Qədim zamanlarda əncirin köməyi ilə zəhərlənmə, yaralar, xoralar, kişilərdə cinsi zəiflik, iltihablar müalicə olunurdu. Dahi İbn Sina bu meyvəni yaşlı insanlar və uşaqlar üçün xüsusilə xeyirli hesab edirdi.
1. Əncir öskürək və bronxit zamanı yaxşı kömək edir. Süddə bişirilmiş əncir nəfəs yollarını təmizləyir, bəlğəmin çıxmasını asanlaşdırır.
Bu təbii vasitəni hazırlamaq üçün 1 stəkan süd qaynadılır. 2-3 təzə əncir blenderdən keçirilir, qaynar südə salınır və 2-3 dəqiqə ərzində vam odda qapaq altında qaynadılır. Daha sonra süd soyudulur və gün ərzində 2 dəfə yarım stəkan olmaqla ilıq şəkildə içilir. Təzə əncir olmadıqda, qurudulmuş əncirdən istifadə etmək olar.
2. Əncir (həm təzə, həm də qurudulmuş) çox təsirli işlədici vasitə kimi tanınır. Qəbizlikdən əziyyət çəkən insanlar hər gün 2-3 təzə və ya quru əncir yeməlidir.
Qəbizlikdən əziyyət çəkən insanlar bu kimi təbii dərmandan istifadə edə bilərlər. 100 qr qurudulmuş əncir və 100 qr kişmiş blenderdən keçirilir, 1/2 çay qaşığı zəncəfil tozu əlavə olunur, yaxşı qarıdırılır. Alınmış kütlədən kiçik “kolbasa” düzəldirik və 1 sm qalınlığında tikələrə kəsirik. Hazır dərmanı süşə bankada sərin yerdə saxlayın. Gün ərzində bir neçə belə “həb” yeyin. Bu vasitə həm bağırsaqları işlədir, həm də onları çox yaxşı təmizləyir.
3. Əncirin ürək üçün faydası çoxdur – ürək əzələsini möhkəmləndirir, damarları təmizləyir, qanı duruldur, qanın tərkibini yaxşılaşdırır, damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.
Məhz bu səbəbdən həm xaql təbabəti, həm də ənənəvi təbabət ürək xəstəlikləri olan insanlara və ya bu xəstəliklərin profilaktikası üçün hər gün əncir yeməyi tövsiyə edirlər.
Ürəyi möhkəmləndirən qarışıq – 100 qr quru əncir, 100 qr ərik qurusu, 100 qr qara kişmiş, 100 qr qoz, 1 limon (qabıqlı) blenderdən keçirilir, 200 qr bal əlavə olunur və yaxşı qarışdırılır. Bu dadlı dərmanı gündə 1 dəfə 1 xörək qaşığı olmaqla qəbul edin.