ABŞ-da fövqəladə vəziyyət elan edildi- Səbəb

0
4
ABŞ Prezidenti Donald Tramp opioidlərlə bağlı vəziyyətə görə ölkədə fövqəladə vəziyyət elan edib.

Azərtac Rusiyanın “medportal.ru” saytına istinadən xəbər verir ki, bu, amerikalıların opioidlərin istehlakında kritik həddi keçməsi ilə əlaqədardır. D.Tramp yaranmış vəziyyəti “ABŞ-ın əvvəllər rastlaşmadığı ciddi problem” kimi səciyyələndirib. Onun sözlərinə görə, hazırda administrasiya epidemiyanın statusunu rəsmiləşdirmək üçün bir sıra sənədlər üzərində işləyir.

Bu yaxınlarda “Reuters” Ağ Evin opioid böhranı üzrə komissiyasının məlumatını açıqlayıb. Həmin məlumata görə, narkotiklərin doza artıqlığından hər gün 100-dən çox amerikalı həlak olur.

Opioidlər – güclü analgetiklər kimi istifadə edilən dərman preparatlarıdır. Onların orqanizmə təsiri opiumun təsirinə bərabərdir. Yaranmış vəziyyətin səbəbi ondadır ki, ABŞ-da həkimlərin, çox vaxt zəruri tibbi göstəriş olmadan da, arzu edən hər kəsə opioid ağrıkəsici üçün resept yazmaq hüququ vardır. Pasiyentlərin əksəriyyəti üçün bu, opioid asılılığına doğru ilk addım olur.

ABŞ-da dərman vasitələrindən sui-istifadə halları marixuanadan və alkoqoldan sonra üçüncü yerdədir. Son məlumatlara görə, ABŞ-da narkotiklərin və dərman vasitələrinin doza artıqlığından il ərzində 47 mindən nəfərdən çox ölən olur. Müqayisə üçün deyək ki, yol-nəqliyyat qəzalarında ölənlərin sayı bunun yarısı qədərdir. Vəziyyəti pisləşdirən odur ki, heroin asılılığı olanların 80 faizi əvvəllər reseptlərlə verilən tibbi preparatlardan asılı olanlardır. Əgər 1991-ci ildə opioidlər üçün 76 milyon resept yazılıbdısa, 2011-ci ildə bunların sayı 3 dəfə artaraq 219 milyona çatıb. Bəzi ştatlarda ağrıkəsicilər üçün yazılan reseptlərin sayı həmin ştatların yerli sakinlərinin sayından çox olub.

Bir çox ölkələrdə opioid preparatlarının dövriyyəsi ciddi şəkildə məhdudlaşdırılıb və yalnız təcili yardım üçün (ağır zədələnmələr, yanıqlar, cərrahiyyə əməliyyatları zamanı) istifadə edilir. ABŞ-da isə son illər belə preparatları istənilən ağrılar zamanı yaşlı sakinlər asanlıqla əldə edə bilir. Bu, opioidlərdən asılılığın çox ağır epidemiyasına səbəb olub.

Tibb elminin yüksək inkişaf etdiyi ölkədə belə vəziyyətin yaranmasına səbəb nədir? Ekspertlər hesab edirlər ki, opium epidemiyasının günahkarı istehsalçı-əczaçı-həkim zənciridir. Həmin zəncirin heç bir həlqəsi özünün götürdüyü gəlirdən imtina etmək istəmir. 2006-2015-ci illərdə opioid istehsalçılarının lobbiçiləri silah istehsalçılarının lobbiçilərindən 8 dəfə, narkotiklər üzərində nəzarətin sərtləşdirilməsi tərəfdarlarından isə 200 dəfə çox vəsait xərcləyiblər.

ABŞ-da opioid epidemiyası ilə mübarizənin perspektivləri çox dumanlı görünür. Birincisi, ölkədə opioid lobbisi hələ də əvvəlki gücdədir. İkincisi, opioid analgetiklərinin dövriyyəsini məhdudlaşdıran qanunlar yoxdur. Üçüncüsü, opioidlərə sərt qadağaların tətbiqi ölkədə həmin maddələrin gizli dövriyyəsini kəskin artıra, həmçinin heroin narkomanlığının hədsiz genişlənməsinə səbəb ola bilər. Hər halda, D.Tramp problemin həlli istiqamətində ilk addımı atıb: belə bir problemin mövcudluğu axır ki, ən yüksək səviyyədə etiraf edilib(azərtac).