Hansı ölkələrdə pulsuz mənzil paylanır? –SİYAHI VƏ ŞƏRTLƏR

0
4
Xarici ölkədə mənzil sahibi olmağı hamı arzulasa da çox az adam buna nail ola bilir. Lakin elə ölkələr var ki, burada mənzili faktiki olaraq pulsuz əldə etmək olar.

Səyyah.az  pulsuz və güzəştli mənzillərin verildiyi ölkələri və şərtləri təqdim edir.

İtaliya

İtaliyada Milan və ya Romaya gedib pulsuz mənzil almaq çətin ki, alınsın. Amma Qanci şəhərində – Siciliyadakı kiçik italyan icmasında bu mümkündür. Buradakı həyat İtaliyanın iri şəhərlərindən kökündən fərqlənir, regionun sahəsi cəmi 127 kvadrat kilometr, əhalisi cəmi 7500 nəfərdir.

Əhalinin azalması problemi ilə üzləşən yerli hakimiyyət, şəhərdəki evləri pulsuz paylamağa hazırdır. Bir şərtlə ki, yeni sahibləri bu mənzilləri hotellərə çevirsinlər.

Şəhərdəki evlərin böyük hissəsi korlanmağa başlayıb, ona görə də hökumət tələb qoyub ki, evlərin yeni sahibləri bir il ərzində onların yenidən qurulması planını təqdim etməli, 3 il ərzində isə təmiri başa vurmalıdırlar.

Nəticədə tamamilə dağılmış evi pulsuz, ciddi təmirə ehtiyacı olmayan evi isə cəmi 100 dollar ödəməklə almaq olar.

Yeri gəlmişkən, İtaliyada təkcə mənzilə deyil, bütöv qəsrə də pulsuz sahib olmaq mümkündür. Hökumətin turizm planının əsas istiqamətlərindən biri ölkəyə gələn turistləri Venesiya və başqa mərkəzi şəhərlərdən ölkənin digər ərazilərinə yönəltməkdir. Nəticədə arzulayanlar İtaliya ərazisində 103 qədim qəsr və evlərə sahib ola bilərlər.

Bir şərtlə ki, qəsrlərin yeni sahibləri onların yenidən qurularaq turizm obyektinə çevrilməsinin planını təqdim etsinlər. Bu qəsrləri hotelə, restorana və ya turistləri cəlb edəcək istənilən obyektə çevirmək lazımdır.

Hökumət ümid edir ki, bu proqram regionlarda turizmin inkişafına təsir edəcək. Obyektlərin yeni sahibləri onlar üzərində 9 illik mülkiyyət hüququ qazanacaq və istəsə bu müddəti yenidən uzada biləcək. Daha maraqlı ideyalar verən şəxslər qəsrlərə 50 il sahiblik edəcəklər.

Fransa

Fransanın Rube icmasında “1 avroya ev” aksiyası keçirilir. Bu – Belçika ilə sərhəddə, Lill şəhərindən 11 kilometr məsafədə yerləşən kiçik şəhərdir. 95 min əhalisi olan Rube şəhəri Paris, Bordo və ya Tuluza kimi gözəl deyil (ən çox da ona görə ki, bu şəhər İkinci Dünya Müharibəsində bombardmanlara ən çox məruz qalan şəhərdir, üstəlik, son illər şəhərdə sənaye geriləyir).

Amma deyəsən, bu hal müvəqqətidir – məhz vəziyyəti düzəltmək üçün şəhər rəhbərliyi boş evləri pulsuz satmağı qərara alıb. Onlar bu addımla şəhərin atılmış və boş qalan rayonlarını canlandırmaq istəyirlər. Təmir işlərini yeni sahib öz pulu ilə aparmalıdır, digər şərt isə ondan ibarətdir ki, bu qayda ilə alınan evləri 5 il satmaq olmaz.

Böyük Britaniya

Britaniyada cəmi 1 funt sterlinqə də məskunlaşmaq mümkündür. Belə böyük səxavətin səbəbi odur ki, ölkədə 100 minlərlə ev boş qalıb. Empty Homes (Boş Evlər) təşkilatının rəhbəri Mark Heminqueyin sözlərinə görə, ölkədə 600 min ev boşdur. Ona görə də, kimsə həmin evlərə yeni həyat bəxş etmək istəsə (eləcə də, onların xarici görünüşünü qaydaya salsa) yerli hökumət buna yalnız şad olacaq.

Pulsuz evləri məsələn Liverpulda almaq olar. Amma bəzi şərtlər var. Bu ev onu alan şəxsin ilk daşınmaz əmlakı olmalıdır. Yəni onu alan şəxsin indiyədək başqa evi olmamalıdır. Bundan başqa, pulsuz evə yalnız Britaniyada yaşamaq və ya işləmək icazəsi olanlar iddia edə bilər.

Evləri paylayanda isə uşaqları olanlara, kredit tarixçəsi yaxşı olanlara, eləcə də evin təmiri üçün imkanı olanlara üstünlük veriləcək. Çünki istənilən halda evlərə əl gəzdirmək tələb olunur. Bəzi evlərdə santexnika və elektrik avadanlıqları yoxdur. Nəticədə bəzi evlərin yenidən qurulması xərci 60 min funta kimi arta bilər, amma bu məbləğ Britaniyada əmlakların satış qiyməti ilə müqayisədə qat-qat aşağıdır.

Oxşar təklifləri Kobricdə də tapmaq olar. Amma 1 funta ev alanlar, gələcəkdə 30 minə qədər pul ödəməli olacaqlar. Bu vəsait evin təmirinə sərf edilməlidir.

Pitkern adası, Britaniya

Kimsəsiz, uzaq adada yaşamaq istəyənlər öz arzularını Böyük Britaniyanın Pitkern adasına getməklə reallaşdıra bilərlər. Vulkanik mənşəli 5 adadan yalnız biri məskunlaşıb. Cəmi 49 nəfərin yaşadığı adanın sahəsi 40 kvadrat kilometrdir. Pitkern adasına turist marağının az olması hökuməti belə plan qurmağa vadar edib.

Plana görə, miqrantlar adada pulsuz torpaq ala bilərlər – bir şərtlə ki, burada ev tikib turistlərə icarəyə versinlər. Adada səyahətçilər çox olmadığına görə, ev sahibi ilin böyük hissəsini öz evində rahat yaşaya bilər. Adada elektrik, yüksək sürətli internet, mağaza, kitabxana, tibbi mərkəz, hətta məktəbəqədər uşaqlar üçün pulsuz bağça var.