Enerji içkiləri ilə gələn təhlükə…

0
4
Süni içkilərlə enerji almaq cəhdindənsə, orqanizmdə toplanan təbii enerjiyə güvənmək daha yaxşıdır

Ərzaq alarkən yaxşısını axtarırıq. Dadlı, keyfiyyətli, özü də qiymət sarıdan sərfəli olsun deyə, seçim də edirik. Amma bəzən tərkibini bilmədiyimiz, markirovkası ilə dadlı və keyfiyyətli məhsul təəssüratı yaradan qidalardan da qaça bilmirik. Xüsusilə, müxtəlif içkilərdən istifadə zamanı onun gələcəkdə orqanizmdə hansı fəsadlar verəcəyinə məhəl qoymuruq. Sonra ciddi problemlə qarşılaşanda barmağımızı dişləyib təəssüf hissi keçirir, günahı isə istehsalçılarda axtarmağa başlayarıq.
Son vaxtlar dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda məşhurlaşan energetik içkilər də bu qəbildəndir: ilk baxışdan cəlb edir, alıb içirik, sonra ciddi problemlərlə üzləşirik, ancaq nəticə çıxarmırıq. Ən pisi odur ki, “enerjili olacam, özümü daha da güclü hiss edəcəm” – deyə belə içkilərdən sevə-sevə ən çox istifadə edən gənclərdir. Araşdırmalara görə, enerji içkilərinə meyil edənlər arasında 17-24 yaşlı yeniyetmə və gənclər üstünlük təşkil edirlər.
Bəs, bunun səbəbi nədir? Öncə onu qeyd edək ki, energetik içkilərin istehsalı və satışı ilə məşqul olan şirkətlər ilk növbədə, onu cəlbedici reklam etməklə istehlakçıya sevdirməyi bacarıblar. Daha doğrusu, pafoslu, emosiyalı, əslində isə aldadıcı şou qurmaqla gəncləri tələyə sala biliblər. Amma bu yazıda məqsədimiz reklamçıların işini necə təşkil etməsindən yox, energetik içkilərin tərkibindən, mənşəyindən, istifadəçilərə necə “enerji” bəxş etməsindən, xüsusilə bu içkilərin zərərli tərəflərindən bəhs etməkdir.
Məlumat üçün bildirək ki, ilk dəfə 1987-ci ildə Avstriyada və 1997-ci ildə Amerikada satılmağa başlanan enerji içkiləri sonralar bütün dünyaya yayılıb. Qeyri-rəsmi mənbələrə görə, amerikalılar ilk dəfə bu içkini Vyetnam müharibəsində öz əsgərlərinə veriblər. Ümumiyyətlə, enerji içkiləri dayanıqlığı və fiziki performansı artırmaq xüsusiyyətinə malikdir. Yəqin ki, həm də bu səbəbdən onlar ilk illər atletlər üçün nəzərdə tutulmuşdur.

Bəs, bu içkilərin tərkibi nədir, insanda necə enerji yaradır?

Araşdırmalara görə, enerji içkilərinin təməl maddələri kofein, taurin və qlükoronolaktondur. Bir qutu enerji içkisində su, şəkər, qlükoza, rəngverici və duzluluğu tənzimləyici və s. maddələr var. Ekspertlərin fikrincə, belə içkilərin orqanizmi enerji ilə təmin etməsi fikri əsassızdır. Çünki onları hazırlayan zaman yalnız orqanizmi stimulyasiya edən maddələrdən istifadə olunur. Onların içərisində insanların ən çox tanıdığı kofeindir. Həmin maddələr orqanizmdə süni stimulyasiya yaradaraq ürək fəaliyyərini artırır, arterial təzyiqi yüksəldir. Qəbul etdikdən sonra o, bədənin daxili ehtyatlarına yol açır, bir növ, açar funksiyası rolunu oynayır. Yəni, bu içki insanın daxilindəki enerji ehtiyatını normadan artıq “xərcləyir”. 4-5 saatdan sonra isə onu istifadə edən şəxs düşkün vəziyyətdə yorğunluq, yuxusuzluq, əsəb və depressiya hissləri keçirir və sonra yavaş-yavaş təbii enerjisini bərpa etməyə başlayır. Necə deyərlər, özünün uzun müddətə topladığı və bir qutu mayenin təsiri nəticəsində bir neçə saatda havaya sovurduğu gücünü yenidən toplamaq məcburiyyətində qalır.

İçkinin tərkibində olan vitaminlər və elementlərə gəlincə, onlar süni aktivləşmə nəticəsində itirilən enerjinin yalnız bir hissəsini ödəyə bilir. Qəbul etdikdən sonra orqanizmdə gedən aktivləşmə prosesinə nəzər saldıqda məlum olur ki, belə içkilərin tərkibindəki kofein mərkəzi sinir sisteminə təsir edərək beyinə gedən və beyindən gələn mesajları sürətləndirir. Bunlar insanın daha oyanıq və aktiv olmasını təmin edən xəbərdaredici funksiyanı yerinə yetirir. İçkinin tərkibində olan taurinin səviyyəsi ərzaqlarda yol verilən ümumi miqdardan bir neçə dəfə yüksəkdir, qlükoronolaktonun miqdarı isə iki şüşədə gündəlik normanı 500 dəfə üstələyir. Digər təhlükələr bir yana, yalnız qeyd etdiyimiz bu fərqlər orqanizm üçün çox böyük zərər sayılır.
Odur ki, həkimlər bu içkilərin istifadə qaydaları, qədəri və kimlərin istifadə edə bilməsi haqqında tez-tez danışırlar. Buna baxmayaraq, istifadə olunduğu əksər ölkələrdə, o cümlədən Azərbaycanda insanlar bu içkilərin bəzən düşkününə çevrilirlər. Hətta o dərəcədə ki, hələlik bizdə olmasa da, ayrı-ayrı ölkələrdə enerjili içki qəbul edib həyatını itirən gənclər olur. Məsələn, İçveçdə 30 yaşlı gənc diskotekada iki banka energetik içki ilə spirtli içkini qarışdıraraq qəbul etdikdən sonra ürəyi dayanıb. 18 yaşlı basketbolçu Ross Kuni də 3 banka energetik içki qəbulundan sonra elə idman meydançasında dünyasını dəyişib. Araşdırmalara görə, təkcə 2008-ci ildə kofeinin həddən artıq dozada qəbulundan minlərlə insan həyatını itirib. Yəqin Fransa, Danimarka və Norveçdə energetik içkilərin rəsmi qadağan olunması, onların yalnız apteklərdə satılması da elə bu səbəbdəndir.

Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov bizimlə söhbətində bildirdi ki, mənşəyi bilinməyən bu cür içkilərdən istifadə ürəyi yorur, psixoloji asılılıq yaradır, səhhətə, o cümlədən ürək-damar sisteminə, qan təzyiqinə mənfi təsir göstərir: “Artıq doza qanda təzyiqin qəfildən qalxmasına və ya qanda şəkərin səviyyəsinin artmasına səbəb olur. Ürək xəstəlikləri və hipertoniyadan əziyyət çəkənlərə bir qayda olaraq energetik içkilərdən istifadə təhlükəlidir. Bu cür içkilər nəinki ürək-damar çatışmazlığı və ya şəkər xəstəsi olan insanlar üçün, hətta idmançılar, gənclər üçün də çox təhlükəlidir. Geni dəyişdirilmiş ərzaq məhsulları kimi, onlar da zərərlidir, amma bunun zərəri dərhal özünü göstərir. Konkret norma nəzərdə tutulsa da, istənilən istifadəçi həddi aşır, az qala, aludəçiyə çevrilir. Necə siqaretin, alkoqollu içkilərin zərərli olduğunu bilə-bilə ondan yenə də istifadə edirlər, bax, enerji içkilərindən istifadə də bu həddə çatıb. Adamlar özləri də bilmədən, bəzən bilərəkdən həyatlarını, gələcəklərini təhlükə altına atırlar. Amma bunun əvəzində hansısa istehsalçı, biznesmen öz həyatını qurur, maddi imkanlarını genişləndirir. Yaxşı olardı ki, belə içkilər ölkəyə idxal olunmasın, yerli istehsalın da tərəfdarı deyiləm”.

T.Əmiraslanovun sözlərinə görə, uşaqlar, yaşlılar, qan təzyiqi yüksək, ürəyi zəif, hipertoniya, ürək xəstəlikləri olan insanlar bu içkilərdən istifadə zamanı hər an həyatlarını itirə bilərlər: “Ümumiyyətlə, tərkibində qlükoza və kofein birləşməsi olan içkilər orqanizm üçün çox ziyanlıdır. Mümkün dozanın aşılması halında əlavə təsirlər meydana çıxır, taxikardiya, əsəbilik, psixoloji gərginlik və depressiya halları özünü göstərir”.
Həmsöhbətimiz belə içkilərin sonsuzluğa səbəb olduğunu da qeyd etdi: “Bu həm də kişi və qadınlarda sonsuzluq yaradır, hətta bəzən narkomaniya formasına da çata bilir. Odur ki, belə içkilərin uzun zaman, necə gəldi, ümumiyyətlə, istifadəsini məqsədəuyğun saymıram. Kütləvi şəkildə belə içkilərdən istifadə dayandırılmalı, konkret olaraq imtina olunmalıdır. Kim içirsə, günah onun özündədir, insanı bilmədiyi qidanı yeməyə və içməyə heç kim məcbur edə bilməz. İnsanların belə içkilərdən istifadə etməsi bəzi idmançıların bədənlərini şişirtmək üçün məşqdən çox qadağan olunmuş dərmanlar qəbul etməsinə bənzəyir. Təsiri gedəndən və müəyyən müddətdən sonra nə həmin bədən qalır, nə də həmin idmançı”.

Əlbəttə, ekspertlər haqlıdır. İnsan ən güclü, dayanıqlı və təbii enerjini normal qidalanma ilə toplamalıdır, nəinki bir qutu banka ilə… Odur ki, Tanrının bəxş etdiyi sağlamlığı, enerjini qorumaq, ondan səmərəli istifadə etmək lazımdır. O zaman güclü olmaq üçün nə energetik içkilərə, nə də digər süni üsullara ehtiyac olacaq.

Elnur HADIYEV,
“Azərbaycan”