Sərdar ƏLİBƏYLİ
“KİMİN OLACAQDIR SON HÖKM, SON QƏRAR ? …”
Yaxud,
“AĞAŞİRİN” havasına oyna(dıl)maq siyasəti
Düz dörd aydı ki, AXCP başda olmaqla Azərbaycanın iqtidarlı- müxalifətli siyasi elitası “Ağaşirin” havasına oyna(dıl)maqdadı. Zatən, mən hələ həbsdən çıxandan bir neçə gün sonra AXCP-nin rəhbərliyinə ümumi dostlarımız vasitəsi ilə, partiyada ciddi parçalanma oyunlarının gedəcəyi barəsində xəbər göndərmişdim. Açığı, indi artıq açıq müstəvidə cərəyan edən bu proseslərin Ağaşirin Tanrıverdioğlu üzərindən aparıla biləcəyini düşünməmişdim. Ayrıca da, artıq qeyd etdiyim kimi “Ağaşirin” havasına oynayanların sırasında özümü heç görmürdüm, indinin özündə də görmürəm. Ancaq bu arada gedən proseslər və oynanan oyunlar məsələyə münasibət bildrmək zərurəti yaratdı.
Ağaşirinin “Yeni Müsavat”da artıq silsilə xarakteri daşıyan müsahibələri və orada səsləndirdiyi faktlar, gətirdiyi arqumentlərin özləri çox şeylərdən xəbər verir. Daha doğrusu, bütün gedişat mənim hələ 4-5 ay öncədən gəldiyim qənaətlərin və aldığım məlumatların birə bir doğru olduğunu təsdiqləyir. Bundan sonrası AXCP rəhbərliyinin, eləcə də müxtəlif maraq və məqsədlər naminə bu oyunlara qoşulanların öz biləcəkləri işdi. Amma diqqətimi çəkən və mənə olduqca maraqlı gələn tamam başqa bir məsələ var burda. Son günlərdə Ağaşirinin şəxsən Sahib Kərimli və onun yanında gəzdirdiyi adamlar tərəfindən fiziki təzyiqlə üzləşməsi, eləcə də AXCP-nin Suraxanı təşkilatında Teymur Kərimli adlı gənc fəalın partiya rəhbərliyini təmsil edənlərin gözləri qarşısında döyülməsi məsələsi mənə bir para məsələlərə münasibət bildirmək üçün zəmin yaratdı. Hamıya bəllidi ki, adətən müxalifətçilərin haradasa olan-olmayan səhv addımları, etdikləri yanlışlıqlar, bəzən həftələrlə, bəzənsə aylarla hakimiyyət mətbuatının və televiziyaların gündəmindən düşmür. Amma bu iki açıq cinayət xarakterli əməllər, hətta Ağaşirin Tanrıverdioğlunun polisə rəsmi müraciəti olmasına baxmayaraq, nədənsə diqqətdən kənarda qalıb. Məsələ yalnız şəxsi və siyasi maraqları olan bir neçə qəzetlərin səhifələrində işıqlandırılır və az-çox sərbəst olan bəzi saytlar məsələni gündəmdə tutmağa çalışırlar. Bu arada kimsə ağlına belə gətirməsin ki, mən Sahib Kərimlinin, yaxud da Teymur Kərimlini döyənlərin həbs olunmamalarından, yaxud da məsuliyyətdən kənarda qalmalarından narahatam. Hətta o qədərini deyim ki, vaxtında xəbər tutsaydım, Ağaşirinin polisə müraciətinə də əngəl olardım. Məsələ tamam ayrı cürdü və söhbət baş verənlərin bambaşqa boyutundan gedir. Özünüz fikir verin, Nemət Pənahlını, Sərdar Əlibəylini, Yadigar Sadıqlını, Seymur Həzini və adını çəkə bilmədiyim mətbu və siyasi aktiv olan neçə-neçə şəxsləri, heç kəsi döymədiyi, heç bir cinayət törətmədiyi halda şərləyərək “xuliqan” qismində həbs etdirən hakimiyyətin və hüquq-mühafizə orqanlarının burada ölü sükut nümayiş etdirməsinin səbəbi nədir görəsən? Həm də o səbəbdən ki, Sahib Kərimli özünün “facebook” statusunda Ağaşirinə şillə vurduğunu etiraf eləyib, Teymur Kərimli də təşkilatın iclasında xeyli insanların gözləri qarşısında döyüldüyünü yazıb. Bu tip məsələlərə kimin necə reaksiya verməsi əlbəttə öz işidi, ancaq mənim düşüncəmə görə burada oynanan bütün oyunların arxasında hakimiyyətin maraqları olmamış deyil. Yəni, demək istədiyim odur ki, lap başından bəri AXCP-nin parçalanmasına, Əli Kərimlinin və yaxın ətrafının partiya rəhbərliyindən uzaqlaşdırılmasına yönəlik bütün hərəkətlər hakimiyyətin içərisində olan mövcud qruplardan, ən azı birinin sifarişi əsasına baş verir. Baş verənlərə hüquq-mühafizə orqanlarının loyal münasibəti və hakimiyyət mətbuatının, həmçinin də televiziyaların susqunluğu da, olub-bitənlərin arxasında dayanan hakimiyyət qrupunun işə müdaxiləsinin nəticəsidir.
Burada bir məsələyə də mütləq münasibət bildirməm lazımdı. Ölklənin tanınmış və çox hörmətli hüquqşunaslarından biri Ağaşirinin döyülməsi məsələsinə haqq qazandıraraq deyir ki, Sahib Kərimli o şilləni vurmaqda haqlıdı. Əslində onun niyə belə deməsinin arxasında çox məqamlar gizlənir, amma mən tək onu deməklə kifayətlənirəm ki, hüquq və siyasət fərqli şeylərdi, o səbəbdən siyasi maraqlar naminə hüququ ayaqlar altına almaq, hansı səbəbdən törədilməsindən aslılı olmayaraq, cinayət əməlinə bəraət qazandırmaq, heç kəsə, həmçinin də tanınmış hüquqşunasa, ömrünü vəkillik peşəsinə həsr etmiş bir şəxsə nə hörmət, nə də baş ucalığı gətirə bilməz.
Başlanmış proseslər və Azərbaycan siyasətinin “Ağaşirin” havasına oyna(dıl)ması isə hələ davam etməkdədi.
“Kimin olacaqdı son hökm, son qərar,
Necə qurtaracaq bu vuruşmalar?!”.
misralarının özündə ehtiva etdiyi ritorik sual burda çox yerinə düşür və hələ də havadan asılı qalmaqdadı.
P.S.
Yazını çapa hazırlayanda məlumat gəldi ki, bəzi saytlar Sahib Kərimlinin 18 saylı polis bölməsinə çağrıldığı barəsində xəbər yayıblar. Bütün hallarda Sahib bəyin tezliklə azadlığa qovuşacağına ümid edir, Allah qapısını açsın deyirəm. Əvvəl də qeyd etdiyim kimi məni istər Sahib Kərimlinin, istərsə də bir başqasının həbs olunmasında qəti marağım yoxdu və marağımda olan gedən proseslər və bu proseslərdə hakimiyyətin, hüquq-mühafizə orqanlarının, eləcə də rəsmi və qeyri-rəsmi təşkilat və qurumların münasibətidi. Başqa sözlə, mən bütün dünyanı Azərbaycan hakimiyyətinə qarşı ikili standartlar tətbiq etməkdə suçlayan dövlət və hökumət qurumlarının mahiyyət və mənaca eyni anlam daşıyan məsələlərə fərqli münasibət bəsləmələrindən narahatam. Burada söhbət ölkənin öz daxilində ikili yox, bəzən üçlü, hətta beşli standartlardan gedir.