Şamaxı niyə batır: qiymətdə yanmaq istəyən varsa…

0
4
Bu gün paytaxtda dəhşətli isti yoxdur, əksinə, sərinlik, külək, temperaturun nisbətən aşağı düşməsi müşahidə edilir. Proqnozlara görə, hələ iki gün də belə davam edəcək. Ancaq əlbəttə ki, yay bitməyib və isti havalar hələ qarşıdadır. Ona görə də Bakı sakinləri üçün bu sual yenə də aktualdır: daha ucuz və rahat hansı bölgədə dincəlməli?

Şamaxı – boş qalan səfalı yurd…

İstirahət üçün ən münasib yerlərdən biri də Şamaxı hesab edilir: paytaxta çox yaxındır, cəmi 120 km-dən sonra siz Azərbaycanın ən səfalı istirahət zonalarından sayılan Pirqulu dağ silsiləsinə yönələ bilərsiniz. Çuxuryurd da daxil olmaqla, Pirqulu dağının ta özünə – Şamaxı Rəsədxanasına qədər olan 30 kilometrlik dolayları saymamaq da olar. Çünki o yolu qalxmağın özü belə istirahətdir.

Ancaq nə qədər qəribə də olsa, həm restoranlarda, həm ailəvi istirahət mərkəzlərində Bakıdakı rekord istilər zamanı belə durğunluq müşahidə edilir: barmaqla sayılacaq turist, böyük istirahət mərkəzlərində mürgü döyən heyət…

Əlbəttə, ilk ağıla gələn səbəbdir: necə olur ki, turistlər daha uzaq məsafədə yerləşməsinə rəğmən, məsələn, İsmayıllını, Qəbələni seçməyə daha çox üstünlük verirlər? (Ötən yazımızda İsmayıllı və Qəbələdən yazmışdıq).

Yağışdan çıxıb, yağmura düşmək istəyirsinizsə…

Elə ilk istirahət mərkəzindəcə əslində turistlərin buradan niyə qaçaq düşməsinin səbəbini anlayırsan.

Bu ərazidə heç bir şəraiti olmayan, Azərbaycanın hazırkı iqtisadi inkişafı ilə qətiyyən uyğunlaşmayan, yalnız kölgəlik və sərinlik olduğu üçün “ailəvi istirahət yeri” adı verilən, köhnə dəmir stul və qırıq stullarla qarşılaşdığınız azsaylı yerlərdə cəmi 4 armudu stəkanlıq balaca çaynikdə “sadə çay” 3 manatdan başlayır. Müasir, səliqəli, necə deyərlər, adımıza layiq yerlərdə – məsələn, “Göy qurşağı” istirahət mərkəzində – hətta konfetin qoyulmadığı kəllə kəndli 4 stəkanlı kiçik çaynikli “sadə çay” 7 manatdır. Başqa sözlə, Bakının qorabişirən istisindən qaçmısınızsa və ürəyiniz susuzluqdan yanırsa, iki-üç yoldaşla 2-3 stəkan çaya görə ən azı 21 manat verməlisiniz.

Menyuda göstərilən yeməklər və qiymətlər isə təxminən eynidir: bir toyuğun ümumi supu və ya sacüstü – 16 manat, kabablar 5-7 manat, dana basdırması və kələfur (buğlama) 6-8 manat, kartof lüləsi 4 manat və s.

Bakının adlı-sanlı və müasir restoranları ilə eyni qiymətdir – halbuki burda vergisindən tutmuş işçilərin maaşına və xammalın qiymətinə qədər paytaxtla müqayisədə xeyli ucuzluq var. Buna baxmayaraq, cəmi 3-4 ay sezonu (qazancı) olan bir məkanın sahibini, onun bu yolla illik qazanc əldə etmək istəyini anlaya və Bakı qiymətləri ilə razılaşa bilərsiniz. Amması olmasa…

Zavod çörəyi – 3 manat

Paytaxtla eyni qiyməti bölüşən Şamaxı istirahət mərkəzlərində Bakı ilə qətiyyən uyuşmayan xidmət var. Məsələn, sacüstü gələrsə, “kənd toyuğu”nun təkqıç, “lülə”nin çeçelə barmaq, tikənin bir şişinin 7 manata içdiyiniz armudu stəkanın ta dibinə enəcək həcmdə iki tikədən ibarət olduğunu görə bilərsiniz.

Zavod çörəyinin (təndir çörəyinin səhər yeməyindən sonra bitdiyini çox yerdə eşitmək olar), pomidor və xiyardan ibarət salatların hər birinin, “nəlbəki”də təklif edilən və adətən, Şamaxı ərazisində yerli sakinlərin toyuğa yedirtdiyi şorun 3-4 manatdan hesablandığını görsəniz, təəccüblənməyin: adi qayda hesab edilir.

Kotteclər – od tutub yanır

Azərbaycanın digər istirahət bölgələrindən fərqli olaraq, Şamaxı dağlarında kotteclər həddən artıq azdır. Şamaxının özündə çox müasir və yüksək səviyyədə təmir olunmuş oteldə istirahət üçün ucuz yer axtaran turistin qalmaq imkanları məhduddur. Şamaxı İdman Kompleksində də digər rayonlarımızla müqayisədə, yerlər həddən artıq bahadır.

Şamaxı Rəsədxanasının otel və kottecləri əsasən, AMEA işçilərinə xidmət edir və beləliklə, qalır istirahət mərkəzlərinin otel və kottecləri.

İki otaqlı adına təklif edilən kotteclər (məsələn, Şamaxı Rəsədxanasının yanında yerləşən “Fortuna”da) 60 manatdan, 3 otaqlı adına təklif edilən kotteclər 80 manatdan başlayır – şəraitinə və həftə sonuna görə qiymətlər müvafiq olaraq 80 və 120 manata qalxır.

Niyə görə “iki otaqlı adına təklif edilən” deyə qeyd edirik? Çünki “iki otaqlı” kimi təqdim edilən kotteclər əslində bir ikiadamlıq çarpayı sığan yataq otağından və masa, iki stul və bir də divandan ibarət kiçik qonaq otağından ibarətdir. Divanı açıb, orda da bir nəfərin yata biləcəyini ağlınızdan keçirməyin; 5-6 “ikiotaqlı”da olduq – divanlar elektrik qaynağı ilə elə qaynaqlanıb ki, onları açmaq üçün qırmaq lazımdır. Əksər kotteclərdə isə divan iki adamın otura biləcəyi böyüklükdədir və yatmaq mümkün deyil.

Hətta axşam və səhər yeməyini öz hesabına bu istirahət mərkəzində (“Fortuna” nəzərdə tutulur) yeməyinlə bağlı təklifin belə kotteclərin qiymətinin ucuzlaşması üçün sahibkarın ürəyini “yumşaltmır”.

Maraqlıdır ki, təxminən 40-dan artıq kottecə sahib “Fortuna”da cəmi 5-6 kottecin tutulması, 35-dək kotecin bom-boş qalması sahibkarı narahat etmir: boş qalmasına razıdır, ancaq qiymətlərdə 10 manat güzəşt etmir.

Sahibkarlar doğrudanmı pul qazanmaq istəyir?

Bəzən istirahət mərkəzini işlədən sahibkarların biznes təfəkkürünü və yaxud pul qazanmaq istəyinə şübhə ilə yanaşırsan. Necə ola bilər ki, gecə yarı olmasına baxmayaraq, kotteclərinin 80 faizdən çoxunun boş olmasına razı olur, ancaq 10 manat güzəştə gedib, turist cəlbi və yaxud piarı ilə məşğul olmur?

Administratorların böyük əksəriyyəti bunu mərkəz rəhbərlərinin xüsusi tapşırığı ilə izah edir və gileylənirdilər. Məsələn, “Şirvansaray” istirahət mərkəzində 12 kotecin 10-nun boş olmasına və müştərinin olmamasına rəğmən, ikiotaqlı kotecin 50 manatdan aşağı verilməməsi barədə “müdirin” xüsusi göstəriş verməsindən administrator narazılıq edirdi. “Ağzıgünə” qalmalarına və qəpik sahibi olmamalarına baxmayaraq, niyə sahibkarla daha münasib qiymətlə daha çox turistə xidmət etmək və qazanmaq istəmirlər – olduqca düşündürücüdür.

Bəzi sahibkarlar niyə narazılıq edir?

Rusiyada iqtisadi vəziyyətin pisləşməsi ilə ölkəyə qayıdan və istirahət mərkəzlərinə investisiya yatıran bir neçə sahibkarla da söhbət etmək fürsəti qazandıq. Çox narazıdırlar: Bakıya ən yaxın ərazidə yerləşən turizm bölgəsindən turistlərin qaçaq salınmasına etirazlar edirlər. Bəzi tanınmış məkanların hətta heç bir xidmət göstərmədən, illərdir məşhurlaşan bulaqların üstündə qurduqları boş köşkləri (“bisetka”) bir neçə saatlıq “piknik” üçün ən azı 50 manata kirayə vermələrindən, qiymətləri od qiymətinə qaldırdıqları üçün insanların ciddi narazılığına səbəb olmalarından danışırdılar. müştərinin rəğbətini qazanmaq, qiymətləri digər bölgələrdəki səviyyəyə endirmək üçün çalışsalar da, yeni başladıqları üçün hələ uzun illər çalışmaq gərəkdiyini ürək ağrısı ilə bildirirdilər.

Ona görə də turistlərin böyük əksəri İsmayıllı, Qəbələ-Oğuz və Qubaya üz tutur.

Yeri gəlmişkən…

İllər öncə Şamaxı Rəsədxanası ərazisinin bir hissəsi də yerli bələdiyyənin “döymayan gözlərinə” qurban getmişdi, baxımsızlıq gendən bilinirdi.

İndi Pirqulu pirinin (Pirqulu dağı o bölgədə böyük ziyarətgahdır və yerli əhali spirtli içkidən uzaq durur) düz önündə yerləşən N.Tusi adına Şamaxı Rəsədxanasının ərazisi nəinki geri qaytarılıb, hətta 27 hektardan 33 hektara qaldırılıb, yüksək səviyyədə təmir edilib – həyətindəki bağ-bağatla, təmiz və səliqəli görünüşü ilə ulduzu-ayı seyr etmək istəyən turistlərin ixtiyarındadır.

Bu füsunkar gözəlliyi görmək istəyənlər isə çox azdır – səbəbini yuxarıda qeyd etdik…