz üç nəfər şəhid versə də, bu şəhidlərimizin əvəzini artıqlaması ilə çıxdı. Belə ki, sadəcə həmin döyüşdə yenə xəbər agentliklərinin verdiyi məlumata görə, tamamı erməni muzdluları və Ermənistan ərazisində dislokasiya olunmuş rus bazası tərkibində yerləşən xüsusi təyinatlılardan olmaqla qırx iki nəfər düşmən öldürülmüş və ən az iyirmi səkkizi də yaralanmışdı.
Daha sonra da döyüşlərdə Azərbaycan əsgərinin nə qədər təcrübəli və döyüşkən olduğu, habelə həm ermənilərdən, həm də ruslardan daha yaxşı təlim keçərək hərb elminin sirlərinə daha yaxından bələd olduğu üzə çıxırdı. Hadisələrin davamına baxarsaq, yenə keçən ilin sonlarına doğru ordumuzun müddətdən artıq xidmət edən çavuşu tərəfindən cəbhə xəttini pozmağa cəhd edən erməni helikopterini çiyindən atılan zenit raketi ilə elə neytral zonanın üstündəcə, Azərbaycan ordusunun qoruduğu tərəfə keçməyə macal tapmamış vurularaq salındı. Təbii ki, mi-24 markalı bu hücum helikopterinin heyəti də yerindəcə məhv oldu. Daha sonra, mart ayının ortalarında cəbhə xəttində atəşkəsi pozmağa cəhd edən erməni xüsusi təyinatlılardan ibarət qrup tamamilə məhv edildi və bu qrupun iyirmi nəfərdən ibarət şəxsi heyətinin kimlikləri də açıqlandı.
Bu dönəmdə təbii ki, biz də itkilər verdik, şəhidlərimiz oldu. Ancaq bizim şəhidlərimiz qəhrəman əsgərlərimizin məhv etdiyi ermənilərin sayca onda biri qədər ya olar, ya olmaz.
Bütün bu faktlar da ordumuzun möhtəşəm döyüş qabiliyyətindən, əmr verilərsə ən qısa zamanda erməniləri nəinki Kiçik Qafqaz dağlarının arxasınadək, hətta İrəvandan da o tərəfə qovub aparacaq qüdrətdə olduğuna əyani sübutdur.
Ermənilər də artıq bunu başa düşür və ona görə də hərəkətlərini Azərbaycanın müharibəyə başlama ehtimalına görə qurular. Doğrudur, hər nə qədər ATƏT-in müxtəlif sammitlərinin qərarlarını nəzərə alaraq münaqişəni sülh yolu ilə tənzimlənməsi prinsiplərinə üstünlük versək də, BMT nizamnaməsinin 51-ci maddəsi bizə işğal altındakı torpaqlarımız üzərindəki suverenliyimizi güc tətbiq edərək bərpa etmə hüququ verir. Ayrıca ATƏT-in Helsinki prinsiplərinin Avropa məkanında daha təsirli tətbiqinə dair keçirilən sammitində qəbul olunan qətnamə də Avropa məkanındakı dövlətlərin sərhədlərinin dəyişilməzliyini, eyni zamanda xalqların öz müqəddaratını təyin etmə hüququnun ərazisində yaşadıqları dövlətin suverenliyinə xələl gətirməməli olduğunu vurğulayır. Bu da bizə ərazi bütövlüyümüzü lazım gələrsə güc tətbiq edərək bərpa etmə imkanı verməkdədir. Belə olduqda bir sual meydana çıxır, madam ki, ermənilərdən həm iqtisadi, həm hərbi texnologiyaların orduda tətbiqi, həm silah arsenalı, həm hərbi hazırlıq və maddi-texniki baza cəhətdən üstünük, üstəgəl cəbhə xəttində psixoloji üstünlük də bizim tərəfimizdədir, o zaman niyə müharibəyə başlamırıq? Axı, yuxarıda qeyd etdiyimiz səbəblərdən istənilən an müharibəyə başlayaraq müvəffəqiyyətlə başa çatdırma imkanımız var.
Burada iki cavab ortaya çıxır. Birincisi Azərbaycan prezidentinin hərbçilərimizin şəhid olmalarını istəməməsi və hələ tükənməmiş müzakirə yolları vasitəsi ilə münaqişəni sülh yolu ilə tənzimləməyə çalışması.
İkincisi isə böyük dövlətlərin, xüsusilə Rusiyanın hələ də Ermənistanın arxasında duraraq başlanacaq müharibədə ermənilərin tərəfindən çıxış edərək onları həm Gümrüdəki hərbi bazası, həm də əlində mövcud olan kütləvi qırğın silahlarından istifadə edərək dəstəkləmə ehtimalı.
Əgər belə olacaqsa prezidentimizin qarşısında olduqca önəmli bir vəzifə dayanır. Ehtimal olunan müharibə zamanı Rusiyanın qısa müddətliyinə də olsa, məsələn, on günlüyünə və ya iki həftəliyinə bitərəf qalmasını və cəbhə xəttində gedən hadisələrə qarışmamasını təmin etmək. Bu da olduqca ağır, məşəqqətli işdir. Və elə düşünürəm ki, prezident İlham Əliyevin də düşündüyü ən önəmli məsələ də müharibəyə başlama əmri vermədən öncə Rusiyanı neytrallaşdırmaqdır. Əgər prezident buna nail olarsa mən keçmiş hərbçi olaraq inanıram ki, çox yox, sadəcə iki həftə bütün işğal altındakı ərazilərimizin azad olunması üçün ordumuza kifayət edəcəkdir.
Deyəsən, tunelin ucunda işıq görünür. Belə ki, internet saytlarına düşən məlumata görə, Rusiya tərəfi Qarabağ probleminin həlli məsələsinin intensivləşdirilməsinin vacibliyi barədə bəyanat verib. Bu bəyanatı düzgün oxuya bilmək lazımdır.
Mənim bu məsələ barədə düşüncə və analizlərimə görə Ermənistandakı son siyasi hadisələr və anti-rus əhval ruhiyəsinin güclənməsindən qəzəblənən Rusiya ermənilərə həddlərini tanıtmaq, Rusiya olmasa bu bic dövlətin bir gün belə yaşaya bilməyəcəyini göstərmək qərarına gəlib. Bunun üçün özü zəhmət çəkmədən də ərmənistanın cilovunu çəkə bilər, yəni Azərbaycana buyurun sizə iki həftəlik vaxt, torpaqlarınızdan nə qədər geri qaytara bilirsiniz qaytarın deyə bilər. Əgər belə olarsa o zaman mən inanıram ki, bu günkü imkanlarla ordumuz bəhs etdiyimiz müddətdə Kiçik Qafqaz sıra dağlarını aşaraq ən azından beynəlxalq səviyyədə tanınan sərhədlərini bərpa edə bilər ki, bu da olduqca arzuolunan hadisə olacaqdır.
Sonda camaat arasında gəzən şaiyələri də xatırlatmaq istərdim. Çoxdandır ki, insanlar arasında bəzi hallarda yeddi, bəzi hallarda isə beş rayonumuzun qaytarılacağından bəhs edilməkdədir. Məsəl var deyiblər: “od olmasa, tüstü çıxmaz”…
Bizə Ermənistanda antirus əhval ruhiyəsinin güclənməsini arzulamaq qalır, çünki torpaqlarımızın azad olunması yolu məncə məhz buradan, yəni qəzəblənmiş Rusiyanın Ermənistanı cəzalandırmaq istəyi və bunun üçün də bizə özləri demişkən “peryod” demələrindən keçir…

LEAVE A REPLY