Bəyaz təbəssümə nail olmağın təbii üsulları

0
4

Hər gün qəbul etdiyimiz qidalar dişlərin saralmasına və “cəzbedici təbəssüm”ün itməsinə səbəb olur.

Dişlərinizin daha parlaq görünməsini istəyirsinizsə, süni, kimyəvi vasitələrdən əlavə, təbii ağardıcılardan da istifadə edə bilərsiniz.

Azertag.az “bəyaz təbəssüm”ün sirlərini təqdim edir.

Çay sodası məlum olan ən populyar dişağartma metodudur. Dişləri ağartmaqla yanaşı, kariyesi təmizləyir, ağız boşluğundakı bakteriya və digər zərərli mikroorqanizmləri məhv edir.

Süfrə duzu soda qədər olmasa da, dişağardıcılardan sayılır. Antibakterial xüsusiyyətlərə malik olduğundan dildəki zərərli mikroorqanizmləri öldürür.

Qliserinin antibakterial təsiri çox güclüdür. Bakteriyaların çox olduğu yerə bir damcı qliserin damızdırmaq onları məhv etməyə kifayət edir.

Banan qabığı maqnezium kimi faydalı elementlərlə zəngindir. Bununla yanaşı, bəyaz dişlərə sahib olma vasitəsi kimi də yararlıdır. Bunun üçün banan qabığının iç tərəfi ilə dişlər sürtülür və ağız yenidən yaxalanır.

Dişləri ağartmaq üçün bəzi məhlulları da ev şəraitində hazırlamaq mümkündür.

Bir çay qaşığı soda bir çimdik duzla qarışdırılır, üzərinə bir neçə damcı sirkə turşusu əlavə edilir. Alınmış məhlulla dişlər sürtülür.

Üç faizli hidrogen-peroksid, 1 çay qaşığı soda, 2 çay qaşığı su qarışdırılır və dişlər həftədə 2-3 dəfə həmin məhlulla sürtülür. Yalnız altı ay ara verdikdən sonra proseduru yenidən təkrarlamaq olar.

Stəkanın üçdəbir hissəsinə alma sirkəsi, qalanına su əlavə edin və ağzınızı alınan məhlulla yaxalayın. Həmin qarışıq həm dişlərinizi ağardacaq, həm də diş ətinizi möhkəmləndirəcək.

Çiyələyin xalq təbabətində şəfaverici dərman kimi istifadəsi çoxlarına məlumdur. Lakin həmin meyvənin qanaxmanı dayandırmasını və diş diblərinin möhkəmlənməsinə müsbət təsir etdiyini hər kəs bilmir. Çay sodası və çiyələyin qarışığından alınan məhlul vasitəsilə dişlərdəki şərab və qəhvə ləkələrini aparmaq mümkündür.