Daha cavan qalmanın 5 SİRRİ

0
7

Zamanı nə cür dayandırmaq olar? Daha cavan görünmək üçün nə etmək lazımdır?

Mütəxəssislərin fikrincə, cavan görünmək üçün beş əsas qaydaya riayət etmək mütləqdir.

Yaşından daha cavan görünmək üçün beş sadə qaydaya riayət etmək kifayətdir.

Birinci qayda – yetəri qədər yuxu

Yuxunun öyrənilməsi üzrə Milli Cəmiyyətin apardığı tədqiqatlara əsasən, insanların təxminən 20-30 faizi yetəri qədər yatmırlar. Lakin mütəxəssislər bildiriblər ki, yuxu zamanı orqanizmin detoksikasiya və regenerasiya prosesi gedir ki, bu zaman zədələnmiş hüceyrələrin bərpasına cavabdeh bir sıra hormon ifraz olunur. Bu hormonların ifrazı əzələ tonusu, o cümlədən zahiri görünüşün tonusda saxlanılması üçün çox vacibdir. Aparılan araşdırmalar onu da göstərib ki, müxtəlif yaş qrupuna aid insanların düzgün yuxu müddəti fərqlidir. Belə ki, yenidoğulmuşlar (0-3 ay) 14-17 saat, körpələr (4-11 ay) 12-15 saat, uşaqlar (1-2 yaş) 11-14 saat, məktəbəqədər yaşda olan uşaqlar (3-5 yaş) 10-13 saat, məktəblilər (6-13 yaş) 9-11 saat, yeniyetmələr (14-17 yaş) 8-10 saat, böyüklər (18-64 yaş) 7-9 saat, yaşlılar (65 yaşdan yuxarı) isə 7-8 saat yuxu yatmalıdırlar.

İkinci qayda – şirniyyatdan imtina etmək

Yüksək miqdarda şirniyyat insanın zahiri görünüşündə öz əksini tapır. Şirin qidalardan çox miqdarda istifadə edənlərin üzləri daha yorğun və qaşqabaqlı olur ki, bu da qırışların əmələ gəlməsinə zəmin hazırlayır. Bu səbəbdən şirin qidaların qəbulunun minimuma endirilməsi daha məsləhətdir.

Üçüncü qayda – hərəkət etmək

Şübhəsiz ki, mütəmadi olaraq idmanla məşğul olanların daha cavan göründükləri bir sirr deyil. Bu fiziki aktivliyin qan dövranını yaxşılaşdırdığı ilə əlaqədardır. Bundan əlavə idman zamanı orqanizmdən çoxlu miqdarda tər də ifraz olunur ki, bu da zərərli maddələrin orqanizmdən çıxarılmasına kömək edir.

Dördüncü qayda – yerişə diqqət yetirmək

Hər bir zaman yerişimizə diqqət yetirməliyik. Belə ki, ağır atılan addımlar irəliləmiş yaşın və sağlamlıq cəhətdən zəifləmiş orqanizmin göstəricisidir. Bundan əlavə 30 yaşın altında insanlar gəzərkən əllərini daha az hərəkət etdirirlər. Yaşlı nəslin nümayəndələri isə qozbelliliyə daha çox meyilli olurlar.

Yaponiyanın Osaka Universitetinin alimləri yerişinə görə insanın yaşını müəyyən edən xüsusi sistem tərtib ediblər. Müxtəlif yaş qruplarına aid 4000 nəfərdən ibarət tədqiqatlarda iştirakçıların hərəkət xüsusiyyətləri araşdırılıb. Müəyyən edilib ki, hərəkət hər yaşa uyğun dəyişir. Bu dəyişikliklərə xüsusən addımın uzunluğu, qamətin düzgünlüyü, əl hərəkətləri, kürək əzələlərinin gərginliyi və yellənmələr aiddir.

Beşinci qayda – alkoqoldan tamamilə imtina etmək

Alkoqol orqanizmdə iltihabi proseslərin baş verməsi, maddələr mübadiləsinin zəifləməsi, kapillyarların genişlənməsi, dəri sallanmaları, qocalma simptomlarının meydana çıxması, qaraciyərin funksiyasının pozulması, hormonal dəyişikliklər və bir sıra digər problemlərin yaranmasına səbəb olur.