Kafe və mağazaların çek fırıldağı – DİQQƏTLİ OLUN!

0
4
Son dövrlər restoran və kafelərin müştərilərinə yeməyin hesabı üçün kəsdiyi qəbz ciddi müzakirə mövzusuna çevrilib. Sosial şəbəkələrdə yayılan bəzi qəbzlərə nəzər yetirdikdə görürük ki, adi bir suyun qiyməti 30-40 manat dəyərində qiymətləndirilib. Sözsüz ki, bundan həm vətəndaşlarımız, həm də ölkəyə axın edən turistlər narazı qalırlar.

Lakin məsələnin ən xoşagəlməz tərəfi başqadır. Belə ki, bu cür restoran və kafelərin əksəriyyəti hesablaşmaları qanuni çərçivədə həyata keçirmirlər. Belə olduqda isə müştərinin ödədiyi puldan dövlət büdcəsinə vergi daxil olmur.

Bəs, bu halda müştəri nə edə bilər?

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.7-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə hesablaşmaları həyata keçirirlər.

Həmin məcəllənin 50.8-ci maddəsinə görə, nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır:

– vergi ödəyicisinin adı;

– VÖEN-i;

– çekin vurulmasının tarixi və saatı;

– obyektin adı və yerləşdiyi ünvan;

– malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ;

– gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi;

– nəzarət-kassa aparatının markası və zavod nömrəsi.

Aşağıdakı qəbzə diqqət yetirək. Ərəb turistlərə təqdim olunduğu deyilən qəbzdə yuxarıdakı zəruri qeydlərin əksəriyyəti öz əksini tapmayıb:

Vətəndaşların və ölkəmizə səfər etmiş turistlərin nəzərinə çatdırırıq ki, əgər ödəniş qəbzində yuxarıda vurğuladığımız tələblər qeyd olunmayıbsa, dərhal Vergilər Nazirliyinin “195” Çağrı Mərkəzinə zəng edərək öz şikayətlərini çatdıra bilərlər.