Neft ucuzlaşır, təyyarə biletləri niyə ucuzlaşmır? –Aviaşirkətlər yanacaq xərclərini sərnişinlərə “yükləyir”

0
5
Avropada KİV-lər  aviaşirkətləri bileti baha satmaqda və yanacaq xərclərini sərnişinlərə “yükləmək”də ittiham edir.

The Telegraph” isə sual edir ki, neft qiymətlərinin düşdüyü halda təyyarə biletləri niyə ucuzlaşmır? Britaniyada kampaniyaçılar hava nəqliyyatı şirkətlərini sərnişinləri “soymaqda” ittiham edirlər. Mühafizəkar millət vəkili Maykl Fabrikant isə belə ittihamlara dəstək verərək bildirib ki, son bir neçə ildə biletlər ümumilikdə azacıq ucuzlaşıb. Lakin bu ucuzlaşma neftin və yanacağın ucuzlaşmasını tam əks etdirmir.

“Sərnişinlərin aviaşirkətlərin onları soyduğunu deməsinə tam əsas var” – deyə siyasətçi vurğulayıb. Onun fikrincə aviasiya şirkətləri neftin ucuzlıaşması nəticəsində əldə etdikləri gəlirləri aviabiletlərin ucuzlaşdırılmasına yönəltmirlər. Neft qiymətləri son üç ildə bir barrel üçün 115 dollardan 50 dollara düşərək 56 faiz ucuzlaşıb. Britaniyanın SkySkanner səyahət şirkəti bildirib ki, 2015-ci ilin iyul ayı ilə bu ilin iyununadək aviaşirkətlər Britaniyadan bütün istiqamətlərə ekonom biletlərinin qiymətini orta hesabla 351 funt sterlinqdən 328 funt sterlinqə endiriblər. Bu, 6, 6 faiz ucuzlaşma deməkdir. Eyni zamanda Britaniyadan Avropa ölkələrinə aviabiletlərin qiyməti 7, 6 faiz ucuzlaşıb.

Cənab Fabricant deyib ki, məsələn Emirates hava yolları şirkətinin təyyarəsi ilə Londondan Sidneyə uçuşun qiyməti 1360 funt sterlinqdir. Bunun 364 funtu biletlərin qiymətinə yanacaq xərclərinə görə əlavə edilib. Millət vəkili nazirləri öz biletlərinin qiymətinə yanacaq xərclərini əlavə edən şirkətləri cəzalandırmağa çağırıb.

TravelSupermarket.com səyahətlər saytından Emma Coulthurst deyib ki, son üç il hava nəqliyyatı sənayesi üçün gəlirlər baxımından ən sərfəli vaxt olub. Neft və yanacaq qiymətlərinin düşməsi nəticəsində hava şirkətləri nəhəng gəlirlər əldə edirlər.

Ekspertin fikrincə neft qiymətləri qalxan kimi aviaşirkətlər biletlərin qiymətini dərhal qaldırırlar. Lakin indi neftin kəskin ucuzlaşdırdığı bir vaxtda biletlərini ucuzlaşdırmağa tələsmirlər.

Emma Coulthurst aviaşirkətlərin təyyarə biletlərinin qiymətlərinə yanacaq xərclərini yükləməsini yolverilməz hesab edir və deyir ki, həm də bunu əsasən iri hava şirkətləri edirlər.

Lufthansa şirkəti isə bildirib ki, o yanacaq xərclərinin bilet qiymətlərinə əlavə edilməsi praktikasını 2 il əvvəl dayandırıb və sərnişinlıər “onun çox rəqabətli bilet qiymətlərindən” faydalanırlar.

British Airways şirkəti də bildirir ki, onun bilet qiymətləri yanacaq qiymətlərinə bağlı deyil.

Bununla belə, Emirates şirkəti sorğulara cavab verməkdən boyun qaçırıb. (BBC)