“Son məqamda yuxarıların göstərişinə əsasən siyahıdan çıxarıldım”

0
4

“Son məqamda yuxarıların göstərişinə əsasən siyahıdan çıxarıldım”

Ramiz Tağıyev:“Ənənəvi müxalifət də bir cür mafiyalaşıb”

“Hələlik bu iqtidar komandasını əvəz edəcək qüvvə yoxdur”

I Avropa Oyunları uğurla başa çatdı. Ölkə bir müddət bayram əhval-ruhiyyəsində yaşadı. İdmançılarımızın hər zəfərindən qürur duyduq. Bütün bunlarla yanaşı ölkəmizə olan təzyiqlər dayanmadı. Avropa Şurası, ABŞ Dövlət Departamenti Azərbaycanın uğurlarına nəinki sevindilər, əksinə, ölkəmizdə keçirilən möhtəşəm tədbirin fonunda Azərbaycana qarayaxma kompaniyasını bir an belə olsun dayandırmadılar. Baş verənlərə Canımız Azərbaycan Naminə Partiyasının (CANP) sədri Ramiz Tağıyevin münasibətini öyrəndik. Müsahibənin oxucularımız üçün maraqlı olacağını düşünürük.

(Əvvəli ötən saylarımızda)

-Hüseyn Abdullayev sizə əməkdaşlıq təklif etsə, qəbul edərsiniz?

-Mənə elə gəlir ki, belə əməkdaşlığa ehtiyac ola bilər. Biz, bir-birimizi kifayət qədər yaxşı tanıyırıq. Arzularımız, getdiyimiz yol bəllidir. Əgər, H.Abdullayev siyasətlə məşğul olmaq istəsə Canımız Azərbaycan Naminə Partiyası onun üçün şərait yarada bilər. O, bilir ki, Ramiz Tağıyev heç bir zaman xəyanətkar olmayıb və Uca Tanrının yardımıyla mənim həyatımda belə faciənin baş verməsi mümkün olmayacaq. Şəxsən mən, Hüseyni başqa yerdə görmək istəmirəm, ya əvvəllər olduğu yerdə olmalı, yada ki, bir yerdə olmalıyıq. Yoxsa, o, xəyanətlərdən sığortalana bilməyəcək. Bu mənim dostyana məsləhətimdir, qəbul etsə də özü bilər, qəbul etməsə də. Bütün hallarda onun istəyi olarsa, Hüseyni ardıcıl olaraq müdafiə edə bilərəm. Bacarıqlı iş adamı və özünü təsdiq etmiş, yüz minlərlə insanın sevimlisinə çevrilmiş bəstəkarın qürbətdə yaşaması mənə çox ağır gəlir. Bu barədə hər kəs düşünməlidir, iqtidarlı, müxalifətli.

-Ramiz bəy, Milli Məclisə seçkilərə bir o qədər zaman qalmayıb. Seçkilərə hazırlaşırsınızmı?

-Əslində, indi ölkədə seçkilərə hazırlıq hiss edilməlidir. Təəssüf ki, bir passivlik hiss olunur. Açıq söyləyim, ölkə vətəndaşlarının seçkiyə inamı qalmayıb. Son bələdiyyə seçkiləri də bunu söyləməyə əsas verir. Ancaq “ümid sonda ölür” deyiblər. Mən, hələ də inanmaq istəyirəm ki, bu dəfə obyektiv, normal seçki keçirilə bilər. O ki qaldı hazırlıq məsələsinə, əksər təşkilatlar kimi bizim də fəaliyyət göstərmək imkanımız məhduddur. Maliyyə imkanları, qərargahsızlıq öz sözünü deyir.

-Əksər partiyalar sizin gününüzdədir. Nə üçün problemin həlli üçün təşəbbüs göstərmirsiniz?

-Təşəbbüs iqtidarla dialoqa getmiş təşkilatlardan olmalıydı. Dialoqdan ağızdolusu danışan həmin partiya sədrlərinin nə səbəbdən belə problemə toxunmamaqları təəccüb doğurur. Əksəriyyətinin qərargahı yoxdur. Şəraitsiz fəaliyyət göstərmək çox çətindir. Seçkilərin yaxınlaşdığını nəzərə alsaq, əsas problem məhz budur.

-Ümid partiyasının, ADP-nin qərargahı var. Bəlkə, ona görə təşəbbüs göstərmirlər?

-Ümid partiyasının və həmin partiya ilə əməkdaşlıq edən partiyaların müxalifətə aidiyyatının olmadığını düşünürəm. Mənə elə gəlir ki, onlar məhz həmin səbəbdən əsil müxalifət partiyalarının problemləri barədə söhbət açmaq istəmirlər.

-Deməli, seçkilərə hazırlığınız zəifdir…

-Belə deməzdim. Çalışırıq, bir çox tanınmışlarla məsləhətləşmələr aparırıq. Çayxanalar da pis ofis deyil. (gülür).

-Dəfələrlə olub ki, sizin seçkilərə qatılmağınız əngəllənib. Bu dəfə elə olmayacaq?

– Təəssüf ki, söylədiyiniz həqiqətdir. 1990-cı ildə millət vəkili seçilsəm də, indi ədalətdən dəm vuran Ayaz Mütəllibovun birbaşa göstərişinə əsasən seçkinin nəticəsi ləğv edildi. Əsas kimi isə, guya seçki günü mənim tərəfdarlarımın Culfada yerləşən rus hərbi hissəsinə hücum etmələri göstərildi.
1995-ci ildə namizədliyim təsdiq edilsə də, seçkiyə üç gün qalmış Naxçıvan televiziyası ilə elan edildi ki, guya üstümdə cinayət işləri varmış və həmin səbəbdən də namizədliyim ləğv edildi.

-Axı, məhkəmənin hökmü olmadan seçki hüququnuz əlinizdən alına bilməzdi…

-Siz qanundan danışırsınız, mən başıma gələnlərdən. Arxivimdə namizədliyimin qeydə alınması barədə vəsiqəni hələ də saxlayıram. Acı da olsa, söylədiyim həqiqətdir. 2000-ci ildə artıq Vətəndaş Həmrəyliyi Partiyasının proporsional seçki siyahısında üçüncü yerdə idim.

-Bildiyimə görə VHP-dən üç şəxs millət vəkili seçildi axı…

-Son məqamda yuxarıların göstərişinə əsasən siyahıdan çıxarıldım. Qurultayın qərarıyla müəyyən edilmiş siyahı bir andaca dəyişdirildi.

-Maraqlıdır, nə üçün siyahıdan çıxarıldınız?

-Həyatımda o qədər maraqlı suallara cavab axtarmışam ki, bu gün hələ axtarışda olsam da, hələlik tapa bilmirəm. Görürsünüz də, həyat bizimlə qaç-tut oyunu oynayır (gülür). Əlbəttə, bu bir zarafatdır. Bütün sualların cavabını bilirəm. Yazıram, istəyirəm ki, bu barədə hələlik danışmayım. Yoxsa, əzab-əziyyətlə ərsəyə gətirəcəyim kitab maraqsız olar.

-2005-ci ildə necə, seçkidə iştirak etdinizmi?

-Təəssüf ki, haqq etdiyim, ənənəvi müxalifət tərəfindən yaradılmış “Azadlıq” seçki blokunun seçki siyahısına salınmadım.

-Səbəbini bilmədiniz?

-Ənənəvi müxalifət də bir cür mafiyalaşıb. Yəqin ki, məni həmin mafiyada görmək istəmədilər.

-Özünüz nə üçün namizədliyinizi irəli sürmədiniz?

-Həbsdən yeni çıxmışdım. O qədər problemlə baş-başa qalmışdım ki, gündə bir kirayə ev dəyişməli olurdum.

-Pulsuzluqdan?

-Dostlar yardım edirdi. Sadəcə olaraq təhlükəli qüvvələr kirayələdiyimiz evlərin sahiblərinə hədə-qorxu gəlib, bizi evdən çıxarmağı tələb edirdilər.

-Kim idi ki, təhlükəli qüvvələr?

-Bir az dözümlü olun, onların kimliyini, xislətlərini, mənə çəkdirdiklərini mütləq açıqlayacağam.

-Qorxursunuz?

-Deyəsən, mənim kimliyimi unutdunuz (gülür). Qorxaq kişiyə oxşayırammı? Mən, istərdim ki, onlarla üzbəüz oturub, heç bir insanlığa sığmayan əməllərinin səbəbini soruşum. Onlar təkcə mənə çəkdirmədilər ki, o qədər dost-tanışıma unudulmaz zərbə vurdular ki, bunların əzabını indi də çəkirəm. Günahsız insanların işlərindən azad edilib, gün çörəyinə möhtac edildilər. Atanı çıxartdılar, ürəkləri soyumadı, balaya zərbə vurdular. Lap Stalin, Beriya zamanındakı kimi.

-Səbəbini söyləsəydiniz…

-O qədər “səbəb” tapmışdılar ki. İndi AXCP sədri Əli Kərimli və ətrafındakı bəzi yaramazlar arxamca min cür şər-böhtan danışırlar. Ancaq mən, 2005-ci ildə təklif olunan, həyatımı dəyişəcək yağlı təkliflərdən imtina etdim. Çünki mən Ramiz Tağıyevəm. Namərdliyi bacarmıram. Görürsünüz, indi Əlinin ətrafında necə çirkin oyunlar gedir. 2005-ci ildə isə, mənə təklif olunan, Suraxanı 31 saylı seçki dairəsindən Ə.Kərimliyə alternativ olmağı qəbul etsəydim, bu qədər əzab-əziyyəti nə özüm, nədə ki ailəm, yaxınlarım, dostlarım çəkməyəcəkdi. Mən, əzablı yolu seçdim, təəssüf ki, ənənəvi müxalifətin sırasında kişiliyi, mərdliyi, vicdanı dəyərləndirə biləcək kimsə qalmayıb.

-Buna görə narahatsınız?

-Mən, nə üçün narahat olmalıyam? Qoy, məni mübarizə meydanında tək-tənha buraxanlar narahat olsunlar. Üstümə həqiqətə zərrə qədər uymayan şər-böhtan atıb, tutduranlar narahat olsunlar. Qoy, Böyük Tanrı şər-böhtan danışan, ədalətsiz mövqe sərgiləyən hər kəsin cəzasını özü müəyyənləşdirsin. Alnım hər kəsin qarşısında açıqdır. Millətimin qarşısında hər an hesabat verməyə hazıram.

-İndi Ə.Kərimli ilə münasibəsitiniz gərgindir. Seçkidə alternativ olub, təbliğat marafonunda üz-üzə gələ bilərsinizmi?

-Hardan namizədliyimi verəcəyimi hələ tam qərarlaşdırmamışam. Rəqiblərim sırasında İqbal Ağazadə, Fərəc Quliyev, Ə.Kərimli və qeyriləri də ola bilər. Kiminləsə üz-üzə gəlib, sözümü demək də problem görmürəm. Təbii ki, namizədlər sırasında iqtidar nümayəndələri də olacaq. Bu barədə hələlik danışmaq tezdi mənə. Düşər düşməzmi olar (gülür).

-Nə ola bilər ki?

-Deyəsən 2010-cu ili unutdunuz? Seçkiyə çox az qalmışdı ki, həbs edildim. Hələ mənə tətbiq edilməmiş bilirsiniz nə qədər maddə qalıb? Xuliqanlıq, narkotik, oğurluq… Ölkəmizdə az qala hər kəs adam tutdura və ya tuta bilir. Üzə durmaq üçün növbəyə düzülənlər var. Mənim arzuladığım isə tam başqa cəmiyyətdir. Hər kəsin qanunların aliliyinə hörmətlə yanaşdığı, hər kəsin üzündə daim təbəssüm daşıdığı bir cəmiyyət. İnanıram ki, bu mütləq gerçəkləşəcək. Sadəcə olaraq istək lazımdır. Aşağıdan yuxarı hər kəsin istəyi… İnsanlarda qarşılıqlı bir aqressiya hiss olunur. Bunun səbəbini aramaq lazımdır. Səbəbsiz deyil bu… İnanın ki, ədalət olmayan yerdə insanlıq ölür.

-Müxalifət təşkilatları zaman-zaman bir araya gəlib, müxtəlif qurumlar yaratsalar da, görünən odur ki, həmin qurumların ömrü çox az olur. Necə düşünürsünüz, seçki öncəsi yeni qurum yarana bilərmi?

-İnanın ki, yolu, məqsədi aydın bilinən quruma ciddi ehtiyac var. Köhnələrlə bunu etmək mümkün deyil. Yeni birlik yaranmalıdır. Oyunbaz müxalifətçilik tarixin arxivinə göndərilməlidir. Əlbəttə, bu yalnız o zaman baş verəcək ki, real güclər ortaya çıxacaq.

-Tutaq ki, yeni birlik yarandı, onda həmin birliyin siyasi kursunu necə görürsünüz?

-Əlbəttə, ənənəvi müxalifət kimi 3-4 nəfəri ətrafa yığıb, tələm-tələsik “hakimiyyətə gəlirik” çağırışları etməyin tam əleyhinəyəm. Bilirsiniz niyə?

-Maraqlıdır…

-Çünki onlar dəfələrlə cəmiyyətə siyahı təqdim ediblər ki, guya hakimiyyətə gəlsələr filankəslər nazir kürsülərinə əyləşəcəklər. Bir az keçməmiş məqsədlərinə yetişməmiş “nazir”lər komandası bir-birini didib, parçalamağa girişiblər. Cəmiyyət onları yenidən qəbul edərmi? Və yaxud 2005-ci ildəki “Azadlıq” seçki blokunun siyahısına diqqət yetirin, görün, indi onlar haradadırlar. Hansı qütblərdə dayanıblar. Yoxdur, dəfələrlə qeyd etmişəm və bu gündə deyirəm, hələlik bu iqtidar komandasını əvəz edəcək qüvvə yoxdur.

-Yəni düşünürsünüz ki, bu iqtidar əbədi olmalıdır?

-Əbədi iqtidar olmur. Ancaq bu iqtidarın zamanından ciddi siyasi islahatlar üçün istifadə etmək lazımdır. Qarşılıqlı dümənçilik ənənəsini pozmaq lazımdır. İqtidarla dialoq davam etdirilməli, ölkəni düşündürən, həlli vacib problemlərin çözülməsinə nail olunmalıdır. Yoxsa, Əli Kərimlinin, Ramiz Tağıyevin və yaxud başqalarının prezidentliyi uğrunda mübarizə aparmaqla problemlər çözülməz. Aranı qarışdırmaqla ölkəni bədbəxtliyə sürükləyərik. Düşmənlərimizin istədiyi bu deyilmi? Ölkəmiz ətrafında baş verənlərə ayıq yanaşmaq lazımdır.

-Sizin mövqeyinizdə xaricilərə qarşı aqressivlik hiss olunur. Onlara heçmi inamınız yoxdur?

-Mən ölkəmizin dostlarının çoxalmasını arzu edirəm. Etiraf edirəm ki, ölkə iqtidarı da uzun illərdir ki, bu yönümdə xeyli iş aparıb. Əsas iqtisadi layihələr bu gün Azərbaycanı bəyənməyərək Avropaya yönəlib. Razıyam, bir sıra məsələlərdə çatışmazlıq var. Ancaq, bu əsas vermir ki, Avropa ölkəmizlə hədəylə danışsın. İndiyə qədər şahidi olmusunuz ki, Avropa, ABŞ və bir sıra beynəlxalq təşkilatlar Ermənistanla yüksək tonla danışsınlar? Belə olmur axı…Bura bizim ölkəmizdir, hansı statusda olmağımızdan asılı olmayaraq, Vətənimizdir. Necə düşünürsünüz, Vətəni sevmək üçün mütləq iqtidarda olmaz lazımdır?

-Belə görünür ki, iqtidar da ölkəmizə basqılar edilməsinə əsas verir…

-Təkcə iqtidarmı?! Hamımız əsas veririk. Ermənipərəst Fransa prezidenti Fransua Ollandın qarşısında timsah göz yaşı axıdıb, imdad diləyən, xaricdə oturub Azərbaycan barəsində ağzına gələnləri danışan müxalifət nümayəndələri əsas vermirmi? Mənim mövqeyim belədir, Azərbaycanın bütün problemləri elə Azərbaycanda həll olunmalıdır. Yoxsa Abbas Abbasov, Arif Məmmədov kimi Vətəndən lazımınca yararlandıqdan sonra, xaricilərin qucağında əyləşib, Vətən problemi həll edilərmi? Cəsarət sahibisinizsə, həqiqətən Vətənə xidmət göstərmək istəyirsinizsə, buyurun gəlin.

-Gəlsələr, həbs olunmayacaqlar?

-Həbsdən qorxan onda heç zəhmət çəkib danışmasın. Guya bilmirsiniz ki, onları danışdırırlar. “Milyarderlər İttifaqı”nın digər üzvü Söyün Sadıqov açıqlamadı ki, Abbas Abbasov Azərbaycana prezident olmaq arzusuyla ermənilərlə işbirliyinə baş vurub. Bundan böyük xəyanət olar?

-“Milyarderlər İttifaqı”, “Milli Şura” Rusiyanın layihəsi deyildimi? Bunları bilə-bilə, onda nədən ölkə iqtidarı Rusiyaya isti münasibət bəsləyir?

-Xarici siyasət hədsiz incə məsələdir. Hər şey göründüyü kimi olmur. Hələlik Rusiyanın regiondakı rolu, gücü kifayət qədərdi. Bunu Avropa da, ABŞ-da etiraf edir. Təəssüf ki, müstəqilliyimizi qazandıqdan sonra biz, nə Avropadan, nədə ki ABŞ-dan lazımi qədər siyasi dəstək almamışıq. Baxmayaraq ki, bütün qlobal iqtisadi layihələr onların marağına uyğunlaşdırılıb. Bizim də umduğumuz var axı. “Uman yerdən küsərlər” deyiblər. Azərbaycanın Avropadan, ABŞ-dan narazılığına kifayət qədər səbəblər var.

-Burada Xarici İşlər naziri Elmar Məmmədyarovun günahı yoxdurmu?

-Azərbaycan iqtidarında dəyərli kadrlar az deyil. Bir az obyektiv yanaşsaq, bunu görmək çətin deyil. İqtidarlı, müxalifətli bütün fəaliyyət Vətən, Millət sevgisi uzərində qurulsa, düşünürəm ki, həm daxildə, həm də xaricdə daha böyük uğurlara imza atmaq olar. Diasporlarla iş yarıtmaz qurulub. Ölkəmizin, Millətimizin xaricdə daha ətraflı təqdimatına ehtiyac duyulur.

-Sizcə nələr etmək mümkündür?

Ardı var…
Söhbətləşdi: Nicat Sadiq

LEAVE A REPLY