Strateq.az bildirir ki, bu sözləri musavat.com-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Rusiyanın işğalçı Ermənistanla birgə hərbi birləşmə yaratması qərarını şərh edərkən bildirib.
Onun sözlərinə görə, Rusiya işğalçı Ermənistanı Azərbaycandan qoruyur:“Ermənistan Azərbaycan torpaqlarını işğal edib və anlayır ki, Azərbaycan müharibəyə başlayacaq. İrəvanın bu müharibədə Azərbaycanla üz-üzə qalıb böyük itkilər verməmək üçün də Rusiyanın yardımına ehtiyacı var və Moskva düşünmədən strateji müttəfiqinə yardım əlini uzadır. Ermənistan Dağlıq Qarabağı əlində saxlamaq naminə Rusiyanın kölə olmasına hazırdır. Bunun qarşılığında isə sözdə birgə qoşun birlikləri Ermənistanı qorumalıdır”.
Ekspert hesab edir ki, istənilən halda birgə qoşun birlikləri Azərbaycanı öz torpaqlarının güc yolu ilə geri qaytarmaq əzmindən əsla çəkindirməməlidir: “Bu mənada Azərbaycan XİN və Müdafiə Nazirliyinin birgə bəyanatına ehtiyac var. Həmin bəyanatda göstərilməlidir ki, Azərbaycan Rusiya-Ermənistan hərbi birliklərinin fəaliyyətini diqqətlə izləyəcək və Moskvadan gözləntisi odur ki, həmin birliklərin Ermənistan sərhədini aşmamasına diqqət yetirsin, əks halda, Azərbaycan da öz müttəfiqləri ilə adekvat addımlar atacaq”.
E.Şahinoğlu şübhə etmir ki, cəbhədəki son təxribat məqsədli xarakter daşıyır: “Bu təxribat da ona hesablanıb ki, biz cavab verək və prosesə Rusiyanı qarışdırsınlar. Biz mütləq cavab verməliyik, yoxsa elə biləcəklər ki, Rusiya-Ermənistan ittifaqı var deyə, işğalçıya təzyiqi azaldacağıq”.
Politoloq Rusiya-Ermənistan hərbi birləşməsinin qarşılığında Azərbaycanın atmalı olduğu digər addımlar barədə də danışdı: “Təcili Türkiyə ilə hərbi ittifaq yaradılması barədə Ankara ilə danışıqlara başlamalıyıq. Başqa alternativimiz yoxdur”.