Bu xətaya görə 150 yox, 50 manat cərimə düşür – DİQQƏT!

0
4
Son vaxtlar bəzi özündən razı şəxslər müxtəlif yollarla sürücülərin ziyanına olan bir məsələni qabartmağa başlayıb. Avtomobildə təhlükəsizlik kəmərinin yerində olmamasına görə cərimənin məbləği qanunda nəzərdə tutulandan 3 qat artıq deyilir və hətta avtomobilin cərimə meydançasına aparılması məsələsi də vurğulanır. Hansı ki, Baş Dövlət Yol Polisi İdarəsi rəsmən bəyan edib ki, təhlükəsizlik kəməri yerində olmadığına görə sürücüyə 50 manat cərimə tətbiq oluna bilər. Avtomobilin cərimə meydançasına aparılmasından isə söhbət gedə bilməz. Baş DYPİ-nin şöbə rəisi Kamran Əliyev Avtosfer.az-a bir daha bunu təsdiq etdi və sürücüləri belə hallara yol verməməyə çağırdı: “Cərimənin məbləğindən asılı olmayaraq sürücülər avtomobili saz vəziyyətdə saxlamalıdırlar. O cümlədən də təhlükəsizlik kəməri yerində olmalıdır. Kimsə bəhanə edirsə ki, maşın təmir olunanda kəsib atıblar və ya ondan əvvəlki sahibi belə edib, bunlar hamısı bəhanədir. Sürücülərə bu barədə dəfələrlə xəbərdarlıq olunub. Odur ki, təhlükəsizlik kəməri yerində olmayan avtomobil sahibləri bu problemi həll etməlidirlər. Əks halda, yol polisi onları 50 manat məbləğində cərimə edəcək”.

Kamran Əliyev bildirib ki, kəmər yerində olmadıqda İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə sürücüyə protokol tərtib olunur.

Həmin maddə belədir:

Maddə 342.5. Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir.
“Yol hərəkəti haqqında” qanuna edilmiş 1 saylı əlavədə də konstruksiyanın digər ünsürləri deyilən bir anlayış var və bu məsələ İnzibati Xətalar Məcəlləsinin konkret maddəsində konkret şəkildə qeyd olunub. Lakin bəziləri yalnış olaraq fikirlər irəli sürür və bununla da sürücüləri və yol polislərini üz-üz qoyur. Çox təəssüflər olsun ki, bəzən yol polisi əməkdaşları qanunda yazılanları yox, kimlərinsə fikrini əsas götürür və sürücülərə 150 manat cərimə tətbiq etməklə avtomobili cərimə meydançasına aparır.
Səhv tətbiq olunan maddə budur – 342.2.2. Bu maddəddə qeyd olunur ki, normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə 150 manat cərimə tətbiq edilməlidir. Bundan başqa, problemi yerində aradan qaldırmaq mümkün deyilsə, o zaman avtomobil cərimə meydançasına aparılmalıdır.
Belə yerdə haqlı sual ortaya çıxır; təhlükəsizlik kəmərinin yerində olmaması normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasıvə ya dəyişdirilməsi necə sayıla bilər? Axı burada əlavə avadanlıq quraşdırılmayıb, sadəcə kəmər yerində yoxdur. Üstəlik, avadanlığın dəyişdirilməsindən də söhbət gedə bilməz. Tam dəqiq bilmək istəsəniz, təhlükəsizlik kəməri avadanlıq deyil. Onu sadəcə olaraq, konsrtuksiyanın elementlərindən biri saymaq olar.
Bu səbəbdən də hörmətli ekspert Ərşad Hüseynovun da təsdiq etdiyi kimi, təhlükəsilik kəmərinin yerində olmamasına görə sürücüyü İXM-nın 342.2-ci maddəsini yox, 342.5-ci maddəsini tətbiq etmək olar. Avtomobil isə cərimə meydançasına aparıla bilməz.
Ümumiyyətlə, sürücülər təhlükəsizlik kəməri ilə bağlı məsələyə ciddi yanaşmalıdır. Kəmərin qəza anında insanı xilas etmək imkanı 80 faizdən çox olur. Təhlükəsizlik kəməri yerində olmayan avtomobili sürən sürücü bilməlıdir ki, o, ölümə 80 faiz daha yaxındır…