Hansı ölkə daha varlıdır-SİYAHI

0
4
Beynəlxalq Valyuta Fondu (BVF) ayrı-ayrı ölkələrdə adambaşına düşən Ümumi Daxili Məhsulun (ÜDM) həcmini açıqlayıb.

“Yeniavaz.com” BVF-dən açıqlanan məlumatlara istinadən bildirir ki, 187 ölkəni əhatə edən hesabatda Azərbaycan adambaşına düşən milli gəlirin həcminə görə 116-cı sırada qərarlaşıb. BVF-nin hesablamalarına görə, ölkəmizdə adambaşına düşən gəlir 3782 dollara bərabərdir.

Adambaşına düşən milli gəlirin həcmi Azərbaycanla müqayisədə cəmi 54 dollar az – 3728 dollar olan Ermənistan 117-ci sırada qərarlaşıb. Digər qonşumuz Gürcüstanın mövqeyi isə daha yaxşı olub – 187 ölkə arasında 110-cu sıra. Gürcüstanda adambaşına düşən milli gəlir 4192 dollar təşkil edib.

Bunlardan başqa şimal qonşumuz Rusiyada adambaşına düşən ÜDM 8664 dollar (72-ci aıra), qardaş ölkə Türkiyədə isə 9969 dollar (65-ci sıra) olub. Cənub qonşumuz İranda isə bu göstərici 5026 dollar (97-ci sıra) təşkil edib.

Keçmiş SSRİ ölkələrinə gəldikdə isə qeyd edək ki, ən varlı ölkə Estoniya hesab olunur. Bu ölkədə adamabaşına düşən gəlir 19350 dollara bərabərdir. Estoniyanın 187 ölkə arasındakı mövqeyi 41-ci yerdir. Siyahıda 51-ci sırada olan Litvada adambaşına 15949 dollar, 53-cü sırada olan Latviyada 15186 dollar, 79-cu sırada olan Qazaxıstanda 7418 dollar, 84-cü sırada olan Türkmənistanda 6818 dollar, 95-ci sırada olan Belarusda 5237 dollar, 133-cü sırada olan Ukraynada 2205 dollar, 141-ci sırada olab Özbəkistanda 1940 dollar, 143-cü sırada olan Moldovada 1806 dollar, 157-ci sırada olan Qırğızıstanda 1042 dollar, 173-cü sırada olan Tacikistanda isə 643 dollar olub.

Dünyanın ən varlı ölkəsi isə Lüksemburq hesab olunur. Luksemburqda adambaşına düşən milli gəlir 108 min dollara bərabərdir. İlk onluğa daxil olan ölkələr isə bunlardı: İsveçra (79347 dollar), Norveç (72046 dollar), Qətər (67269 dollar), Makao (61365 dollar), İslandiya (60920 dollar), ABŞ (58952 dollar), İrlandiya (57219 dollar), Danimarka (55068 dollar) və Sinqapur (54052 dollar).

Dünyanın ən kasıb ölkəsi isə Malavi hesab olunur. BVF-nin açıqlamasına görə bu ölkədə adambaşına düşən milli gəlir cəmi 300 dollara bərabərdir. Dünyanın ən kasıb ölkələrinin ilk onluğuna isə bu ölkələr daxildi: Brundi (301 dollar), Madaqaskar (390 dollar), Cənubi Sudan (399 dollar), Qambiya (400 dollar), Mərkəzi Afrika Respublikası (416 dollar), Mozambik (423 dollar), Niger (436 dollar), Liberiya (501 dollar), Konqo Demokratik Respublikası (503 dollar) və Əfqanıstan (521 dollar).

Məlumat üçün onu da qeyd edək ki, Dövlət Statistika Komitəsinin Azərbaycanda adambaşına düşən ÜDM-nin həcmi ilə bağlı açıqladığı rəqəm BVF-nin açıqladığı rəqəmdən bir qədər azdır. Belə ki, Dövlət Statistika Komitəsinin sonuncu illik hesabatında qeyd olunur ki, Azərbaycanda adambaşına düşən ÜDM-nin həcmi 6224 manat və ya bugünkü məzənnə ilə 3661 dollar təşkil edir